Accessibility links

Merkel özünü karantinə alıb


Almaniya kansleri vəzifələrinin icrasını evdən davam etdirəcək

Almaniya kansleri Angela Merkel koronavirus təhlilləri müsbət nəticə vermiş həkimlə kontaktdan sonra özünü evində karantinə alıb.

Merkel ona cümə günü pnevmokok vaksini etmiş həkimin koronavirusa yoluxduğu haqda bazar günü keçirdiyi mətbuat konfransından sonra məlumat alıb. Bu haqda ona Almaniya hökumət nümayəndəsi Şteffen Zaybert məlumat çatdırıb.

Onun sözlərinə görə, Merkel məlumatı aldıqdan dərhal sonra özünü evdə karantinə almaq qərarı verib. Qarşıdan gələn günlər onun müntəzəm olaraq təhlilləri alınacaq və Almaniya kansleri vəzifələrinin icrasını evdən davam etdirəcək.

Merkel keçirdiyi mətbuat konfransında Almaniyada koronavirusa qarşı mübarizə çərçivəsində ictimai yerlərdə iki nəfərdən artıq görüşlərin qadağan olunduğunu elan edib. İki həftə müddətində tətbiq edilmiş qadağa ailələrə və iş yerlərində görüşlərə aid edilməyəcək.

Almaniyada 23000-dən çox yoluxma halı təsdiq edilib. Koronavirus səbəbi ilə ölənlərin sayı 92 nəfərdir.

Avropa hazırda koronavirusun yayılmağa davam etdiyi vaxt epidemiyanın episentridir.

XS
SM
MD
LG