Accessibility links

Angela Merkel aprelin 27-də ABŞ-a rəsmi səfər edəcək


Almaniya kansleri Angela Merkel aprelin 27-də ABŞ-a rəsmi səfər edəcək.

Yüksək səlahiyyətli ABŞ rəsmisinin bildirdiyinə görə, səfər çərçivəsində İranla nüvə razılığı və transatlantik əlaqələr müzakirə ediləcək.

Merkelin səfəri Fransa prezidenti Emmanuel Makronun Vaşinqton səfərindən 3 gün sonraya planlaşdırılıb.

Avropa İttifaqının iki aparıcı üzvünün liderləri blokun polad və alüminium tariflərindən daimi şəkildə azad edilməsinə çalışacaq. İttifaq tariflərdən mayın 1-dən azad edilib.

Merkelin ABŞ-a səfəri Trampın İranla nüvə razılığından çıxmasına qoyduğu son möhlətdən, yəni mayın 12-dən əvvəl baş tutacaq.

Merkel ofisi səfərlə bağlı şərh verməyib.

Ötən həftə Almaniya kansleri Angela Merkel və ABŞ prezidenti Donald Tramp arasında Suriyadakı müharibə və Rusiyanın nüvə silaharları haqqında telefon danışığından öncə, iki lider beş ay ərzində bir-biri ilə söhbət etməyiblər.

Atlantik okeanının hər iki tərəfində olan diplomatlar bu müddətin həddindən artıq uzun olduğunu və bu ilin sonuna qədər koalisiya qurmağa müvəffəq olacağı halda Merkelə Tramp ilə münasibətlərini yenidən qurmağa çətinliklər yarada biləcəyini bildirirlər.

Sıx transatlantik münasibətlərin tərəfdarı olan Merkel qlobal maliyyə böhranı, İranın nüvə proqramı və Rusiyanın Krımı ilhaq etdiyi dövrdə sabiq ABŞ prezidentləri Barak Obama və Corc Buş üçün Avropada üz tutduqları əsas lider idi.

Lakin Almaniya liderinin Tramp ilə münasibətləri ilk günlərdən bəri çox soyuq olaraq qalır.

Təhlilçilər narahatdırlar ki, ticarət mövzusunda translatlantik gərginlik, İran nüvə sazişi və NATO-nun müdafiə xərcləri məsələlərində liderlər arasında olan fikir müxtəliflikləri ikitərəfli münasibətlərin pozulmasına gətirib çıxara bilər.

Almaniya höküməti rəsmiləri Merkel və Tramp arasındakı “radio sakitliyin” əhəmiyyətini kiçildərək qeyd edirlər ki, kansler Almaniyadakı mürəkkəb koalisiya danışıqları dövründə xarici liderlərlə əlaqə saxlamağa nisbətə az vaxt ayıra bilib.

Onlar əlavə edirlər ki, Almaniya və Birləşmiş Ştatlar arasında hökümətin aşağı səviyyələrində münasibətlər möhkəm olaraq qalır.

XS
SM
MD
LG