Accessibility links

Turan Agentliyinin direktoru saxlanılıb [Video]


Turan informasiya agentliyinin direktoru Mehman Əliyev Vergilər Nazirliyinə ifadə verməyə getdikdən sonra saxlanılıb.

Vəkil Fuad Ağayevin Amerikanın Səsinə müsahibəsi

Turan agentliyinin direktoru Mehman Əliyev 231.1 (vergi ödənişindən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələr üzrə şübhəli şəxs kimi saxlanılıb.

O, Vergilər Nazirliyinin İstintaq İdarəsindən Yasamal rayon polis idarəsinə aparılıb və hazırda oradadır. Ona dövlət vəkili təklif ediblər. Amma Əliyev imtina edib və vəkilinin Fuad Ağayev olduğunu bildirib.

48 saat ərzində o, qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılmalıdır.

Avqustun 24-də günorta saatlarında “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Vergilər Nazirliyinin İstintaq İdarəsinə çağırılıb.

Bu idarədə agentliyə qarşı vergi qanunvericiliyinin pozulması haqqında ittihamlarla bağlı araşdırma aparılır.

Saat yarım sonra sosial şəbəkədə onun saxlanması haqqında məlumatlar yer alıb. Bir sıra hökumətyönlü KİV-lər onun həbs edildiyi haqqında məlumatlar yayıblar.

Saat 17:45-də Mehman Əliyev özü şəhər telefonu ilə agentlikdəki həmkarlarına zəng edib və hələ də, Vergilər Nazirliyində olduğunu, amma heç nə baş vermədiyini bildirib.

"Onlar oturub nə isə gözləyirlər", – deyən Mehman Əliyev əlavə edib ki, vəkil Fuad Ağayev də onun yanındadır.

Öz növbəsində, bu işi aparan müstəntiqlər şərh verməkdən imtina ediblər, "tezliklə hər şeyin məlum olacağını" bildiriblər.

Dünən, avqustun 23-ü Mehman Əliyev və agentliyin mühasibi Ramil Əliyev Vergilər Nazirliyində 8 saat dindiriliblər.

Jurnalistlər və itimaiyyətin nümayəndələri polis idarəsinin qarşısında
Jurnalistlər və itimaiyyətin nümayəndələri polis idarəsinin qarşısında

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti «Turan» İnformasiya Agentliyinə cinayət işi açıb. Artıq ibtidai istintaqın başlandığı bildirilir.

Nazirlik, eyni zamanda, avqustun 8-də agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Agentlikdən deyiblər ki, vergi yoxlaması Bakı şəhəri Lokal Gəlirlər Departamentinin onlara 37 min manatdan çox borc hesablanması haqqında verdiyi qərara əsaslanır. Departament hesab edir ki, agentlik gəlirlərini az göstərib.

«Turan» İnformasiya Agentliyi bütün iddiaları təkzib edib. Agentlik hesab edir ki, bütün bu addımlar onların fəaliyyətinə mane olmaq, işlərini iflic vəziyyətə salmaq məqsədi daşıya bilər.

Avqustun 16-da isə Vergilər Nazirliyinin əməkdaşları «Turan» agentliyinin ofisinə gəliblər. Onlar 2014-2016-cı illərə aid maliyyə sənədlərini, bir sıra digər sənədləri və mühasibin kompüterini özləri ilə aparıblar.

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev baş verənləri «axtarış» adlandırıb. O deyib ki, seyflər, disklər baxışdan keçirilib. Bəzi əməkdaşların dolablarının da yoxlanıldığı bildirilir.

Avqustun 17-də isə artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Hüquqşünaslar bu tələbi qanunsuz sayır.

XS
SM
MD
LG