Accessibility links

“Mehman Hüseynova azadlıq” tələbi ilə aclıq aksiyası davam edir


Mehman Hüseynova dəstək aclıq aksiyası
Mehman Hüseynova dəstək aclıq aksiyası

Müsavat Partiyasının mənzil-qərargahında bloger Mehman Hüseynov və digər siyasi məhbusların həbsdən azad olunması tələbilə aclıq aksiyası davam etdirilir. Aclıq aksiyası yanvarın 2-dən başlayıb.

Müsavat Partiyasının divan üzvü Tofiq Yaqublu Amerikanın Səsinə bildirib ki, aksiyaya Şamil Nəsirli adlı fəal qoşulub.

Tofiq Yaqublu özü də daxil olmaqla, hazırda aksiyada altı nəfər iştirak edir. O, yanvarın 4-dən qida qəbul etmir.

Yanvarın 6-dan aclıq edən Elşad İsrafilli, Fuad Rəhimli, Rövşən Niftalızadə, həmçinin aksiyaya müvafiq olaraq yanvarın 9-da və 10-da qoşulan Natiq İsrafil və Sənubər Heydərova aclığı davam etdirirlər.

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib.

O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını bəyan edib. Hazırda bloger su içsə də qida qəbulundan imtina etməkdə davam edir.

Mehman Hüseynov
Mehman Hüseynov

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Hüseynov həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.

Blogerə dəstək aksiyaları ara vermir. Müsvat Partiyasının mənzil-qərargahında blogerə dəstək məqsədi ilə ictimaiyyətin nümayəndələri aclıq aksiyası keçirir. Berlində Azərbaycan səfirliyi qarşısında və Avropanın digər şəhərlərində dəstək akiyaları olub.

Milli Şura yanvarın 19-na “Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq” tələbi ilə mitinq təyin edib.

Beynəlxalq ictimaiyyət də blogerə dəstək verməkdə davam edir.

ABŞ senatoru Marko Rubio, ABŞ Helsinki Komissiyasının həmsədri Kris Smit, ATƏT-in və Avropa Şurasının media azadlığı üzrə komissarları, Avropa Şurası Paplament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri, Fransa Xarici İşlər Nazirliyi, Böyük Britaniya parlamentinin üzvü, çoxsaylı beynəlxalq təşkilatlar Azərbaycan hökumətini Mehman Hüseynovu həbsdən azad etməyə çağırıb. Yanvarın 11-də Avropa İttifaqına daxil olan ölkələrin Bakıdakı səfirliklərinin diplomatları 1 saylı Bakı İstintaq Təcridxanasında Mehman Hüseynovla görüşüb.

Azərbaycan rəsmiləri ölkədə insan hüquqlarının durumu ilə bağlı beynəlxalq tənqidləri qəbul etmir, qərəzli sayır. Rəsmi Bakı bir qayda olaraq bütün fundamental azadlıqların tam təmin edildiyini, siyasi məhbusların olmadığını bildirir.

Bununla yanaşı, yerli hüquq müdafiəçiləri 150 nəfəri siyasi məhbus elan edib. Beynəlxalq təşkilatlar 10 jurnalist və blogerin həbsdə olduğunu bəyan edib. Amnesty International ondan çox insanı vicdan məhbusu elan edib.

Avropa Şurasının Parlament Assambleyası Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edib.

Hazırda Azərbaycan məhkəmlərində azı iki baş redaktorun (Bastainfo.com saytının redaktoru Mustafa Hacıbəyli, criminal.az saytının redaktoru Anar Məmmədov) cinayət işi üzrə məhkəmə prosesi davam edir.

XS
SM
MD
LG