Accessibility links

Apellyasiya Məhkəməsi Rüfət Səfərovun şikayətini təmin etməyib [Video]


Martın 19-da Bakı Apellyasiya Məhkəməsi hakim Qədim Babayevin sədrliyi ilə keçmiş müstəntiq Rüfət Səfərovun apellyasiya şikayətini təmin etməyib. Məhkəmə qapalı keçirilib.

Məhkəmə Xəzər Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Ötən ilin sentyabrında Rüfət Səfərov 9 saylı cəzaçəkmə müəssisəsində işgəncəyə məruz qaldığından Xəzər rayon prokurorluğuna şikayət verib. Prokurorluğun işgəncə faktının olmaması ilə bağlı qərarından verilmiş şikayət Xəzər rayon Məhkəməsində də araşdırılmadan Rüfət Səfərovun iddiası təmin edilməyib.

Rüfət Səfərovun vəkili Bəhruz Bayramov Bakı Apellyasiya Məhkəməsinin bugünkü qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyini bildirib. Vəkilin sözlərinə görə, Səfərovun işgəncəyə məruz qalmasını Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi də müəyyən edib. Ombudsmanın nümayəndəsi işgəncəyə məruz qalandan sonra onunla görüşüb.

“Bu səbəbdən Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsinin, Ombudsmanın nümayəndəsinin məhkəməyə dəvət edilməsi, cəzaçəkmə müəssisəsinin rəis müavinin dindirilməsi, müəssisəyə giriş kitabına baxış keçirilməsi və müəssisənin müşahidə kamerasının görüntülərinin təqdim edilməsi barədə vəsatətlər qaldırdım. Amma hakim vəsatətlərin heç birini təmin etmədi”, o, Amerikanın Səsinə deyib.

Rüfət Səfərov işgəncəyə məruz qalmasının səbəbləri barədə məhkəmədə çıxış edib.

“O bildirdi ki, cəzaçəkmə müəssisəsinə gələndən sonra üç dəfə cərimə kamerasına salınıb. Ona qarşı münasibət yaxşı olmayıb. Bir məhbus bıçaqla ona hücum çəkib. Bütün bunlarla bağlı şikayətlər etməsinə baxmayaraq tədbir görülməyib. Bundan sonra aclıq aksiyasına başlayıb. Aclıq edəndən sonra isə yenidən fiziki işgəncəyə məruz qalıb. Səfərov cəzaçəkmə müəssisəsində ona qarşı qeyri-insani davranışın mediada tənqidi çıxışları ilə bağlı olduğunu məhkəmə heyətinin diqqətinə çatdırdı”, Bayramov bildirib.

Bugünkü məhkəmə prosesində keçmiş müstəntiqə dəstək üçün siyasi və ictimai fəallar apellyasiya məhkəməsinə gəlib. Lakin son anda məhkəmənin qapalı keçirildiyi bildirilərək heç kəs məhkəmə zalına buraxılmayıb.

Keçmiş müstəntiq Rüfət Səfərov parlamentin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. E.Sabiroğlu 2015-ci ildə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt çıxışlar edib. Həmin ilin dekabrında Rüfət Səfərov qanunçuluğu pozmasına və hüquq-mühafizə orqanlarının pis işinə görə hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından istefa verdiyini bəyan edib.

Öz növbəsində prokurorluq bəyan edib ki, R.Səfərov “prokurorluq işçisinə yaraşmayan hərəkətə” görə işdən çıxarılıb.

2016-cı il yanvarın 15-də R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. R.Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib. O, ev dustaqlığı dövründə də əvvəlki fikirlərindən geri çəkilməyib, iqtidarı tənqid edən bəyanatlarını davam etdirib.

Keçmiş müstəntiq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2016-cı ilin sentyabrında 9 il azadlıqdan məhrum olunub. Elə məhkəmə zalında da həbs edilib.

9 saylı Cəzaçəkmə Müəssisində saxlanılan Rüfət Səfərov jurnalist və hüquq müdafiəçisi Cavid Şirəliyevlə birgə 2017-cı il sentyabrın 21-də cəzaçəkmə müəssisəsindəki qanunsuzluqlara etiraz olaraq qeyri-müəyyən müddətə aclığa başlayıb. Səfərov sentyabrın 22-də işgəncəyə məruz qaldığını bildirib.

O, cəzaçəkmə müəssisəsində saxlandığı müddətdə bir neçə dəfə cərimə kamerasına salınıb. Eyni zamanda Səfərovun ailəsi dəfələrlə oğullarının həyatının təhlükədə olması barədə ictimaiyyətə və hökumətə müraciətlər edib.

Vəkili Bəhruz Bayramov bildirib ki, R.Səfərov 9 saylı Cəzaçəkmə Müəssisəsinin rəis müavinin iştirakı ilə sentyabrın 22-də işgəncəyə məruz qalıb.

"Həmin vaxt yaxınları və vəkilləri onunla görüşməyə cəhd etsə də, buna icazə verilməyib. Görüş yalnız sentyabrın 26-da baş tutub. Həmin vaxt R.Səfərov vəkilinə ona zor tətbiq edilməsi - qolunun bağlanması, işgəncə verilməsi barədə məlumat verib", Bayramov qeyd edib.

Bundan sonra vəkil Bəhruz Bayramov işgəncə faktının araşdırılması üçün prokurorluğa müraciət edib. Xəzər rayon Məhkəməsi Rüfət Səfərovun işgəncəyə məruz qalmaması ilə bağlı prokuroluğun qərarını qüvvədə saxlayıb. Səfərov məhkəmənin qərarından apellyasiya şikayəti verib.

XS
SM
MD
LG