Accessibility links

Mehman Hüseynov: Xalq məni çətin vəziyyətdə qoymadı


“Dostlar, hər birinizə təşəkkürlər ki, məni xilas etməyə çalışırsız. Çox möhtəşəmsiz, hər birinizin qarşısında baş əyirəm.” Bu barədə hazırda İsveçrədə müalicə alan bloger Mehman Hüseynov Facebook səhifəsində yazıb.

Azərbaycanlı hüquq müdafiəçisi Mehman Hüseynovda xərçəng xəstəliyi aşkarlanıb. O, təcili cərrahi əməliyyat olunmalıdır. Bu məqsədlə xüsusi xeyriyyə hesabı təsis edilib. İndiyədək həmin hesaba 40 mindən çox İsveçrə frankı məbləğində vəsait toplanıb.

Mehman Hüseynov yazır ki, onu daim çətinliklər sınağa çəkib və xəstəliyə qalib gələcəyinə ümidlidir.

“Bu xərçəng hardan çıxdı”

Əminəm ki, bu şişi də məhv edəcəm.

“Mən artıq öyrəşmişəm çətinliklərə, həyat məni hər dəfə sınağa çəkir. 7 il ölkədən çıxışıma qadağa qoyulmuşdu, polis bölmələri, döyülmə, 2017-ci ildə həbs etdilər, həbsdə olduğum vaxtı anamı itirmişəm, sonra yenə həbsimi uzatmaq istədilər, həbsdən çıxdım yenə döyüldüm və nəhayət bir gün həkimlər deyir ki, bala, sən xərçəngsən. Həyatım tələb edir ki, mubarizə aparım. Əvvəllər rüşvətxorlarla, millətin qanını içənlərlə, saxtakarlarla mubarizə aparırdım, indi isə iş elə gətirib ki, özüm özümlə mubarizə aparmalıyam. Əminəm ki, bu şişi də məhv edəcəm. Hələ bilmir gəlib kimə ilişib.

Bu xərçəng hardan çıxdı. Bilmirəm. Amma bu şişi Azərbaycan səhiyyəsi ortaya çıxara bilmədi. Ayağımda damarlar çıxmışdı, bizim klinikalara gedib muayinə olunurdum, həkimlər deyirdi narahat olma ayağındaki damarlar adi varikozdu. Amma damarlar niyə çıxıb, səbəbi nə olub onu demirdilər. Yeni il ərəfəsi döyüləndən sonra heç bir xəstəxana mənə yaxın durmadı.

“Siyasi baxışlarıma görə xəstəxanalara buraxmadılar”

Məcbur oldum getdim Tiflisdə muayinə olundum.

Məni siyasi baxışlarıma görə yaxın buraxmırdılar. Ona görə məcbur oldum getdim Tiflisdə muayinə olundum. Oradakı həkimlər bildiriblər ki, ayağındakı damarların şişi elə-belə əmələ gəlməyib. Səbəb isə odur ki, damar gəlir qarnımın aşağı hissəsində yox olur. Muayinə edib bildiriblər ki, qarnımın aşağı hissəsində şiş var. Şübhələnirik ki, onkoloji ola bilər, olmaya da bilər. Biopsiya edib, cavablar çıxdıqda gürcü həkimləri bildiriblər ki, biz dəqiqləşdirə bilmirik, bu nə şişdi. Biz sizə məsləhət görərdik ki, Avropda muayinə ediləsiz, çünki orada dəqiq sizə deyəcəklər.

Bakıya qayıdıb seçkilərdə iştirak edib sonradan İsveçrəyə gedəsi oldum. Ölkədən çıxan kimi COVİD 19-a görə ölkəyə giriş-çıxış bağlanıb. İsveçrədə 2 ay ərzində həkimlər muayinə edib və yekun qərarı təqdim edib bildiriblər ki, onkoloji şişdi və burada vaxt itirmək olmaz, təcili mudaxilə lazımdı. Lakin o məbləğ nağd əlimizdə olmadı. Mənə burda təklif elədilər ki, gedib İsveçrə hökümətinə muraciət edib, muhacir kimi qalıb burada, məni hər şey ilə təmin edəcəklər və üstəlik bu mualicən, əməliyyatım pulsuz başa gələcək. Yalnız muhacir olduğum halda bu əməliyyat pulsuz oluna bilər…

“Mənim öz ölkəm var Azərbaycan, öz xalqım var”

Ölkə hamımızındı, ölkədə problemlər var deməli bizlər hamımız ölkəmizə sahib çıxmalıyıq.

Mən qəti bu qərarı rədd etdim və heç bir Avropa ölkəsinə muraciət etməkdən söz gedə bilməz. Bu təklifdən imtina etdim. Mənim öz ölkəm var Azərbaycan, öz xalqım var. Həyatımın bir hissəsini korrupsiyaya əli batmış məmurlarla mubarizəyə həsr etmişəm. Çalışmışam xalqa xidmət edim, ölkədə baş verənləri çəkib görsədim. O boyda çətinliklərdən keçib əziyyət görüb sonra durub ölkədən imtina edib muhacirliyə gedən deyiləm. Ölkə hamımızındı, ölkədə problemlər var, deməli bizlər hamımız ölkəmizə sahib çıxmalıyıq. Mənim qərarım qətidi, heç bir muhacirətlikdən söhbət gedə bilməz. Qayıdıram ölkəmə.

Mən bundan sonra əgər ayağa qalxsam öz ölkəmdə mubarizəmi aparacam. Əgər sağlamlığım imkan verməsə belə yenə də öz ölkəmdə yaşayacam, çalışdığım qədər xalqa xidmət etməyə davam edəcəm.
Düşündüm ki, bu xəstəliklə qayıdacam ölkəmə. Ondan sonra nə olacaqsa Allah özü bilən məsləhətdi.

“Bu ölkə üçün min əziyyətdən keçməyə dəyər”

Xalq məni çətin vəziyyətdə qoymadı. Mən də öz qərarımı düzgün etdiyim üçün çox rahatam.

Lakin çıxılmaz vəziyyəti nəzərə alaraq, qardaşım təklif elədi ki, petisiya edək Azərbaycan xalqına muraciət edək və ianə toplayaq. Buna da mən yox cavabı vermişdim. Mən xalqın sosial vəziyyətini nəzərə alıb dedim ki, buna da razı deyiləm. Həm də istəməmişdim bu məsələ haqqında yazıb sizləri narahat edim. Ən pis halda düşünürdüm ki, mənin Azərbaycanda evim var, onu satıb bir təhər özümü mualicə eliyərəm. Amma bunu üçün gərək ölkəyə qayıdıb evi satıb pulu əldə edib yenə qayıdıb mualicə etmək lazım idi. Nəzərə alsaq ki, ölkəyə giriş-çıxış bağlıdı və onkoloji şişə mudaxilə olunub deyə vaxt itirmək olmaz idi. Həkimlər də bizə təcili olaraq radioterapiya elətdirib, əməliyyata götürmək istəyirlər, çünki getdikcə vəziyyətim pisləşir. Ona görə çıxılmaz vəziyyətdə qardaşım Azərbaycan xalqına muraciət etdi. Və yəgin düz edib. Xalq məni çətin vəziyyətdə qoymadı. Mən də öz qərarımı düzgün etdiyim üçün çox rahatam. Demək ki, bu xalq üçün, bu ölkə üçün min əziyyətdən keçməyə dəyər. Çox sağ olun ki, bu vəziyyətimi nəzərə alıb dəstək oldunuz. Hamınızı sevirəm. Sağlamlığınızı qoruyun,” Hüseynov Facebook səhifəsində yazıb.

XS
SM
MD
LG