Accessibility links

Barak Obama: "Putin ölkənin iqtisadiyyatını daha da zəiflətmək istəyirmi?"


G7 ölkələri bu gün Rusiyaya xəbərdarlıq edərək bildirib ki, Moskva Ukraynada Rusiya tərəfdarı üsyançılarla Kiyev qüvvələri arasındakı döyüşlərə son qoymağı nəzərdə tutan atəşkəs şərtlərinə tam əməl etməsə Kremlə qarşı iqtisadi sanksiyalar gücləndirilə bilər.

ABŞ prezidenti Barak Obamanın sözlərinə görə, Ukrayna münaqişəsindəki fəaliyyətlərinə və Krım yarımadasını ilhaqına görə Rusiyaya təzyiqlərin artırılmasına dair güclü konsensus var.

Cənab Obama deyib ki, Rusiya prezident Vladimir Putin bir sual qarşısındadır - o, Sovet İmperiyasının qüdrətinin yenidən bərpası kimi yanlış fəaliyyətlərlə ölkəsinin iqtisadiyyatını zəiflətməyi davam etdirmə istəyirmi?

"Rusiyanın Ukraynadakı addımları Rusiyaya və rus xalqına ziyan vurur" - deyə cənab Obama Almaniyada keçirilən G7 samiitində keçirdiyi mətbuat konfransında bildirib.

----------------

Bu gün Böyük 7-lərin Almaniyada görüşünün sonuncu günü diqqət iqlim dəyişikliyi və enerji məslələrinə yetirilib və eləcə də Afrika ölkələrindən olan həmkarlarla müzakirələr aparılıb.

Ağ Evin bildirdiyinə görə, bazar günü sammit başlamazdan əvvəl Birləşmiş Ştatlar prezidenti Barak Obama və Almaniya kansleri Angela Merkel təkbətək görüşərək, Rusiyaya qarşı iqtisadi sanksiyaların bu ölkənin Ukraynaya təcavüzünə son qoyduğu təqdirdə ləğv ediləcəyi barədə razılığa gəliblər.

Almaniyanın ictimai yayım kanalı ARD-yə verdiyi müsahibəsi zamanı kansler Merkel deyib ki, Ukraynada mövcudluğu davam etdiyi müddətdə Moskva Böyük 7-lərdən (G 7) kənarda qalacaq. "Hazırda məhdudiyyət mövcuddur və mən bunun necə aradan qaldırılacağını bilmirəm" - deyə xanım Merkel bildirib.

Artıq iki ildir prezident Vladimir Putin sammitə dəvət edilmir. Birinci il buna səbəb Krım yarımadasının Rusiya tərəfindən ilhaqı olmuşdu.

XS
SM
MD
LG