Accessibility links

Məhsa Mehdili: Belə getsə, milli hərəkatda qadın qalmayacaq [Audio-Müsahibə]


“İranda bir milli fəalın qadınlara qarşı ayrı-seçkiliyi inkar etməsi, fars toplumunun türklərə, ya Azərbaycana qarşı ayrı-seçkiliyi inkar etməsinə bənzər,” deyə Məhsa Mehdili İran Azərbaycanında cərəyan edən milli hərəkatda qadın məsələsinə dair yürüdülən siyasəti sərt dillə tənqid edir. Güney Azərbaycan Azadlıq Cəbhəsinin (GAMAC) sözçüsü Amerikanın Səsinə müsahibədə qadınların milli hərəkat və ona mənsub təşkilatlardakı yerini dəyərləndirib.

Məhsa Mehdilinin dediklərinə görə, “Güney Azərbaycan Milli Hərəkatında qadınların sayı istər milli fəal, istər qadın haqları müdafiəçisi olaraq çox azdır. Bunun fərqli amilləri vardır. Ən önəmli amillərindən biri budur ki, biz İranın anti-qadın və qadına obyekt kimi baxma siyasətindən çox təsir almışıq və bu təsirdən qurtula bilmirik.”

Biz İranın anti-qadın və qadına obyekt kimi baxma siyasətindən çox təsir almışıq və bu təsirdən qurtula bilmirik.

O, əlavə edir, “Milli Hərəkat bu günə qədər qadını bir fərd kimi qazanmaqda və qadının gücünü cinsiyyətindən asılı olmayaraq bir insan kimi özünə qatmaqda çox uğursuz olubdur. Əlbəttə, öyrənci hərəkatları sahəsində, o mühitin fərqli olduğu üçün qadınlar daha fəal olublar.”

Mehdili bu problemin çözülməsi istiqamətində birinci addım olaraq İrandakı anti-qadın siyasətin təsirindən qurtulmağın gərəkli olduğunu ifadə edir:

“Milli hərəkat qadınların gücünü özünə qatmaq üçün, öncə mərkəzi hakimiyyətin yaratdığı anti-qadın mədəniyyət, qanunlar, mühit və bütün maneələri aşmalıdır. Bu mərhələ çətin mərhələdir. Ondan sonra bunu qəbul etməliyik ki, milli hərəkatın atmosferində də qadını bir fərd kimi qəbul etməkdə ciddi zəiflik var. Bu problem getdikcə yaxşılaşmır ki heç, daha da pisləşir.”

Belə davam etdiyi təqdirdə, Milli Hərəkat qadınlardan boşalacaq və anti-qadın bir imici olacaq.

Milli fəal bölgədə bu kontekstdə daha uğurlu siyasət yürüdən siyasi-ictimai hərəkatların mövcud olduğunu önə çəkir.

“Standartları yüksək tutmuram. Mənim bu haqda Türkiyədə bəzi araşdırmalarım olub. Qadın mövzusunda çox sıxıntıları olan toplumlar var ki, onlardan çıxan partiyalar və təşkilatlar qadınları cəlb edə biliblər. Misal üçün deyirəm, bunların əsasnamələrində də gətirdikləri siyasətlərindən biri budur ki, qadına qarşı şiddət/zorakılıq tətbiq edən kişiləri üzv və ya təşkilatların müxtəlif qollarının məsulu olaraq qəbul etmirlər,” deyə, Məhsa Mehdili bəyan edir.

O, bu problemin həlli üçün bəzi prinsiplərə riayət etməyin vacib olduğunu vurğulayır:

“Bu prinsip olmalıdır ki, milli hərəkatda cinsiyyət zəiflik nöqtəsi kimi görünməməli. Hətta kişiləri xanımları üzərindən vurmaq və ya birinin əlini-qolunu bağlamaq istəyəndə onu cinsiyyəti üzərindən vurmaq bir prinsipsizlikdir, əxlaqsızlıqdır. Bunu prinsip etməliyik.”

Məhsa Mehdili durumun bu şəkildə davam etdiyi təqdirdə, “Güney Azərbaycan Milli Hərəkatının qadınlardan boşalacağı və anti-qadın bir imic verəcəyini” ifadə edir.

Onlar qadına qarşı zorakılıq tətbiq edən kişiləri üzv olaraq ya təşkilatların müxtəlif qollarının məsulu olaraq qəbul etmirlər.

“Bir milli fəalın qadına qarşı ayrı-seçkiliyi inkar etməsi, bir farsın türklərə a Azərbaycana qarşı basqı və ayrı-seçkiliyi inkar etməsinə bənzər. Biz bu ayrı-seçkiliklərin ikisini də, birinə daha çox üstünlük vermədən, ortaya qoymalıyıq... Bəzən belə cavablarla qarşılaşıram ki, milli hökümətimiz qurulsun, ya biz milli haqlarımızı əldə edək, qadınların da haqları veriləcək. Bu gün bu fəallar ki, özlərini seçilmiş hesab edirlər, qadınları özləri ilə çiyin-çiyinə qəbul edə bilmirlərsə və ya yeri gələndə cinsiyyət üzərindən ona buna hücum edirlərsə, və qadınlara qarşı ruhi və fiziki zorakılıq tətbiq edənlərə heç bir məhdudiyyət tətbiq edilmirsə, bu hərəkat millətimizin yüzdə əllisini itirəcək,” deyə milli fəal əlavə edir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG