Accessibility links

“Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihəsi çərçivəsində konfrans keçirilib


2016-cı ildən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) tərəfindən həyata keçirilən “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihəsi çərçivəsində növbəti tədbir baş tutub.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, bu gün “Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizminin yaradılması” konfransı keçirilib.

Konfransda məişət zorakılığının qarşısının alınması və qurbanların müdafiəsi sahəsində müvafiq qurumlararası əlaqələndirmə şurasının yaradılması və Milli Fəaliyyət Planın hazırlanması üzrə tövsiyələrin müzakirəsi keçirilib.

Azərbaycan Milli Məclisi 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul edib.

“Bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları fəaliyyət göstərir. Bu qruplar baş vermiş zorakılıq hallarını araşdırır, qurbanın müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə funksiyaları həyata keçirir. Eyni zamanda, gender məsələləri üzrə əlaqələndirici şəxslər təyin edilib”, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd edib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin Əhali Fondunun Ölkə üzrə Nümayəndəsi Qulam İshaqzai Məişət Zorakılığı haqqında qanunvericiliyin təkmilləşdirilməsinin vacibliyini deyib.

“Zorakılıqdan zərər çəkmişlərin müdafiə və ədliyyə xidmətlərinin bütün mərhələlərində səmərəli yardım almasını təmin etmək üçün müvafiq hüquqi islahatların effektiv qabaqlayıcı və istiqamətləndirmə mexanizmləri ilə müşayiət olunması vacibdir. Bu prosesin gücləndirilməsi üçün biz gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirlərinin görülməsi üzrə Hökumətə yüksək səviyyəli texniki yardım göstərmişik”, o qeyd edib.

ABŞ səfirliyinin missiya rəhbərinin müavini Uilyam Gil Azərbaycan hökuməti tərəfindən “Məişət zorakılığı haqqında” qanunun qəbul edilməsini böyük nəaliyyət hesab edir.

“Ümid edirik ki, birqə səylər nəticəsində gender əsaslı zorakılığın qarşısının alınması üçün effektiv milli istiqamətləndirmə və müdafiə mexanizmi təsis ediləcək”, o qeyd edib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG