Accessibility links

Müsavat fəalının həbs müddəti 5 ildən 4 il yarıma endirilib


Əlikram Xurşidov

Müsavat Partiyası Şirvan şəhər təşkilatının sədri Əlikram Xurşudovun həbs cəzası azladılıb. Bu barədə vəkil Osman Kazımov bildirib.

Onun sözlərinə görə Əlikram Xurşudovun şikayətinə avqustun 30-da Şirvan Apellyasiya Məhkəməsində baxılıb.

"Əlikram Xurşudovun cəza müddəti 5 ildən 4 il 6 aya endirilib. Hesab edirəm ki, bu addım ölkədə müstəqil məhkəmə olması görüntüsü yaratmaq və həbsin siyasi motivli olmasını arxa plana keçirmək cəhdidir və hesab etmirəm ki, bu qərar ədalətlidir", vəkil qeyd edib.

Əlikram Xurşudov 2017-ci il noyabrın 22-də saxlanıb. Noyabrın 24-də məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3 (xuliqanlıq) maddələri ilə ittiham elan edilib. Sonradan isə 315.2 maddə (Hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmə) üzrə ittiham verilib.

2018-ci il mayın 4-də Şirvan Şəhər Məhkəməsi Xurşudova 5 il həbs cəzası verib.

Müsavat Partiyası həbsin siyasi motivli olduğunu bildirib.

“Əlikram Xurşudov saxlanmazdan əvvəl özünün Facebook səhifəsində Şirvan şəhərində vətəndaşların inzibati üsullarla Yeni Azərbaycan Partiyasına (YAP) üzv yazdırılması haqda status paylaşıb”, partiya fəalının həbsinə həmin statusun səbəb olduğunu iddia edir.

Ancaq rəsmilər ölkədə siyasi motivli həbslərin olması fikrini qəbul etmir.

XS
SM
MD
LG