Yasamal Rayon Məhkəməsində "Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Hakim Azər Tağıyev sədrlik etdiyi məhkəmə iclasında M. Əliyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
"Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevə qarşı daha bir ittiham irəli sürülüb.
M. Əliyev qanunsuz sahibkarlıqda da ittiham olunur.
Onun barəsində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi başlanıb.
Mehman Əliyevə qarşı irəli sürülən bugünkü ittihamlar və onun noyabrın 7-dək həbsi barədə məhkəmə qərarı bütün azad düşüncəli şəxsləri qorxutmaq və onlara göstərməkdir ki, heç kim hətta qanunu pozmayıbsa belə, özünü təhlükəsiz hiss edə bilməz", vəkil Fuad Ağayev bildirib.
O qeyd edib ki, M.Əliyevə qarşı irəli sürülən bütün ittihamlar əsassızdır və heç bir qanuni əsası yoxdur, əsasən də 192.2-ci maddənin - küllü miqdarda gəlir götürməklə qanunsuz sahibkarlıq.
Qanunsuz sahibkarlıqdan söhbət gedə bilməz. Bu, dövlət qeydiyyatı, əgər fəaliyyət xüsusi icazə tələb edirsə lisenziya olmadan fəaliyyəti nəzərdə tutur. Turan agentliyinin uzun illərdir ki, dövlət qeydiyyatı var. İnformasiya agentliyi kimi xidmət göstərmək üçün lisenziya tələb edilmir.
231.1-ci maddəyə - vergi ödəməkdən yayınmaya gəlincə, istintaq açıq şəkildə pozuntuya yol verib. Bu, səyyar yoxlamaya əsaslanır, ancaq işdə akt yoxdur.
Agentlik hər zaman vergi bəyannamələrini təqdim edib və kameral yoxlamaya məruz qalıb.
Bundan əlavə, 2016-cı il üçün kameral yoxlamanın nəticələrinə görə, agentliyə 3 min manat məbləğində vergi hesablanıb. Ancaq vergi orqanına şikayətdən sonra onun əsassız olduğu təsdiqlənib.
Bu qərar qüvvədə qaldığında agentliyə yenidən yeni vergi borcu hesablanıb ki, bu da tamamilə qanun pozuntusudur.
301.1-ci maddədən (vəzifə səlahiyyətindən sui-istifadə) ümumiyyətlə, söhbət gedə bilməz. Çünki M.Əliyev agentliyin təsisçisi olub və bütün səlahiyyətlərə malik olub. Odur ki, ittiham tamamilə əsassız və qanunsuzdur.
Həbs siyasi sifarişin nəticəsidir, vəkil bildirib.
O həmçinin qeyd edib ki, saxlanma haqda qərar axşam saat 18.20-də imzalanıb, saat 16.45-də isə hökumətyönlü KİV M.Əliyevin həbs edildiyini bildirib.
F.Ağayev deyib ki, həbs barədə qərardan şikayət veriləcək.
Turan agentliyinə qarşı cinayət işi avqustun 7-də açılıb. Bundan bir gün keçmiş agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlanılıb.
Vergilər Nazirliyi bildirir ki, media qurumu 2014-2016-cı illərdə 37 min manat məbləğində vergi ödəməkdən yayınıb.
Turan bu iddianı qəbul etmir və işlə bağlı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.