Accessibility links

Martın 19-da Rüfət Səfərovun apellyasiya şikayətinə ilkin baxış olacaq


Rüfət Səfərov
Rüfət Səfərov

Martın 19-da saat 12.30-da Bakı Apellyasiya Məhkəməsində keçmiş müstəntiq Rüfət Səfərovun Xəzər rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə ilkin baxış olacaq. Rüfət Səfərov məhkəmədə iştirak edəcək. Bu barədə Səfərovun facebook səhifəsində onun anası Tahirə Tahirqızı məlumat yayıb.

Keçmiş müstəntiq Rüfət Səfərov parlamentin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. E.Sabiroğlu 2015-ci ildə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt çıxışlar edib. Həmin ilin dekabrında Rüfət Səfərov qanunçuluğu pozmasına və hüquq-mühafizə orqanlarının pis işinə görə hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından istefa verdiyini bəyan edib.

Öz növbəsində prokurorluq bəyan edib ki, R.Səfərov “prokurorluq işçisinə yaraşmayan hərəkətə” görə işdən çıxarılıb.

Rüfət Səfərovun bəyanatı
Rüfət Səfərovun bəyanatı

2016-cı il yanvarın 15-də R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. R.Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib. O, ev dustaqlığı dövründə də əvvəlki fikirlərindən geri çəkilməyib, iqtidarı tənqid edən bəyanatlarını davam etdirib.

Keçmiş müstəntiq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2016-cı ilin sentyabrında 9 il azadlıqdan məhrum olunub. Elə məhkəmə zalında da həbs edilib.

9 saylı Cəzaçəkmə Müəssisində saxlanılan Rüfət Səfərov jurnalist və hüquq müdafiəçisi Cavid Şirəliyevlə birgə 2017-cı il sentyabrın 21-də cəzaçəkmə müəssisəsindəki qanunsuzluqlara etiraz olaraq qeyri-müəyyən müddətə aclığa başlayıb. Səfərov sentyabrın 22-də işgəncəyə məruz qaldığını bildirib.

O cəzaçəkmə müəssisəsində saxlanıldığı müddətdə bir neçə dəfə cərimə kamerasına salınıb. Eyni zamanda Səfərovun ailəsi dəfələrlə oğullarının həyatının təhlükədə olması barədə ictimaiyyətə və hökumətə müraciətlər edib.

Vəkili Bəhruz Bayramov bildirib ki, R.Səfərov 9 saylı Cəzaçəkmə Müəssisəsinin rəis müavinin iştirakı ilə sentyabrın 22-də işgəncəyə məruz qalıb.

"Həmin vaxt yaxınları və vəkilləri onunla görüşməyə cəhd etsə də, buna icazə verilməyib. Görüş yalnız sentyabrın 26-da baş tutub. Həmin vaxt R.Səfərov vəkilinə ona zor tətbiq edilməsi - qolunun bağlanması, işgəncə verilməsi barədə məlumat verib", Bayramov qeyd edib.

Bundan sonra vəkil Bəhruz Bayramov işgəncə faktının araşdırılması üçün prokurorluğa müraciət edib. Xəzər rayon Məhkəməsi Rüfət Səfərovun işgəncəyə məruz qalmaması ilə bağlı qərar qəbul edib. Səfərov məhkəmənin qərarından apellyasiya şikayəti verib.

XS
SM
MD
LG