Accessibility links

"Çudo Peçka"nın sahibi 12 il müddətinə azadlıqdan məhrum edilib


Avqustun 9-da Bakı Ağır Cinayətlər Məhkəməsi “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun 12 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179 (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirli hesab olunub. Həmçinin Ç.Cəlilovun əmlakı müsadirə edilib.

Ç.Cəlilov “Bank Standard”ın İdarə Heyətinin sabiq sədri, hazırda axtarışda olan Kriman Səlim Eldaroviçlə birlikdə bankın 13 milyon 962 min manat vəsaitini mənimsəyib öz aralarında bölməkdə ittiham olunur.

Lakin Ç.Cəlilov ittihamı qəbul etmir, düşdüyü vəziyyətə görə S.Krimanı günahlandırır. Bildirir ki. S.Kriman onu aldadıb, pulları da özü mənimsəyib. Ç.Cəlilovun sözlərinə görə, onun yaxınlarının adına rəsmiləşdirilmiş kreditlərin çoxu ona gəlib çatmayıb.

Ç.Cəlilov məhkəmədə bildirib ki, bankın gerçək sahibi keçmiş iqtisadi inkişaf naziri Heydər Babayev və yaxınları idi. İş adamı baş verənlərə görə həm də onları günahlandırıb.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında Ç.Cəlilovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Prokurorluğun rəsmi məlumatına görə, Ç.Cəlilov 2016-cı ilin sentyabrında lisenziyası ləğv edilən "Bank Standard"in təxminən 14 milyon manatını bankın İdarə Heyətinin sədri olmuş Səlim Krimanla əlbir olub mənimsəməkdə suçlanır. İş materiallarında yazılıb ki, o, S.Krimanla razılaşıb, dəyəri şişirdilmiş əmlaklar girov qoyaraq "Bank Standard"dan 21 milyon 874 manat kredit götürüb.

Sonra da bir neçə dəfə restrukturizasiya (kredit və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirib. Son nəticədə 13 milyon 962 min manat mənimsənilib. İddia olunur ki, bu pul Cəlilovla Kriman arasında bölüşdürülüb.

Bank bu iş üzrə zərərçəkmiş qismində tanınıb və dəymiş ziyanın ödənilməsi üçün mülki iddia qaldırıb.

Məhkəmə dəymiş ziyanın ödənilməsi məqsədilə Ç.Cəlilov və yaxınlarının adlarına olan bir sıra əmlakların müsadirəsinə qərar verib. Ç.Cəlilov həbs olunarkən onun və ailə üzvlərinin adına olan 7 milyon 300 min manatlıq əmlakın üzərinə həbs qoyulub.

S.Kriman da 41 epizod üzrə təqsirli bilinərək, barəsində axtarış qərarı çıxarılıb. O, banka 114 milyon 757 min manat ziyan vurmaqda ittiham olunur.

XS
SM
MD
LG