Accessibility links

Mehman Əliyev: Koronavirusla bağlı bütün məlumatları Operativ Qərargah yaymalıdır


Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsinə müsahibəsində koronavirusa qarşı mübarizə ilə bağlı aparılan işlərdən və informasiya təminatından danışıb.

Amerikanın Səsi: Müşahidələr göstərdi ki, koronavirus pandemiyası qlobal miqyasda əhalinin sağlamlığına təhlükələrlə yanaşı böyük sosial problemlər də yaradıb. Bu mənada Azərbaycan da istisna deyil. Bu fəsadları necə dəyərləndirərdiniz?

Qeyri-leqal məşğulluq bazarın təxminən 60-70 faizini əhatə edir.

Mehman Əliyev: Birinci növbədə qeyd eləmək lazımdır ki, bizdə xeyli sektorlarda işlər dayandırılıb. İnsanlar demək olar ki, məzuniyyətə göndərilib. Əksər hallarda bizdə fərdi işlə məşğul olanların sayı çoxdur. Leqal bazar var, qeyri-leqal bazar var. Ümumiyyətlə, qiymətləndirilir ki, qeyri-leqal məşğulluq bazarın təxminən 60-70 faizini əhatə edir. Onu nəzərə almaq lazımdır ki, insanlar fərdi qaydada çox çalışır və onlar bu gün çox böyük əziyyət çəkirlər. Əslində, çox ciddi sosial problemlər formalaşır. Çünki gündəlik gəlirləri birbaşa onların fəaliyyətindən aslıdır. Fəaliyyət isə bu gün yoxdur.

Mehman Əliyev: Koronavirusla bağlı bütün məlumatları Operativ Qərargah yaymalıdır
please wait

No media source currently available

0:00 0:08:08 0:00

Amerikanın Səsi: Əhalinin sosial müdafiəsi üçün hökumətin gördüyü tədbirləri qənaətbəxş hesab etmək olarmı?

Birinci növbədə daha çox əziyyət çəkən insanlara yardımlar olmalı idi, o yoxdur.

Mehman Əliyev: Yox, mən qənaətbəxş hesab etmirəm. Məsələn, mən bir misal çəkim, 2010-cu ildə Kür daşqını oldu və ona hakimiyyət 1 milyard dollara qədər vəsait ayırmışdı. Onun təxminən 100 milyonu getmişdi evlərin tikilməsinə, bəzi bəndlərin möhkəmləndirilməsinə və pulun bir hissəsi getmişdi əhalinin sosial dəstəyinə və yardımlar olmuşdu. Hər bir şəxsə vəsaitlər verilmişdi. O zaman, bu, kifayət qədər operativ olmuşdu. Bugünkü gündə mən görürəm ki, belə bir addımlar atılmır. Mən birinici suala cavab olaraq qeyd eləmişdim ki, problem var. Ona görə də birinci növbədə həmin daha çox əziyyət çəkən insanlara, əlbəttə ki, yardımlar olmalı idi, o yoxdur.

Amerikanın Səsi: Azərbaycanın idarəetmə sistemi böhran şəraitində nə dərəcədə effektiv fəaliyyət göstərir?

Necə ola bilər ki, indiyə qədər maska problemi həll olunmayıb. Azərbaycanda dezinfeksiya tədbirləri kifayət qədər əhatəli deyil.

Mehman Əliyev: Effektiv fəaliyyəti mənfi qiymətləndirirəm. Kifayət qədər ləng reaksiya oldu. Indiki vəziyyətdə qeyd eləmək istəyirəm ki, kifayət qədər mərkəzləşdirilmiş şəkildə idarə olunan proses deyil. Bir sıra dövlət orqanlarının hansı ki, bu vəziyyət üçün yaradılıb. Onların fəaliyyətini görmürəm. Məsələn, Fövqəladə Hallar Nazirliyi, bu nazirlik hardadır? Mən bu qurumun iştirakını görmürəm. Bütövlükdə tibbi nöqteyi nəzərdən tədbirlər görülmür. Hansı ki, görülməli idi və bu da çox böyük problemlər yaradır. Mən belə başa düşürəm ki, hakimiyyət özünü əvvəlcədən itirib. İndiyə qədər səfərbər ola bilmir. Məsələn, deyim ki, elementar olaraq, mən gedirəm apteklərə maska tapa bilmirəm. Necə ola bilər ki, indiyə qədər maska problemi həll olunmayıb. Azərbaycanda dezinfeksiya tədbirləri kifayət qədər əhatəli deyil. Qərarların verilməsi kifayət qədər gecdir və sistemli deyil. Operativ deyil. Biz görürük ki, xəstəliyin son dinamikası artımla gedir. Biz, əgər, bütün tədbirləri kompleks şəkildə dərhal görsəydik, yəni, işin dayandırılması, maskalarla təmin olunması, testlərin aparılması. Biz əlbəttə ki, çox məsələləri həll eləyə bilərdik. Yəni, bunun üçün birinci növbədə vəsaitlər ayırmaq lazım idi. Birinci növbədə biz bununla mübarizə aparmalı idik. Biz bunu bu vaxta qədər edə bilməmişik. Bu, real vəziyyətdir.

Amerikanın Səsi: Koronavirusla mübarizənin informasiya təminatı necə qurulub? İnsanların informasiya tələbatı tam ödənilirmi?

Bizim hakimiyyət o qədər yalan danışıb ki, indi bilmirsən ki, hansı məlumat bu gün düzgündür ya düzgün deyil. Yəni etibarı itirib.

Mehman Əliyev: İş ondadır ki, informasiya tələbatı zəifdir. Məsələn, mən açıram euronews kanalını. Bu kanal səhərdən axşamadək ancaq koronavirus ətrafında insanları məlumatlandırır. Dinamika var. Azərbaycan kanallarında daha çox əyləncə görürük. Xüsusi heç nə aparılmır. Mən hesab edirəm ki , daha keyfiyyətli verilişlər aparıla bilərdi. Ancaq mən bir problemə nəzər salmaq istərdim. Bizdə vahid bir informasiya idarəetməsi yoxdur. Bizdə, məsələn, Nazirlər Kabinetinin yanında Opertiv Qərargah yaradılıb. Onun mətbuat xidməti var. Biz görürük ki, ayrı-ayrı nazirliklər öz bəyanatlarını yayırlar. Öz məlumatlarını yayırlar. Çaşdırırlar insanları. Hesab edirəm ki, bu koronavirusla bağlı bütün məlumatlar birbaşa qərargahdan getməlidir. Heç kəs özbaşınalıq eləməməlidir. Öz adından heç nə yaymamalıdır. Onların əgər məlumat yaymaq istəkləri varsa və bu lazımdırsa, deyək ki, Dövlət Yol Polisi tərəfindən, Daxili İşlər Nazirliyi tərəfindən, başqa qurum tərəfindən, o məlumat ötürülməlidir opertiv qərargaha. Orada o, müəyyən bir vəziyyətə gətirilməlidir və sonra da KİV-ə və cəmiyyətə çatdırlmalıdır. Yəni bu məsələ çox vacibdir ki, informasiya idarəetməsi vahid şəkildə aparılsın. Bu yoxdur.

Bizim hakimiyyət o qədər yalan danışıb ki, indi bilmirsən ki, hansı məlumat bu gün düzgündür, ya düzgün deyil. Yəni etibarı itirib. Mən KİV nümayəndəsiyəm və mən qeyd eləmək istəyirəm ki, həmişə kifayət qədər yalan informasiyalar yayılıb. Əslində bizim bu problemlə bağlı hazırlıqlı olmamağımız, hansı ki, biz deyirdik ki, hər şey yaxşıdır. Hər şey idarə olunur. Yaxşı, hökümətimiz var. Sadə bir problemin ortaya çıxması ilə hökumətin əsl vəziyyətini və durumunu tam çılpaqlığı ilə göstərir. Mən düşünürəm ki, bundan təcili surətdə nəticə çıxarmaq lazımdır. İnsanların informasiya tələbatını təmin eləmək üçün, hesab edirəm ki, birinci növbədə qərargah bununla bağlı jurnalistlərlə işin görülməsi üçün bir təlimat hazırlamalıdır. Qaydalar hazırlamalıdır. Bu qaydalar çərçivəsində mətbuat öz rolunu, vəzifəsini, öhdəliklərini bilməlidir. Burada mən hesab eləyirəm ki, konkret göstərilməlidir ki, hansı şəraitdə və necə şəraitdə işləyə bilər və onu qeyd eləmək lazımdır ki, hüquq-mühafizə orqanları, polis bir də görürsən ki, müdaxilə edir ki, çəkiliş aparmaq olmaz. Niyə olmaz? Bu, çaşqınlıq yaradır. Bunu aradan götürmək üçün o vəzifələr indiki dövrdə kifyət qədər konkret göstərilməlidir ki, bunu polis də bilsin, jurnlist də bilsin, cəmiyyət də bilsin, operativ qərargah da bilsin. Yəni bu, çox vacibdir.

XS
SM
MD
LG