Accessibility links

Mehman Hüseynovun şikayəti təmin edilməyib


Bloger Mehman Hüseynovla bağlı Bakı Apellyasiya Məhkəməsi bizim vəsatətləri təmin etmədi”,vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib.

O deyib ki, bu il yanvarın 10-da Nəsimi Rayon Məhkəməsinin M.Hüseynovun 200 manat cərimə edilməsi haqqında qərarının əsassız olması barədə vəsatət verib. Amma, Apellyasiya Məhkəməsi vəsatəti təmin etmədən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Vəkil Elçin Sadıqov
Vəkil Elçin Sadıqov

​Vəkilin sözlərinə görə, daha bir vəsatət M.Hüseynova huşsuz halda Nəsimi rayon Polis İdarəsinin 22 saylı Polis Bölməsində imza atdırılması ilə bağlı olub: “M.Hüseynova huşsuz olduğu halda hansısa sənədlərə qol çəkdiriblər, biz bu imzaların M,Hüseynova aid olmaması, bu imzaların yoxlanılması barədə vəsatət qaldırdıq, bunu da təmin etmədilər”.

Vəkil bildirib ki, Bakı Şəhər Prokurorluğu blogerin polis bölməsində işgəncəyə məruz qalması ilə bağlı şikayətinin araşdırılmasını rədd edib. E.Sadıqov bu məsələdən də məhkəmə nəzarəti qaydasında şikayət verəcəyini söyləyib.

Bloger M. Hüseynov yanvarın 9-u axşamüstü bir neçə nəfər tərəfindən naməlum istiqamətə aparılıb. Yalnız yanvarın 10-da Nəsimi Rayon Məhkəməsi önünə çıxarılarkən onun polis bölməsində saxlandığı məlum olub. Məhkəmə M.Hüseynovu polisə tabe olmamaqda təqsirli bilərək 200 manat cərimə olunması qərarı çıxarıb. Məhkəmədən sonra bloger polis bölməsində işgəncələrə məruz qalması və huşsuz olduğu halda hansısa sənədlərə imza atmağa məcbur edilməsi barədə jurnalistlərə açıqlama verib.

XS
SM
MD
LG