Oktyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi hakim Elşad Şamayevin sədrliyi ilə bloger Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılmasının təmin edilməməsi barədə Qaradağ rayon Məhkəməsinin qərarından verdiyi şikayəti təmin etməyib. Məhkəmədə Mehman Hüseynovun özü də iştirak edib. Zalda olanlar blogeri alqışlarla qarşılayıb.
Məhkəmə zamanı bloger şüşə kamerada oturdulmayıb.
Mehman Hüseynov iki illik cəzasının bir il yeddi ayından çoxunu çəkib. Bu səbəbdən vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı Qaradağ Rayon Məhkəməsinə müraciət edib. Avqustun 24-də məhkəmə blogerin saxlanıldığı 14 Saylı Cəzaçəkmə Müəssisəsində olub və müraciət təmin edilməyib. Məhkəmə səbəb kimi cəzaçəkmə müəssisəsinin Hüseynov barəsində mənfi rəy verməsini göstərib.
Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib. Bloğer həbsindən iki ay öncə saxlanılarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.
Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlasa da, Ali Məhkəmə blogerin kassasiya şikayətini qismən təmin edərək, işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb. Bakı Apellyasiya Məhkəməsi isə bloger barəsində aşağı məhkəmənin hökmünü yenidən qüvvədə saxlayıb. Sonradan bir daha bu işə baxan Ali Məhkəmə bu dəfə apellyasiya məhkəməsinin qərarını haqlı sayıb.
Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Onun videoları geniş rezonans doğurub, yüz minlərlə insan tərəfindən izlənilib. Bloger həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.
Bugünki məhkəmədə vəkil Fuad Ağayev bildirib ki, blogerin iki illik həbs müddətinin bitməsinə cəmi 4 ay 20 gün qalıb.
“Onun həbsinin əsaslarına toxunamadan bildirirəm ki, bloger nə ağır, nə də xüsusilə ağır cinayətdə ittiham edilməyib. Onun vaxtından əvvəl həbsdən azad edilməsi hüququdur və bu təmin edilməlidir. Bloger həbsdə olarkən anası vəfat edib. Qardaşlarından biri xarici ölkədə yaşayır, digəri isə xidmətdədir. Mehman Hüseynov hazırda tək yaşayan atasının yanında olmalıdır”, vəkil qeyd edib.
Vəkil Hüseynov barədə cəzaçəkmə müəssisəsinin mənfi rəyindən danışarkən deyib ki, rəydə blogerin özfəaliyyət dərnəyinin işində, ictimai işlərdə iştirak etmədiyi yazılıb.
“Qanunvericilikdə özfəaliyyətdə, ictimai tədbirlərdə işrirak etmək məhkumların hüquq və vəzifələrinə aid edilməyib. Bəlkə Mehmanın “səsi” yoxdur, o mütləq xorda oxumalıdır? Amma qanunvericiliyə və Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə (Ədalətli məhkəmə araşdırılması hüququ) görə vaxtından əvvəl həbsdən azad edilmək məhkumun hüququdur”, vəkil qeyd edib.
Mehman Hüseynov deyib ki, həbs müddətində onun daxili intizam qaydalarını pozması halları olmayıb.
“Mən heç zaman cərimə təcridxanasına salınmamışam, cəzçəkmə müəssisəsinin rəhbərliyi tətəfindən tənbeh edilməmişəm. Məhkumlarla və cəzaçəkmə müəssisəsinin əməkdaşları ilə münasibətlərim yaxşısıdır, hətta deyərdim çox yaxşıdır. İctimai tədbirlərdə iştirakıma gəlincə müəssisədə mindən çox məhbus saxlanılır, klub isə cəmi 100-150 nəfər tutur. İctimai tədbirlərə, konsertlərə qatılmamağımın səbəbi yerin az olması ilə bağlıdır. Çünki mən o tipli tədbirlərdə çox iştirak etmişəm. Bu səbəbdən ehtiyacı olanların iştirak etməsi üçün həmin tədbirlərə qatılmıram. Müəssisənin abadlaşdırılması məsələsində isə 14 saylı Cəzaçəkmə Müəssisəsi daş və tozdan ibarət yerdə yerləşir. Orada ağac tingi əksən, ting dilə gələr ki “yazıq deyiləm” məni burada əkirsən. Çünki bu susuz, çöllük ərazidə bitki bitmir", o qeyd edib.
Hüseynov hakimin şikayət ərizəsində günahsız olması ilə bağlı yazdığı barədə sualının cavabında deyib:
"Əlbəttə günahsızam. Məni sifariş əsasında böhtanla tutublar. Həbsim peşə fəaliyyətimlə bağlıdır. Amma, bu məsələnin indiki məhkəməyə aidiyyatı yoxdur. Mən tək qalmış atamla birgə olmaq üçün vaxtından əvvəl azad edilməyimlə bağlı müraciət etmişəm”, o qeyd edib.
Prokuror Cövdər Mehrəliyev apellyasiya şikayətinin təmin edilməməsini, Qaradağ rayon Məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş edib.
Beləliklə Bakı Apellyasiya Məhkəməsi Qaradağ rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Vəkil Fuad Ağayev qərardan kassasiya şikayəti verəcəyini bildirib.