Meksika prezidenti Andres Manuel Lopez Obrador çərşənbə günü Vaşinqtona ilk rəsm səfəri çərçivəsində prezident Donald Trampla görüşəcək. O, hazırda koronavirus testinin nəticələrini gözləyir.
Lopez Obrador testin nəticələrini çərşənbə axşamı açıqlayacağını və protokol çərçivəsində ABŞ-a gələndən sonra da başqa bir testdən keçə biləcəyini deyib.
Ağ Ev yaydığı bəyanatda hər iki liderin iyulun 1-də qüvvəyə minən tarixi Birləşmiş Ştatlar-Meksika-Kanada razılığını tanıyacaqlarını bildirib.
Meksika lideri deyib ki, onun Vaşinqtona səfəri önəmlidir, çünki pandemiyanın bir çox dünya iqtisadiyyatını iflic vəziyyətə qoyduğu bir vaxt bu razılıq Şimali Amerikada yeni iş yerləri yaratmağı hədəfləyir.
Bəzi siyasi müşahidəçilər Lopez Obradoru Ağ Evin dəvətini rədd etməyə çağırıb və buna səbəb olaraq Trampın 2016-cı il prezident seçki kampaniyası zamanı bəzi meksikalıları cinayətkarlar kimi təsvir etməsini və sərhəddə divarın inşasını təbliğ etməsini göstərib.
Bu arada i Kanadanın baş naziri Castin Trudo Ağ Evin dəvətini rədd edib. Ancaq Lopez Obrador Trudonun onunla Meksikada görüşməyə razılıq verdiyini qeyd edib.