Accessibility links

Mehman Hüseynov: Yenə də ifadə azadlığı boğulur


Mehman Hüseynov

Araşdırmaçı bloger Mehman Hüseynov Amerikanın Səsinə müsahibəsində Azərbaycanda ifadə azadlığının durumu, tənqidçi bloger və jurnalistlərə qarşı təhdidlərdən danışıb.

Amerikanın Səsi: Azərbaycanda media azadlığının hazırkı durumunu necə xarakterizə edərdiniz? Son dövrlər bu sahədə hansı müsbət dəyişiklikləri qeyd edə bilərsiniz?

İllərdir Azərbaycan hakimiyyətindən bu vədləri eşidirik ki, Azərbaycan mətbuatı azad olacaq, islahatlar gedir, mətbuat azadlığı təmin olunur. Amma real işdə biz bunu görmürük.

Mehman Hüseynov: Media azadlığı ilə bağlı, ümumiyyətlə, danışmaq hələ çox tezdir. Mən belə düşünürəm. Çünki biz, illərdir Azərbaycan hakimiyyətindən bu vədləri eşidirik ki, Azərbaycan mətbuatı azad olacaq, islahatlar gedir, mətbuat azadlığı təmin olunur. Amma real işdə biz bunu görmürük. Mən, bir jurnalist, bloger kimi bunu əminliklə deyə biərəm ki, bu peşənin içindəyəm, yenə də ifadə azadlığı boğulur, yenə də mətbuat azadlığı boğulur, yenə də təzyiqlər var, yenə də çətinliklər var və bu qalır. Yəni, mən həbsdən 2019-cu ildə azad edildim və indiyədək artıq iki il keçib. Yəni, iki ildə gördüklərim odur ki, 2017-ci ildən, yəni həbsimdən əvvəl mətbuatın durumu necə idisə, indi də elədir.

Mehman Hüseynov: Yenə də ifadə azadlığı boğulur
please wait

No media source currently available

0:00 0:13:46 0:00

Amerikanın Səsi: Sizcə Azərbaycanda müstəqil media və tənqidçi jurnalistlər fikirlərini sərbəst ifadə edə bilirmi? Ölkədə çox izlənən bloger kimi tədqiqatlar apararkən çətinliklərlə üzləşirsinizmi? Əsas çətinlikləriniz nədir?

Risklər, təhdidlər, mesajlar həmişəki kimi davam edir. Hansısa məmurdan dəfələrlə zənglər də qəbul etmişik, təhdidlər də qəbul etmişik.

Mehman Hüseynov: Belə deyək. Sancaq Media Qrupu olaraq korrupsiya araşdırmaları video reportajlarını davam etdiririk. Çətinliklər dilə gətiriləsi deyil. Bəzən elə hadisələr olur ki, biz onu ictimailəşdirmirik. Bəzən elə olur ki, biz bunu dilə gətirməyə qorxuruq. Ona görə ki, izləyiciləri qorxuda, çəkindirə bilərik. Ona görə də problemlər çoxdur. Risklər, təhdidlər, mesajlar həmişəki kimi davam edir. Hansısa məmurdan dəfələrlə zənglər də qəbul etmişik, təhdidlər də qəbul etmişik. Həbslərlə, ölümlə bağlı belə, anonim mesajlar almışıq. Lakin biz bu yola çıxmışıqsa, jurnalistikanın inkişafında, korrupsiyanın kökündən həllində istəyərdik ki, bizim də əməyimiz, bizim də töhfəmiz olsun.

Amerikanın Səsi: Mehman bəy, korrupsiya və rüşvət faktlarını təzahür edən araşdırma xarakterli reportajlarınızdan sonra təhdidlərə məruz qalırsınız? Çünki əvvəllər həbs həyatı da yaşamısınız. İndi durum necədir?

Sizə ilk dəfədir açıqlayıram, bizi Ziya Məmmədovun (keçmiş nəqliyyat naziri) oğlu Anar Məmmədov məhkəməyə verib.

Mehman Hüseynov: Bizə indi bu işlə məşğul olmaq rahatdır. Niyə? Çünki mən artıq həbsxana həyatı görmüşəm və bir çox çətinlikləri keçib bu səviyyəyə gəlmişəm. Ona görə də, məndə, belə deyək, qorxu, xof hissi qalmayıb. Yəni, biz hansısa araşdırmanı ediriksə, onu canla-başla edirik. Təzyiqlərdən, təhdidlərdən, həbslərdən qorxmuruq. Biz bütün araşdırmaları faktla edirik. Sübutlarla, dəlillərlə hansısa məmuru korrupsioner adlandırırıqsa, onun arxasında ciddi faktlar durmalıdır. Əlbəttə ki, bu araşdırmalardan sonra təhdidlər var, tənqidlər var, hətta sizə ilk dəfədir açıqlayıram, bizi Ziya Məmmədovun (keçmiş nəqliyyat naziri-red) oğlu Anar Məmmədov məhkəməyə verib. Çox maraqlı bir iddia irəli sürüb. Yəni, mənim, Mehman Hüseynovun adına saxta bir səhifə açılıb. Saxta səhifədən Anar Məmmədov haqqında nə isə yazılıb. Halbuki, o bizim səhifə deyil. Anar Məmmədov həmin saxta səhifəyə istinadən bizi mülki məhkəməyə verib. İddia qaldırıb ki, bu məlumat səhvdir, bu status pozulsun və üzr istənilsin. Lakin, bu bir presedentdir. Bizdə bütün profillər sosial şəbəkələrin administrasiyası tərəfindən təsdiq olunub. Onların hansının mənə aid olduğunu seçmək çox rahatdır. Hansı səhifələr mənə aid deyil, onun məsuliyyətini mən daşımıram. Biz keçmiş nəqliyyat naziri Ziya Məmmədov haqqında iki-üç dəfə video araşdırma etmişik. Korrupsiya faktlarını ortaya qoymuşuq. Maraqlı odur ki, bu adam həmin araşdırmalarla bağlı bizi məhkəməyə verməyib. Yəni, o etiraf edir ki, bu var, amma, bu status düzgün yazılmayıb.

Amerikanın Səsi: İfşaedici reportajlarınıza rəsmi reaksiyalar varmı? Hökumət, istintaq orqanları sizin reportajlarınızda üzə çıxardığınız faktlarla bağlı araşdırma aparırmı?

Əgər hökumət həqiqətən də islahata söz veribsə, əgər, həqiqi islahat aparmaq fikri varsa, onlar bizə də istinadən hərəkətə keçməlidirlər. Bizim ortaya qoyduğumuz faktları araşdırmalıdırlar, nəticə çıxarmalıdırlar, korrupsioner məmurlarla mübarizə aparmalıdırlar.

Mehman Hüseynov: Mütləq, əlbəttə ki, biz artıq 25-ə yaxın video araşdırma materialı yaymışıq. Bu materialların arxasında, hər sözümüzün arxasında ciddi faktlar, ciddi sübutlar var. Biz bunun nəticəsini də görürük. Misal üçün, nəticə olaraq Azərsu-nun prezidenti Qorxmaz Hüseynov haqqında biz korrupsiya faktlarını ortaya qoymuşduq. Bir neçə ay sonra, yəni dərhal da olmasa, adam vəzifədən azad olundu. Biz düşündük ki, bu, bizim reportajın nəticəsidir. Və ya Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun müavini var idi, Fidumə Hüseynova. Biz onun haqqında korrupsiya araşdırması etmişdik. O da eynən bir-iki aydan sonra vəzifəsindən azad edildi. Nəticələr var. Biz düşünürük ki, bu məsələdə, əgər, hökumət həqiqətən də islahata söz veribsə, əgər, həqiqi islahat aparmaq fikri varsa, onlar bizə də istinadən hərəkətə keçməlidirlər. Bizim ortaya qoyduğumuz faktları araşdırmalıdırlar, nəticə çıxarmalıdırlar, korrupsioner məmurlarla mübarizə aparmalıdırlar. Bəzən bu olmur. Çünki aydın məsələdir ki, hakimiyyət bizim dediklərimizlə oturub-durmur. Amma bəzən də bu olur. Bu olur, ona görə ki, dediklərimizin arxasında ciddi faktlar dayanır. Ona görə də, hakimiyyət artıq bu faktları dana bilmir. Ona görə də məcburdur bu məsələni araşdırsın.

Amerikanın Səsi: Hazırda tənqidçi blogerlərin təhlükəsizliyi ilə bağlı risklər nədən ibarətdir?

Ölkə daxilində olan tənqidçi blogerlər, əlbəttə ki, yazdıqlarına görə, dediyi fikirlərə görə, daimi izlənilirlər, daimi təhdid olunurlar və bu təhlükə hələ də qalır.

Mehman Hüseynov: Tənqidçi blogerlər deyəndə iki istiqamət var. Tənqidçi blogerlər var, hansı ki, xaricdə yaşayır. Blogerlər var, hansı ki, ölkədə yaşayır. Ölkə daxilində olan tənqidçi blogerlər, əlbəttə ki, yazdıqlarına görə, dediyi fikirlərə görə, daimi izlənilirlər, daimi təhdid olunurlar və bu təhlükə hələ də qalır. Biz tamamən demoktratik yola keçməmişik ki, söz azadlığından danışaq, ifadə azadlığından danışaq. Ölkə daxilində fərqi yoxdur, bloger, jurnalist, ictimai fəal sosial şəbəkədə hər hansı bir fikir bildirirsə, əlbəttə ki, gələcəkdə hansı problemlə üzləşəcəksə, onu nəzərə alıb həmin fikri yazır və ya video reportaj edir. Əlbəttə ki, bu birmənalı olaraq belədir ki, ölkə daxilində olan müstəqil jurnalistlər, blogerlər, ictimai fəallar daim təhlükədədir və bu davam edir.

Amerikanın Səsi: Beynəlxalq təşkilatlar və yerli hüquq müdafiəçiləri hesab edir ki, indiyədək öldürüldüyü güman edilən azərbaycanlı jurnalistlər, - “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun, "Yeni Müsavat" qəzetinin fotomüxbiri Alim Kazımlının, Balakəndə yerli DM.TV kanalının əməkdaşı Telman Dibirovun, “Turan” Agentliynin və “Reuters”in müxbiri Adil Bünyadovun, “Turan” Agentliyinin və "Associated Press"in telereportyoru Fərhad Kərimovun, publisist Rafiq Tağının, jurnalist Rasim Əliyevin, bloger Mehman Qələndərovun ölümünün üstü hələ də açılmamış qalır. Sizcə jurnalistlərin ölümlərinin üstünün açılmamasının səbəbləri nədir?

Nəticə ona görə yoxdur ki, deməli bu qatillərin, bu sifarişlərin arxasında hansısa məmurlar dayanır və bu məmurlar hazırda vəzifədədir. Ona görə onların hamısı cəzasız qalıb.

Mehman Hüseynov: Bu məsələni illərdir müzakirə edirik. İllərdir bunu deyirik. Lakin yenə də bir nəticə yoxdur. Nəticə ona görə yoxdur ki, deməli bu qatillərin, bu sifarişlərin arxasında hansısa məmurlar dayanır və bu məmurlar hazırda vəzifədədir. Ona görə onların hamısı cəzasız qalıb. Yəni, bu sualın cavabı budur. Mən əlavə edərdim, hətta, nəinki jurnalistlərin, burada hansısa gənc fəalın valideynin ölümünü də, misal üçün mənim anam. Mən həbsdə olanda anam Firəngiz Hüseynova xəstəxanaya düşdü. Mən düşünürəm ki, orada o öldürülüb. Niyə? Çünki biz prokurorluğa müraciət etmişik ki, bu məsələ araşdırılsın, bizə cavab gəlir ki, həmin gün orada kameralar işləməyib. Siz nəzər yetirsəniz həmin bu sifarişli ölümlərin istintaq materiallarına, hamısında bu cümləni görə bilərsiniz ki, həmin gün heç yerdə kameralar işləməyib. Şübhəli məqamlar var. Eyni şübhəli məqamlar mənim anamın ölümündə də baş verib. Heç bir istintaq aparılmayıb. Əgər istintaq aparılmırsa, heç kim cəzalandırılmırsa bu o deməkdir ki, burada da hansısa məqamlar var. Bu da sifariş nəticəsində baş verib. Düşünürəm ki, jurnalistlərin ölümü ilə bağlı da istintaq hansısa bir nəticə çıxarmayıbsa, heç kim cəzalandırılmayıbsa deməli, qatillərin arxasında hansısa vəzifəli şəxslər durur.

Amerikanın Səsi: Ölkədə media azadlığının dərinləşdirilməsi üçün hansı addımlar atılmalıdır? İndi yeni media qanunu layihəsi hazırlanır. Bu qanunun ölkədə media azadlığının dərinləşməsinə yol açacağına inanırsınız?

Mən əminəm ki, mətbuatı bundan sonra daha da pis boğacaqlar. Daha da sərt qanunlar qəbul edəcəklər. Bizdə belə bir deyim var, həmişə əvvəlkinə şükür edirik.

Mehman Hüseynov: Mən bu fikirdəyəm ki, əvvəllər necə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu var idisə və onun direktoru indi, hal-hazırda həbsdədir. Biz gördük ki, bu adamlar əvvəllər mətbuatı çökdürüb, mətbuatı pis günə qoyub. Düşünürəm ki, bundan sonra yeni yaradılan qurum və onun başında duran şəxs, buna əminəm ki, o heç vaxt iddiada olmayacaq ki, mətbuata sərbəstlik verilsin, mətbuat azadlığı təmin olunsun, müstəqil media yaradılsın. Mən əminəm ki, mətbuatı bundan sonra daha da pis boğacaqlar. Daha da sərt qanunlar qəbul edəcəklər. Bizdə belə bir deyim var, həmişə əvvəlkinə şükür edirik. Konkret misal gətirim. Biz bir neçə həftə bundan əvvəl Bakı metropoliteninin rəisi Zaur Hüseynov barədə araşdırma etmişik. Şərhləri oxuyuruq, görürük ki, bütün izləyicilər metropolitenin əvvəlki rəisi Tağı Əhmədova “rəhmət” oxuyurlar. Deyirlər ki, "kaş elə o qalardı". İndi, bir neçə aydan sonra, haçansa o qanun qəbul olunacaq, qanun qüvvəyə minəndən sonra qorxuram ki, Vüqar Səfərliyə, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun əvvəlki işçilərinə rəhmət oxuyacağıq ki, kaş onlar qalaydı. Onlar belə etməzdi. Mən düşünürəm ki, yeni yaradılan qurum və başında duran şəxs, indi o məsələni izləmirəm, yeni qanun layihəsi hazırlanır. Əminəm ki, o qanun müstəqil medianın xeyrinə olmayacaq.

Qeyd: Bu, bloger Mehman Hüseynovun fiklirləridir. Rəsmi qurumlar söz və mətbuat azadlığı ilə bağlı tənqidləri qəbul etmir, qərəzli sayır. Dövlət rəhbərləri ölkədə söz və media azadlığının tam təmin edildiyini, medianın fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını bildirir. Rəsmi Bakı internetə və sosial şəbəkələrə çıxışın azad olduğunu, insanların tənqidi fikirlərinə görə təhdid edilmədiyini bəyan edir.

Bununla yanaşı, “2021 Dünya Mətbuat Azadlığı İndeksi”ndə Azərbaycan 180 ölkə arasında 167-ci yerdə qərarlaşıb.

Yerli hüquq müdafiəçiləri hazırda 8 jurnalist və blogerin həbsdə olduğunu bildirir. Məhkəmələr çoxsaylı müxalif və müstəqil media orqanlarının, o cümlədən Azadlıq radiosunun, Azadlıq qəzetinin, Meydan TV-nin internet saytlarına ölkə daxilində girişi məhdudlaşdırıb.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG