Accessibility links

Melaniya Tramp Çelsi Klintona oğlu Barrona dəstəyə görə təşəkkür edib


ABŞ-ın birinci xanımı Melaniya Tramp keçmiş prezident Bill Klintonun qızı Çelsi Klintona oğlu Barrona dəstəyə görə sosial mediada təşəkkürünü bildirib.

Melaniya Tramp Tvitter səhifəsində yazıb: “Təşəkkür edirəm, Çelsi Klinton- uşaqlarımızın hamısının özləri kimi olmasını müdafiə etmək olduqca mühümdür.” Birinci xanım yazısını #StopChildhoodBullying (uşaqlara qarşı şiddətə son) heşteqi ilə bölüşüb.

Çelsi Klinton 11 yaşlı Barronu mühafizəkar The Daily Caller qəzetində onun geyim stilinin tənqid edilməsindən sonra müdafiə edib. “Barron Trampın Ağ Evə uyğun tərzdə geyinməsi vaxtıdır” başlıqlı məqalədə Barronun bazar günü prezident Tramp və anası Melaniya ilə ABŞ prezidentləri və onların ailə üzvlərini daşıyan Air Force One təyyarəsindən enərkən futbolka və şort geyinməsi kəskin tənqid edilib.

ABŞ prezidenti Donald Tramp, birinci xanım Melaniya Tramp və onların oğlu Barron Tramp
ABŞ prezidenti Donald Tramp, birinci xanım Melaniya Tramp və onların oğlu Barron Tramp

“Trampın kiçik oğlu prezidentin oğlu kimi heç bir məsuliyyət daşımır, amma o ən azından ictimaiyyət qarşısına çıxanda düzgün geyinməlidir”, deyə qəzetin müxbiri Fred Springer yazıb.

Məqalə ictimaiyyət tərəfindən geniş tənqidlərə səbəb olub. Çelsi Klinton isə Tvitter səhifəsində məqalə müəllifinin mesajına cavab olaraq Barron Trampın müdafiəsinə qalxıb.

Çelsi Klinton
Çelsi Klinton

​“Əziz Matti-Baron UŞAQDIR. Heç bir uşaq haqda nə real həyatda, nə də onlayn bu şəkildə danışmaq olmaz. Böyük adam isə belə iş görəndə? Ayıbdır”

Çelsi Klinton məqalənin nəşrindən sonra bazar ertəsi yazdığı ilk Tvitter mesajında da Barrona dəstək bildirib.

“Media və hamı Barron Trampı rahat buraxmalıdır və onun layiq olduğu kimi uşaqlıq həyatını yaşamasına imkan verməlidir.”

Bunun ardınca Melaniya Tramp Çelsi Klintona Tvitterdə təşəkkürünü bildirib.

Məqalənin nəşr edilməsindən sonra Ağ Ev mediadan prezidentin övladının özəl həyatına müdaxilə etməməsini istəyib.

“Bütün əvvəlki administrasiyalar kimi biz mediadan Barronun özəl həyatına müdaxilə etməməsini istəyirik. O, uşaqdır və uşaq kimi özəl həyatı olmasına layiqdir”, deyə Melaniya Trampın ofisinin açıqlamasında bildirilir.

Çelsi Klintona gəldikdə isə bu, artıq ikinci dəfədir ki, o, prezident Donald Tramp və Melaniya Trampın yeganə övladı olan Barronu sosial mediada müdafiə edir.

ABŞ prezidenti Donald Tramp, birinci xanım Melaniya Tramp və onların oğlu Barron Tramp Ağ Evin balkonunda ABŞ-da Günəşin tutulmasını izləyirlər
ABŞ prezidenti Donald Tramp, birinci xanım Melaniya Tramp və onların oğlu Barron Tramp Ağ Evin balkonunda ABŞ-da Günəşin tutulmasını izləyirlər

Barron Tramp yanvar ayının 20-də atası Donald Trampın ABŞ-ın 45-ci prezidenti kimi Vaşinqtonda andiçmə mərasimi və bundan sonrakı parad zamanı internetdə gülüş hədəfinə çevrilib, ünvanına zarafatlar və təhqiramiz ifadələr söylənildiyi zamanda da Çelsi Klintondan dəstək almışdı.

“Barren Trampın bütün uşaqlar kimi uşaq olmaq hüququ var”-Çelsi Klinton həm Facebook, həm də Tvitter sosial media saytlarında yazmışdı.

Bill Klintonun hakimiyyəti dövrü özü də Amerikanın birinci övladı olmuş Çelsi Klinton prezident övladlarının özəl həyatına müdaxilənin nə demək olduğunu yaxşı bilir.

Klintonların, xüsusilə də o zaman birinci xanım olan Hillari Klintonun Çelsinin Ağ Evdə özəl həyatının qorunmasına olduqca böyük diqqət verməsinə baxmayaraq, 12 yaşlı Çelsi Klinton Saturday Night Live komediya şousunun gülüş hədəfinə çevrilmişdi.

Hazırda iki övlad anası olan Çelsi Klinton sosial mediada uşaqlara qarşı şiddət və təhqir kimi hallarla mübarizəni qızğın şəkildə dəstəkləyir.

Melaniya Tramp isə birinci xanım kimi uşaqların sosial mediada təhqir və zorakılıqla qarşılaşmasına qarşı mübarizəni özünün əsas prioritetlərindən biri edib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG