Accessibility links

Jurnalist yenidən prokurorluqda dindirilir


Anar Məmmədov
Anar Məmmədov

Criminalaz.com saytının rəhbəri Anar Məmmədov yenidən prokurorluğa çağırılıb. Bu barədə jurnalistin özü bildirib.

Anar Məmmədova Baki şəhər Prokurorluğundan zəng ediblər. Onun iyulun 24-də saat 15:00-da prokurorluqda olmasını istəyiblər.

Deyilən vaxtda prokurorluqda olacağını bildirən jurnalistə çağırışın səbəbləri haqda ətraflı məlumat verilməyib. Anar Məmmədov bundan öncə də bir neçə dəfə Baki şəhər Prokurorlugunda dindirilib.

Dindirmə jurnalistin rəhbərlik etdiyi criminalaz.com saytında Gəncə olayları ilə bağlı yayılan məqalələrə görə açılmış cinayət işi ilə əlaqədardır.

Anar Məmmədov indiyədək prokurorluqda 50 saat dindirildiyini açıqlayıb.

Baş Prokurorluğun məlumatına görə, iyulun 3-də Gəncədə icra hakimiyyəti başçısı və polis əməkdaşına sui-qəsdlə bağlı bəzi media orqanlarında həqiqətə uyğun olmayan, təxribat xarakterli informasiyalar yayılıb. Fakt üzrə Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddələriylə cinayət işi başlanıb.

Prokurorluq bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az internet saytlarına girişin məhdudlaşdırılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.

Bundan sonra həmin saytların rəhbərləri və əməkdaşları ardıcıl bir neçə gün prokurorluğa çağırılaraq dindirilib. Anar Məmmədov deyir ki, ötən həftə prokurorluqda bir neçə gün ərzində ümumilikdə 50 saat dindirilib.

Ardından bu cinayət işi üzrə istintaqa daha iki sayt –gununsesi.info və teref.info da cəlb edilib, adları çəkilən internet resurslarına ölkə daxilində giriş məhdudlaşdırılıb.

Gununsesi.info-nun rəhbəri Pərviz Həşimli bildirib ki, o da prokurorluqda dindirilib, telefonu və kompüteri alınıb.

Mütəxəssislər baş verənləri söz və ifadə azadlığının məhdudlaşdırılması kimi dəyərləndirir.

Bundan öncə də ölkədə bir sıra tənqidçi saytların bloklanmasına qərar verilib. Beynəlxalq təşkilatlar bu addımı tənqid edib.

XS
SM
MD
LG