Accessibility links

Mehman Hüseynov: "Mən mübarizəni sona qədər aparacam"


Mehman Hüseynov fiziki təzyiqə məruz qaldıqdan sonra (Kadr Meydan.tv saytının çəkilişindəndir)
Mehman Hüseynov fiziki təzyiqə məruz qaldıqdan sonra (Kadr Meydan.tv saytının çəkilişindəndir)

“Videobloger Mehman Hüseynovun həbs edilib, amansızcasına döydürülməsi rejimin növbəti anti-insani hərəkətidir. Cinayətkarlar bir gün mütləq cəzasını alacaq. Bəs “islahat” nağılları harada qaldı? Hələ də bu nağıllara inanan qalıb, yoxsa özünü bu nağıllara inanmış kimi göstərmək bəzi adamlara sərf edir?”

Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Facebook səhifəsində videoblogger Mehman Hüseynovun dekabrın 27-də polis tərəfindən saxlanılıb döyülməsinə münasibətində bildirib.

O, polis zorakılığı, işgəncə və repressiya rejimini durdurmaq üçün Azərbaycan cəmiyyətinin birləşməli olduğunu söyləyib.

“Bizi özümüzün kütləvi və rəşadətli mübarizəmizdən başqa kimsə xilas etməyəcək. Azərbaycan cəmiyyəti polis zorakılığını, işgəncə və repressiya rejimini durdurmaq üçün birləşməlidir,” Cəbhə lideri yazıb.

Hazırda Vaşinqtonda olan Milli Şura sədri Cəmil Həsənli də bloger Mehman Hüseynovun döyülməsinə reaksiya bildirib. O deyib ki, Mehman Hüseynov və reper Pərviz Quluzadənin həbsi “islahat nağılının acı sonluğu oldu.”

Həsənli Mehman Hüseynovu “bu ölkənin istedadlı, vətənsevər gənclərindən” biri adlandırıb və onun “olduğu bütün yerlərdə öz varlığını hiss etdirə bildiyini” söyləyib.

Cəmil Həsənlinin rəhbəri olduğu və bir sıra müxalifət qüvvələrini təmsil edən Milli Şura reper Pərviz Quluzadənin həbsi və bloger Mehman Hüseynovun döyülməsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, bu iki hadisə Əliyev rejiminin dəyişiklik etmək istəmədiyini və sərt polis rejiminə söykəndiyini göstərir.

Döyməklə, həbs etməklə iş bitmir. Mən haqq yolundayamsa, axıra qədər də sözümü deyəcəm.
Mehman Hüseynov

Milli Şura "bəzilərinin İlham Əliyevin islahat bəyanatlarına inandığını, lakin prezidentin bu bəyanatlarının saxta olduğunun" üzə çıxdığını bildirib.

“Son kadr dəyişikliklərindən sonra da polis zorakılığı və işgəncə hallarının təkrarlanması onu göstərir ki, bu siyasət birbaşa İlham Əliyevin özündən qaynaqlanır, belə anti-insani hərəkətlər şəxsən onun göstərişi ilə törədilir,” bəyanatda qeyd edilib.

Araşdırmaçı jurnalist Xədicə İsmayılova öz Facebook səhifəsində bildirib ki, dünən polis tərəfindən döyüləndən sonra Mehman Hüseynovun ayağı və sinəsində kəskin ağrılar başlayıb. Bu gün isə həkimlər ona ayaq damarında tromb diaqnozu qoyub və təcili xəstəxanaya yerləşdirilməli olduğunu söyləyiblər.

Mehman Hüseynov özü isə bir neçə gün hərəkət etməsinə icazə verilmədiyi üçün ona parlament seçkilərinə qatılması üçün lazım olan imzaları toplamağa yardım edəcək könüllülər axtardığını açıqlayıb.

“Mən mübarizəni sona qədər aparacam. Belə rahat məndən qurtula bilməyəcəklər. Döyməklə, həbs etməklə iş bitmir. Mən haqq yolundayamsa, axıra qədər də sözümü deyəcəm,” o, öz Facebook səhifəsində yazıb.

Real Cümhuriyyətçilər İttifaqı da bəyanat yayaraq Mehman Hüseynovun döyülməsində təqsirli bilinən şəxslərin cəzalandırılmasına çağırıb. Bu barədə ReAL partiyasının sədri İlqar Məmmədov Facebook səhifəsində yazıb.

“Bu gün tanınmış bloger Mehman Hüseynovun döyülməsi xəbərinin yayılması cari hakimiyyətə siyasi alternativ mövqeyindən çıxış edən bütün qüvvələrin təhdid edilməsi anlamına gəlir deyə, hadisə tərəfsiz qaydada dövlət tərəfindən araşdırılmalı və təqsirli şəxslər mövcud hüquqi normalara əsasən cəzalandırılmalıdır,” bəyanatda deyilir.

"Real Cümhuriyyətçilər İttifaqı" fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək ReAL partiyasının üzvləri və müstəqil namizədlərin daxil olduğu seçki blokudur.

ReAL partiyasını sədri İlqar Məmmədov blokun “cumhuriyyətçilik dəyərlərinin və təsisatlarının möhkəmləndirilməsi” platformasından seçkilərə qatıldığını bildirib.

Bloger Mehman Hüseynov dekabrın 27-də gecə saatlarında Bakıda, Fəvvarələr meydanında polis əməkdaşları tərəfindən saxlanılıb. O polis avtomobilinə mindirilərək Bakıdan 20 kilometr aralıda, Lökbatan qəsəbəsi ərazisində çöllüyə aparılıb və döyüilüb.

Bu barədə Hüseynovun özü jurnalistlərə bildirib.

İnsident Mehman Hüseynov və digər fəallar dünən axşam saatlarında Daxili İşlər Nazirliynin binası qarşısında reper Pərviz Quluzadəyə (Paster) azadlıq şüarları qaldırdıqdan sonra baş verib. Reper “Gang” klipində hakim ailəyə məxsusluğu bildirilən Paşa Bankın adını hallandırdıqdan sonra narkotik təsiri altında xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edilib. Reperin “Gang” klipi bu il dekabrın 9-da YouTube kanalında yayımlanıb. Klipin 1.24 dəqiqəsində “Götürəcəyəm ölkəni necə Paşa Bank” ifadəsi işlədilib. Klipə yüz minlərlə baxış olub.

"Polis əməkdaşları məni döyə-döyə polis avtomobilinə mindirərək şəhərdən kənarda çöllüyə apardılar. Onlar köynəyimi zorla başıma keçirdilər ki, hara aparıldığımı görməyim. Məni çöllükdə avtomobildən düşürdülər. Onlar məni döyürdülər, nalayiq hərəkətlər edirdilər. Deyirdilər ki, səni bir də şəhərin mərkəzində görməyək. Sən təşkilatçısan, plakatlar haradadır. Məni palçığın içərisinə uzatmaq istədilər. Məni yerə yıxmışdılar. Altı nəfər üzərimdə oturmuşdu və döyürdülər. Sonra çöllükdə atıb getdilər," o qeyd edib.

Bloger gecə qaranlığında avtomobil yoluna çıxıb və telefonla dostları ilə əlaqə saxlayıb. Dostları onu xəstəxanaya çatdırıb.

Mehman Hüseynov fevralın 9-da keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyini irəli sürüb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG