Accessibility links

Bakı Apellyasiya Məhkəməsində Mehman Hüseynovun şikayətinə ilkin baxış olub [Video]


Bakı Apellyasiya Məhkəməsində Mehman Hüseynovun şikayətinə ilkin baxış olub
please wait

No media source currently available

0:00 0:03:42 0:00

Bloger vaxından əvvəl şərti azadlığa buraxılmasını istəyir

Oktyabrın 10-da Bakı Apellyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə bloger Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılmasının təmin edilməməsi barədə Qaradağ rayon Məhkəməsinin qərarından verdiyi şikayətə ilkin baxış olub. Məhkəmə baxışı oktyabrın 17-nə təyin edilib

Mehman Hüseynov iki illik cəzasının bir il yarımından çoxunu çəkib. Bu səbəbdən vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı Qaradağ Rayon Məhkəməsinə müraciət edib. Avqustun 24-də məhkəmə blogerin saxlanıldığı 14 Saylı Cəzaçəkmə Müəssisəsində olub və müraciət təmin edilməyib. Məhkəmə səbəb kimi cəzaçəkmə müəssisəsinin Hüseynov barəsində mənfi rəy verməsini göstərib.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib. Bloğer həbsindən iki ay öncə saxlanılarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.

Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlasa da, Ali Məhkəmə blogerin kassasiya şikayətini qismən təmin edərək, işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb. Bakı Apellyasiya Məhkəməsi isə bloger barəsində aşağı məhkəmənin hökmünü yenidən qüvvədə saxlayıb. Sonradan bir daha bu işə baxan Ali Məhkəmə bu dəfə apellyasiya məhkəməsinin qərarını haqlı sayıb.

Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Onun videoları geniş rezonans doğurub, yüz minlərlə insan tərəfindən izlənilib. Bloger həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Bugünkü məhkəmədə vəkil Şəhla Hümbətova vəsatət qaldırıb ki, Mehman Hüseynov haqqında mənfi rəy vermiş cəzaçəkmə müəssisəsinin əməkdaşı Təbriz Əzizov məhkəmədə dindirilsin. Hakim vəsatəti təmin etməyib.

Şəhla Hümbətova məhkəmədən sonra bildirib ki, blogerə qarşı psixoloji təzyiqlər var.

Məhkəmə iclasını izləyən Milli Şuranın sədri Cəmil Həsənli hesab edir ki, hökumət korrupsiyaya qarşı mübarizədə Mehman Hüsenyovun videolarından istifadə etməlidir.

"Amma blogerin mülklərini çəkdiyi korrupsionerləri deyil, dünyanın ən düzgün adamı olan Mehmanı həbs edirlər", o qeyd edib.

Öz növbəsində Azərbaycan rəsmiləri ölkədə fundamental azadlıqların, o cümlədən söz azadlığının tam təmin edildiyini bildirir. Rəsmi Bakı insanların qanun qarşısında bərabər olduğunu, jurnalistlərin və blogerlərin fəaliyyətinə görə həbs edilmədiyini deyir.

XS
SM
MD
LG