Accessibility links

Mehman Əliyev: Azərbaycan avtoritarizmdən demokratiyaya keçidə başlayır


Turan Agentliyinin direktoru Mehman Əliyev
Turan Agentliyinin direktoru Mehman Əliyev

İki model var. Bir model Rusiya modelidir. Baş nazir və prezident rotasiya edir. Digər tərəfdən Gürcüstan modeli var və bu müsbət dəyişikliklərə təkan verir.

Turan Agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsi radiosuna müsahibəsində son günlər iqtidarla qeyri hökumət təşkilatları arasında baş tutan dialoqun müsbət dəyişikliklər üçün start olduğunu deyib.

Turan Agentliyinin direktoru Mehman Əliyevlə müsahibə
please wait

No media source currently available

0:00 0:07:52 0:00
Direct link

“Azərbaycan avtoritarizmdən demokratiyaya keçidə başlayır. Hökumətin qeyri hökumət təşkilatları ilə dialoqa start verməsi bunun tərkib hissəsidir. İkinci görüş bu ilin sentyabrında baş tutacaq. Ümid edirəm ki, dialoq nəhayətdə müxalifət partiyaları ilə olacaq. Çünki, siyasi partiyalar vətəndaş cəmiyyətinin aparıcı qüvvələridir”.
Onun fikrincə, keçid çox da uzun çəkməyəcək və bir neçə il ərzində baş tutacaq. “Ümid edirəm ki, bu proses sonda demokratik dövlətin yaranmasına səbəb olacaq. Prosesdə məsuliyyəti dövlət daşıyır. Ona görə də prosesin sivil, sülh şəraitində başa çatmasını təmin etməlidir”.
M.Əliyev dialoq prosesinin konstitusion dəyişikliklərə və qanunvericilikdə son illərdə edilmiş mürtəce dəyişikliklərin aradan qaldırılmasına səbəb olacağını da istisna etmir. “Son zamanlar konstitusiyaya və qanunvericiliyə edilmiş dəyişikliklər vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına xidmət edib. Bütün bunlar aradan qaldırılmalıdır. Seçki qanunvericiliyinə dəyişikliklər edilməlidir ki, müxalifət seçkilərdə beynəlxalq standartlara uyğun iştirak edə bilsin”.
O hazırda çoxsaylı siyasi məhbusun olduğu və həbslərin davam etdiyi bir zamanda başlanan dialoqun nəticələrinin müsbət olacağı ilə bağlı şübhələrə də münasibət bildirib.
“Hesab edirəm ki, son həbslər enert bir prosesin nəticəsidir. “Yəni keçmişin bir əks-sədasıdır. Başqa sözlə, gələn yeni dalğanın gedən köhnə dalğa ilə toqquşmasının nəticəsidir. Bu səbəbdən də bir tərəfdən həbslər, digər tərəfdən isə dialoqla bağlı təkliflər. Hesab edirəm ki, yeni gələn dalğa köhnə dalğanı üstələyəcək”.
Mehman Əliyev Azərbaycanda prezidentliyə namizədlik məsələsində konstitusiyaya edilmiş dəyişikliyin, yəni eyni şəxsin iki dəfədən çox prezidentliyə namizədliyini irəli sürməsi ilə bağlı müddəanın aradan qaldırılmasını mümkün sayır. “Gürcüstan variantı göstərir ki, bu mümkündür. Gürcüstanda artıq məsələ həllini tapıb. Konstitusiyada dəyişiklik edilib, tərəflər uğun və gərgin müzakirələrdən sonra qərara gəlib. Artıq, parlament seçkiləri ərəfəsində proses başlayıb və tərəflər prosesdə iştirak edir. Hesab edirəm ki, Azərbaycanda da bu reallaşa bilər və mümkündür. Amma, Azərbaycanda vəziyyət daha çətin və ağırdır. Çünki, Gürcüstanda prezident Saakaşvili demokratik islahatlar aparıb. Məsələn, korrupsiyaya qarşı mübarizədə böyük uğurlar var, amma Azərbaycanda bunlar yoxdur. Bu baxımdan Azərbaycanda həm vəziyyət ağırdır, həm də vaxt azdır. Amma, keçid qaçılmazdır və bu dialoqdan keçir”.
O, ölkədə baş nazirin statusunun artırılması, prezidentin səlahiyyətlərinin azaldılması və parlamentin rolunun artırılması ilə bağlı yeni modelin işlənməsi barədə yayılan şayiələrə də münasibət bildirib. Bu halda hakimiyyətdə siyasi dəyişiklik edilmir. Prezident baş nazir olur və siyasi proseslərdə müxalifətin, eyni ilə də vətəndaş cəmiyyətlərinin rolu artırılır. “Iki model var. Bir model Rusiya modelidir. Baş nazir və prezident rotasiya edir. Səlahiyyətlərə dəyişiklik edilmədi, ancaq rotasiya baş verdi. Ancaq, bu ölkədə müsbət dəyişikliklərə gətirib çıxarmadı. Əksinə, Rusiya zəiflədi və ölkədəki durum daha problemlidir. Digər tərəfdən Gürcüstan modeli var və bu müsbət dəyişikliklərə təkan verir. Burada parlamentin və baş nazirin səlahiyyətləri artırılıb, prezidentin qarantiya hüquqları var. Saakaşvili baş nazir olsa belə, onun qarşısında güclü parlament duracaq. Azərbaycanın son dövrlər qərb istiqamətində apardığı siyasət xəbər verir ki, o da Gürcüstan variantına üstünlük verəcək”.
XS
SM
MD
LG