Accessibility links

Metyu Brayza: ABŞ və Azərbaycanın üç ümumi strateji marağı var: təhlükəsizlik, energetika və daxili islahatlar


Metyu Brayza: ABŞ və Azərbaycanın üç ümumi strateji marağı var: təhlükəsizlik, energetika və daxili islahatlar
Metyu Brayza: ABŞ və Azərbaycanın üç ümumi strateji marağı var: təhlükəsizlik, energetika və daxili islahatlar

Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza yerli Trend agentliyinə müsahibə verib. Müsahibədə təhlükəsizlik üzrə dialoq, Xəzərdə əməkdaşlıq, prezidentlərin Kazan görüşünün yekunları , Azərbaycanın iqtisadi inkişafı, Transxəzər qaz kəməri ilə bağlı danışılır.

ABŞ-Azərbaycan münasibətləri möhkəmdir və bundan sonra daha da möhkəmlənəcək. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Metyu Brayza 4 İyul - ABŞ Müstəqillik Günü ərəfəsində Trend-ə müsahibəsində bildirib.

"Bir neçə ay ərzində biz çətin dövrdən keçdik, lakin mən əminəm ki, təkcə mənfi tendensiyaları dəf etmədik, həm də bizə irəliləməyə imkan verən kifayət qədər möhkəm baza yaratdıq",- o hesab edir.

Onun sözlərinə görə, ABŞ və Azərbaycanın üç ümumi strateji marağı var: təhlükəsizlik sahəsi, energetika və daxili islahatlarla bağlı maraqlar. "Müəyyən qaydada olması mütləq deyil, lakin biz hesab edirik ki, maraqların bu üç növü irəliləməlidir. Eyni zamanda, biz geniş mənada strateji məqsədlərimizə çatmalıyıq və ona görə də stabil və dərin tərəfdaşlığa malik olmalıyıq", - diplomat qeyd edib.

Təhlükəsizlik üzrə dialoq

Brayza bildirib ki, ötən cümə günü keçirilən və təhlükəsizlik üzrə ikitərəfli dialoqa həsr edilmiş görüş çox müsbət və bir sıra konkret nəticələrə malik olub. "Biz Azərbaycana özünün həyati əhəmiyyətli enerji infrastrukturunu müdafiə etmək və Bakıya hərbi təlimlərin və əməkdaşlıq proqramlarının keçirilməsi sahəsində kömək etmək üçün əməkdaşlığımızı dərinləşdirməyə hazırlaşırıq. Onlardan biri avqustda Rumıniyada, ikincisi isə Almaniyada yüzdən artıq azərbaycanlı əsgərin və onların NATO-dan olan tərəfdaşlarının iştirakı ilə keçiriləcək", - səfir deyib.

Diplomatın sözlərinə görə, görüşdə tərəflər ümumi strateji məqsədlərə çatmaq və hətta bu ümumi strateji məqsədləri tapmaq üçün birlikdə necə işləmək barədə fikir mübadiləsi aparmaq imkanına malik olublar. "Vaxtaşırı olaraq müttəfiqlərlə, dostlarla və tərəfdaşlarla günləliyi tutuşdurub yoxlamaq lazımdır, çünki birgə işləmədən məqsədlərə nail olmaq çətindir. Bəzən digər tərəflə bizim məqsədlərimizin müxtəlif olması hiss olunur, lakin perspektivdə məqsədlərimizin ümumi olduğunu sübut etmək bizə vacibdir", - səfir bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar əmin olmalıdır ki, Vaşinqton tərəfdaşları ilə eyni məqsədlərə malikdir, daha sonra isə digər tərəflə taktikada düzəliş etmək lazımdır ki, bu da son aylarda təşəbbüs göstərilən hərəkətlərə aydınlıq gətirir.

Beləliklə, Brayza Bakı danışıqlarını uğurlu hesab edir.

Xəzərdə əməkdaşlıq

Səfir bildirib ki, ABŞ bir çox illər ərzində Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrinə investisiyalar sahəsində Azərbaycan və beynəlxalq şirkətlərlə işləyir ki, bu layihələrin təhlükəsizliyini təmin etməyə kömək etsin.

"Xəzər dənizində Azərbaycanın təbii sərvətlərinin keçdiyi sualtı boru kəmərləri və neft-qaz platformaları kimi məhdud sayda çox vacib infrastruktur elementləri mövcuddur", - Brayza deyib.
"Bununla yanaşı, bu infrastruktur təbii qaz, eləcə də neft tədarükünün şaxələndirilməsində maraqlı olan avropalı müttəfiqlərimiz üçün çox vacibdir", - Brayza hesab edir.

"Biz azərbaycanlı tərəfdaşlarımıza və dostlarımıza ölkənin daima gözlənilməz risklərlə qarşılaşa biləcəyini anlamaqda kömək edə bilərik. Meksika körfəzində iri neft axıntısı zamanı biz belə halla üzləşdik", - səfir deyib.

ABŞ artıq belə hallarla üzləşib. Haradasa səhvə yol vermişik, haradasa uğur qazanmışıq. "Biz bu təcrübəni azərbaycanlı tərəfdaşlarımızla bölüşmək və azərbaycanlı dostlarımıza ola bilsin ki, onların heç də həmişə nəzərə almadıqları riskləri anlamaqda kömək etmək istərdik. Eyni zamanda, onlara ehtimal etdikləri risklərə daha yaxşı reaksiya verməyi ölçüb-biçməkdə kömək etmək istərdik", - Brayza deyib.

Səfir hesab edir ki, əgər bu prosesə elmi nöqteyi-nəzərdən yanaşılsa, beynəlxalq bazarda hansı avadanlıq və texnologiyaların əldə edilə biləcəyi Azərbaycan üçün xüsusilə faydalı ola bilər.

"Beləliklə, biz azərbaycanlı tərəfdaşlarımıza və dostlarımıza onların real tələbatlarının olduğu texnologiya və avadanlıqları tapmaqda kömək etmək istəyirik. ABŞ-ın digər regionlarda, misal üçün Fars körfəzindəki dostları ilə də baş verən bu proses bir neçə müddət ərzində davam edəcək", - Brayza bildirib.

Prezidentlərin Kazan görüşünün yekunları

Brayza bildirib ki, ABŞ, Rusiya və Fransa prezidentləri Barak Obama, Dmitri Medvedev və Nikola Sarkozi Dovildə verdikləri bəyanatda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə öz ümidlərini dəqiq ifadə ediblər.

Onun sözlərinə görə, həmin bəyanatda prezidentlər bəyan ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi üçün "baza prinsipləri" üzərində işi tamamlamağın vaxtı çatıb.

Səfir bildirib ki, onlar həmçinin aydın şəkildə anlatdılar ki, həqiqətən də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının sülh yolundan başqa heç bir yolu yoxdur. "Lakin Kazanda tərəflər irəliləyişə və baza prinsipləri üzərində işi başa çatdırmağa nail ola bilmədilər. Lakin anlayıram ki, danışıqlar davam edir, proses davam edir və tərəflər yenidən görüşəcəklər və masa üzərində qalan məsələləri yenidən işləməyə çalışacaqlar", - bundan əvvəl ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Brayza deyib.
Səfirin fikrincə, bu prosesdə ABŞ Prezidentinin dəstəyi çox vacibdir ."Məlum olduğu kimi, Prezident Obama Kazandakı görüşə bir gün qalmış prezidentlər İlham Əlievə və Serj Sarkisyana zəng vurub. Prezident Medvedev bu görüşdə şəxsən iştirak edib. Prezident Sarkozi isə Kazan görüşünə az qalmış bu prosesin davam etdirilməsinə sadiqliyini ifadə edib. Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin dəstəyinin davam etdiriləcəyini gözləyirəm ", - o deyib.

Azərbaycanın iqtisadi inkişafı

"Hamı Azərbaycanın neft-qaz sahəsi haqqında bilir və bu sahə təkcə Azərbaycanın neft və qazının olmasına görə deyil, həm də Azərbaycan hökuməti tərəfindən qəbul dilən çox müdrik strateji və taktiki qərarlar sayəsində uğur qazanıb", - Brayza deyib.

Onun sözlərinə görə, əlbəttə, hər şey 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə başladı. O zaman Heydər Əliyev neft-qaz sektorunun inkişaf etdirilməsi və ən qabaqcıl dünya texnologiyalarının cəlb edilməsi üçün çoxlu sayda xarici şirkətləri Azərbaycana dəvət etdi .

O hesab edir ki, bu siyasət bir çox illər ərzində neft-qaz sahəsinin qorunması, dəstəklənməsi və hətta iqtisadiyyatın digər sahələrinin üzləşdiyi bir çox problemlərdən mühafizə olunması üçün Azərbaycan hökuməti tərəfindən davam etdirilib. "Hesab edirəm ki, hazırda kənd təsərrüfatı sahəsində də buna bənzər nəsə etmək olar. Azərbaycan, neft və qaz sahəsinin son bir neçə il ərzində irimiqyaslı inkişafı istisna olmaqla, 1880-ci illərdən 1900-cü illərin əvvəllərinədək aqrar iqtisadiyyat dövləti olub", - Brayza deyib.

Səfirin sözlərinə görə, Azərbaycan hökumətinin özünün kənd təsərrüfatına yatırımlarını davam etdirməsi son dərəcə vacibdir . Həm də çox vacibdir ki, bu kontekstdə ABŞ və Avropanın kənd təsərrüfatı biznesinin nümayəndələri ilə tərəfdaşlıq əlaqələri yaradılsın .

Brayza hesab edir ki, həmçinin, beynəlxalq birliyin Azərbaycan hökuməti ilə birgə xırda fermer təsərrüfatlarına yardım göstərmək üçün mümkün olan hər şeyi etməsi də çox vacibdir. "Biz daha effektiv olmaları üçün onlara kömək etməliyik, onlara öz məhsullarına görə müvafiq pul verməliyik ki, xırda fermer təsərrüfatları tədricən öz yüksək keyfiyyətli məhsullarına görə ədalətli haqq alan xırda sahibkarlara çevrilsinlər. Beləliklə , kənd təsərrüfatı sahəsində çox işlər görmək lazımdır və mən bunu çox maraqlı sahə hesab edirəm", - səfir bildirib.

Onun sözlərinə görə, informasiya texnologiyaları sahəsində də çox işlər görülməlidir. "Biz şadıq ki, Azərbaycan peyk əlaqəsi üçün ABŞ-ın " Orbital Sciences" şirkətinin peykini almağa qərar verib" , - o deyib.

Brayzanın sözlərinə görə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov yenilikləri səmimi qəbul edir və o, informasiya texnologiyaları sahəsində ABŞ şirkətləri ilə möhkəm tərəfdaşlıq əlaqələri qurub. "Biz istərdik ki, bu, gələcəkdə də davam etsin ", - səfir deyib.
Onun sözlərinə görə , habelə nəqliyyat sahəsi də amerikalı sərmayədarların azərbaycanlı həmkarları ilə tərəfdaşlıq əlaqələrinin dərinləşə və möhkəmlənə biləcəyi sahələrdən ola bilər. Bu sahədə yol tikintisi, eləcə də Ələtdə beynəlxalq limanın tikintisi layihələri var. Brayza bildirib ki, Niderland şirkəti layihənin mühəndis işlərinə rəhbərlik edir, lakin o, xarici və ABŞ şirkətlərinə də geniş imkanlar verib . "İri yüklərin daşınmasında Azərbaycandan Şərqdə yükboşaltma məntəqəsi kimi istifadə etməklə hava daşımaları da əməkdaşlığın daha bir sahəsi ola bilər . İndi olduğu kimi, bu, Əfqanıstan ola bilər , habelə yüklər onun hüdudlarından kənara, Çinə və Uzaq Şərqə tədarük oluna bilər. Yerüstü və hava daşımaları sahəsində görüləsi çox işlər var . Burada ABŞ şirkətləri üçün də çoxlu imkanlar var ", - o deyib.

Transxəzər qaz kəməri

O bildirib ki, bu gün 2005 və 2006-cı illərlə müqayisədə Xəzər qazının Avropaya nəqli məsələsində irəliləyiş var. "İndiyədək dünyanın bu hissəsinin, eləcə də Avropanın strateji və iqtisadi xəritələrində dəyişikliklər edilib, bütöv kompleks tədbirlər görülüb ki, bu da çox yaxşıdır. Bu, hamı üçün çox rahatdır", - Brayza deyib.

Onun sözlərinə görə, bu gün Avropa ölkələri və Avropa şirkətləri Avropanın qaz bazarında rəqabətin artırılması üçün azərbaycanlı tərəfdaşlarla işləyirlər. "Və bu, böyük irəliləyişdir. Bu, həmin bazarda rəqabət aparanların hamısı, eləcə də Rusiya şirkətləri üçün çox yaxşıdır. Ona görə də vaxt keçdikcə rəqabət daha rəqabətqabiliyyətli, daha effektiv, güclü olmağa vadar edir ki, bu da hamı üçün yaxşıdır ", - o deyib .

Transxəzər qaz kəmərinə gəldikdə, səfirin sözlərinə görə, bu zaman ABŞ və onun qazdan istifadə edəcək avropalı müttəfiqləri hesab edirlər ki, Avropanı "Cənub dəhlizi" vasitəsilə təchiz etmək üçün Xəzər dənizinin şərq tərəfindən bir qədər qaz həcmləri tədarük etmək əhəmiyyət kəsb edir .

Səfir hesab edir ki, Xəzər dənizindəki bəzi yataqlar və ya onun sahili üçün bu, nisbətən daha effektiv ixrac rejimidir.
Brayzanın sözlərinə görə , əlbəttə, Birləşmiş Ştatlar Xəzəryanı dövlətlərdən qaz almır və çətin ki, nə vaxtsa alsın . " Lakin biz təbii qaz istehsal edən tərəfdaşlarımızın müstəqil dövlət kimi öz talelərini həll etməyə qadir olmasında maraqlıyıq . Əgər onlar qazı bu və ya digər istiqamətdə göndərməyi qərara alsalar, biz hesab edirik ki, onlar bunu etmək hüququna malik olmalıdırlar və ümid edirik ki, onlardan bəziləri özləri üçün Avropaya yol çəkəcəklər. Və biz yalnız onların bunu etmək üçün üsul tapacaqlarına ümid edə bilərik", - Brayza bildirib.

XS
SM
MD
LG