Accessibility links

“Mehman Hüseynov - ilk Eurovision məhbusu” (AUDİO)


O Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə (xuliqanlıq) ittiham edilir.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı Mehman Hüseynovun saxlanması tamamilə əsassızdır, onun əməllərində cinayət tərkibi yoxdur və o, çevik polis alayının əməkdaşına hər-hansı fiziki təsir göstərməyib. Bu barədə Media Mərkəzdə keçirilən bugünki mətbuat konfransında RATİ –nin direktoru Emin Hüseynov bildirib.

Bununla belə, Səbayel polisi onu istintaqdan yayına biləcəyi iddiası ilə həbs edib. “Lakin Mehman polisə çağırıldığı zaman xaricdə idi və istəsəydi qayıtmaya bilərdi. O, təyin edilən vaxtda Bakıda idi və polisə gedib”, deyə vəkil Elçin Sadıqov bildirib.

Bu halda həbs qətimkan tədbiri qanunsuzdur, belə ki, onun ittiham olunduğu Cinayət Məcəlləsinin 221.1-ci maddəsi (xuliqanlıq) həbsdən yayınmağa imkan verir.

Bütün çıxış edənlərin ortaq fikri Mehman Hüseynovun “Eurovision məhbusu” olmasına söykənir. Hakimiyyət “Eurovision” günlərində Azərbaycandakı problemlər və hüquq pozuntuları haqqında danışan, “Demokratiya naminə oxu” kampaniyasında iştirak edənlərin təqibinə başlayıb.

“Mehman mühakimə olunsa, beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyacaq”, publisist Şahvələd Çobanoğlu belə hesab edir.

“Mehman Hüseynov Eurovision günlərində fotoları vasitəsilə dünyaya hakim ailənin siyasətindən bəhs edirdi. Bu, ailənin biznesi olan “Eurovision”a da aiddir”, deyə “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova bildirib.

Onun sözlərinə görə, Mehmanın həbsi jurnalistlərə təzyiqin əsas hissəsidir.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev hakimiyyətin əməllərinin proqnozlaşdırılan və gözlənilən olduğunu qeyd edib. O, hakimiyyətin “Eurovision” ərəfəsindəki hadisələrə reaksiyasının “bir qədər gecikmiş” adlandırıb. Eyni zamanda, “Mehmanın işində bizi uğur gözlədiyindən” əminliyini ifadə edib və bu məsələdə hamını səfərbər olmağa çağırıb.

“Real” hərəkatının rəhbəri İlqar Məmmədov ictimaiyyəti vətəndaş itaətsizliyinə çağırıb. O xatırladıb ki, 20 ildir ki, ictimaiyyət nümayəndələri və jurnalistlər kiminsə həbsini müzakirə etmək və azad edilməsi yollarını axtarmaq üçün toplaşır. “Repressiyalar çoxdan bu siyasi ailənin tərkib hissəsinə çevrilib”, - deyə o bildirib. Mehman Hüseynov azad edilməsə, kütləvi itaətsizlik aksiyalarına əl atmaq lazımdır.

Hüquqşünas Ələsgər Məmmədli deyib ki, jurnalistlərin hüquqlarının pozulması faktları araşdırılmır. Polisə gəlincə, o, vətəndaşları təhqir etmək və onların hüquqlarını pozmaq hüququna malik deyil, jurnalistin kamerasının əlindən ala, sındıra bilməz. “Ölkədə qanun yoxdur və o, üstünlük təşkil etmir”, - deyə cənab Məmmədli bildirib.

“Azadlıq” qəzetinin publisisti Xalid Bahadır bildirib ki, İlham Əliyev andiçmə mərasimində verdiyi vədləri unudub. “O jurnalistlərlə mübarizə aparan kriminal rejim yaradıb”.

Emin Hüseynov bildirib ki, bu məsələdə sonuna qədər gedəcək, Mehmanın həbsi hakimiyyətin qorxutma metodudursa, bu, RATİ-nin gələcək fəaliyyətinə təsir etməyəcək. “Biz qanuna uyğun şəkildə mübarizə aparacağıq”, - deyə o Amerikanın Səsi radiosuna müsahibəsində bildirib.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) reportyoru Mehman Hüseynov xuliqanlıqda ittiham olunaraq şübhəli şəxs qismində saxlanılıb.
Mehman Hüseynov iyunun 12-də Səbayel Rayon Polis İdarəsinə üçsaatlıq dindirilmədən sonra Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq hörmətsizlik edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) təqsirləndirilən şəxs qismində saxlanıb.

Ğz növbəsində, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA Agentliyinə bildirib ki, M. Hüseynov ictimai qaydanı kobud surətdə pozaraq, eləcə də cəmiyyətə açıq şəkildə hörmətsizlik ifadə edərək polis əməkdaşlarının ünvanına nalayiq sözlər işlədib, onlara qarşı müqavimət göstərdiyinə və qərəzli xuliqanlıq hərəkətlərinə yol verdiyinə görə Səbayel Rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb: “O, dünən Səbayel Rayon Polis İdarəsinə gələrək ifadə verib, sonra şübhəli şəxs qismində tutulub”.
Mehman Hüseynovun tutulmasını onun peşə fəaliyyəti ilə əlaqələndirilməsinə gəldikdə isə O. Mansurzadə kimliyindən, tutduğu vəzifədən, sosial və siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir şəxsin qanun qarşısında bərabər olduğunu, cinayətə görə cəzanın labüdlüyü prinsipinin hər kəsə şamil edildiyini, M. Hüseynovun da konkret cinayət əməlinə görə məsuliyyətə cəlb olunduğunu diqqətə çatdırıb: “Bu məsələyə hüquq müstəvisindən kənar baxılması yanlış mövqedir”.
O bildirib ki, bəzi sosial şəbəkələrdə yayılan videoçarxlarda da Mehman Hüseynovun polis əməkdaşlarını vurduğu, təhqir etdiyi və onların ünvanına nalayiq ifadələr işlətdiyi aydın görünür.

XS
SM
MD
LG