İyunun 6-da Bakıda Formula 1 üzrə dünya çempionatının altıncı mərhələsi - Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilib.
Qran-Pridə hər birində iki pilot olan on komanda mübarizə aparıb. Pilotlar uzunluğu 6 kilometr, yürüş marşrutunun ümumi məsafəsi 306 kilometr olan Bakı şəhər halqasında iki saat ərzində 51 dövrə vurub.
Azərbaycan Qran-Prisi “Red Bull Racing Honda” komandasının meksikalı pilotu Serxio Peresin qələbəsi ilə başa çatıb. O, Bakı şəhər halqasında 51 dövrəni hamıdan tez (1:44.703) başa vuraraq podiumda birinci pillənin sahibi olub. İkinci yerdə “Aston Martin” komandasının almaniyalı sürücüsü Sebastian Fettel (1:45.138) qərarlaşıb. “AlphaTauri” komandasının fransalı sürücüsü Pyer Qasli (1:45.588) isə yarışı üçüncü sırada tamamlayıb.
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə iyunun 4-də start verilib. Yarışın birinci günündə pilotlar Bakı trekində iki sərbəst yürüşdə mübarizə aparıblar. Ötən gün isə Formula 1 pilotları üçüncü sərbəst yürüş və sıralanma turunda mübarizə aparıblar. Sıralanma yürüşündən sonra Formula 1 Azərbaycan Qran-Prisində pilotların düzülüşü müəyyənləşib. Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışları da keçirilib.
Xatırladaq ki, Formula 1 yarışı Azərbaycanda 2016-cı ildən keçirilir. Birinci yarışda – Formula 1 Avropa Qran-Prisində “Mercedes” komandasının almaniyalı pilotu Niko Rosberq qalib gəlib. 2017-ci ildə təşkil olunan Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing Honda” komandasının avstraliyalı pilotu Daniel Rikkiardonun qələbəsi ilə başa çatıb. Ondan bir il sonra isə “Mercedes” komandasının britaniyalı sürücüsü Luis Hamilton Bakı şəhər halqasını fəth edib. 2019-cu ildə Formula 1 idmanı tarixində sayca 1001-ci Qran-Pri olan Bakı yarışında “Mercedes” komandasının pilotu Valtteri Bottas qalib adını qazanıb. Ötən il koronavirus pandemiyası ilə əlaqədar Formula 1 üzrə dünya çempionatının bir neçə mərhələsi, o cümlədən Azərbaycan Qran-Prisi ləğv edilib.
Formula 1 üzrə dünya çempionatının növbəti – yeddinci Qran-Prisi iyunun 18-20-də Fransada keçiriləcək. Çempionatın sonuncu – 23-cü Qran-Prisi isə dekabrın 10-12-də Əbu-Dabidə təşkil olunacaq.