Accessibility links

Metyu Brayza: Enerji, təhlükəsizlik və insan hüquqları kimi maraqlar dairəsi Bayden administrasiyası üçün də əsas olaraq qalacaq


Metyu Brayza: Enerji, təhlükəsizlik və demokratik islahatlar kimi maraqlar dairəsi Bayden administrasiyası üçün də əsas olaraq qalacaq
please wait

No media source currently available

0:00 0:10:00 0:00

ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Amerikanın Səsinə müsahibədə ABŞ Dövlət katibi Antoni Blinken və Azərbaycan Prezidenti İlham Əliyev arasında bu həftə baş tutan telefon söhbəti, Bayden administrasiyasının Azərbaycanla bağlı siyasəti, Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti və ABŞ-ın Cənubi Qafqaz regionu ilə bağlı xarici siyasət prioritetləri haqda danışıb.

Amerikanın Səsi: ABŞ Dövlət katibi Antoni Blinken və Azərbaycan Prezidenti İlham Əliyev telefon söhbəti zamanı ikitərəfli tərəfdaşlıq münasibətlərinin vacibliyini vurğulayıb və bir sıra məsələləri müzakirə ediblər. Dövlət katibi Azərbaycan prezidenti ilə söhbəti ikitərəfli münasibətlərin əhəmiyyətini vurğulamaq üçün yaxşı bir imkan kimi qiymətləndirib. Bu, ABŞ Dövlət katibi və Azərbaycan Prezidenti arasında ilk telefon söhbətidir. Səfir Brayza, ki ölkə arasında münasibətlərin durumu haqda nə söyləyə bilərsiniz?

Metyu Brayza: Mən düşünürəm ki, bu telefon söhbəti bizim birlikdə gördüymüz bütün işlərin davam etdiyinə işarə edir. Başlanğıcda bütün administrasiyalarda olduğu kimi Yer kürəsində hamı yeni komanda ilə danışmaq istəyir. Sözün həqiqi mənasında, hər bir ölkə ya telefon söhbəti və ya üz-üzə görüşmək istəyir. Bayden administrasiyasına gəldikdə, bildiyiniz kimi, bu, onun ABŞ-ın özündə pandemiyaya qarşı mübarizəyə yönəlmiş prioritetlərinin olduğu bir zaman baş verir. O, hakimiyyətə gəldiyi 100 gün ərzində 200 milyon amerikalının vaksinasiya olunmasına nail olub. O, iqtisadi yardımla bağlı nəhəng qanun layihələri ilə iqtisadiyyatın bərpası ilə məşğul olmalıdır. Amerikada irqi gərginliklər və qeyri-bərabərliklə bağlı məsələlərlə məşğul olmalıdır. Bundan sonra xarici siyasətə çatanda onlar İranla nüvə sazişinə qayıtmağa çalışır. İlk öncə Çin, bütün Yaxın Şərq, Rusiya və hazırda diqqət mərkəzində olan Ukrayna ilə məşğul olmaldır. Buna görə də məni belə yüksək səviyyədə telefon söhbətinin belə uzun müddətdə baş tutması təəccübləndirmədi. Amma bunun vaxtı gəlmişdi, bunun baş tutması lazım idi və mənim fikrimcə, onlar düzgün seçim edib. Mən Gürcüstanın siyasi böhrandan keçməsinə baxmayaraq, Gürcüstan rəhbərliyinə bu səviyyədə zəng edildiyini düşünmürəm. Onların indi danışmasını yaxşı hesab edirəm. Bu onu göstərir ki, bizim birlikdə işlədiyimiz şeylər, Dövlət Departamentinin və eləcə də Azərbaycan tərəfinin açıqlamalarında bəhs edilən, on illərdir gündəmdə olan məsələlər davam edir və indi biz bilirik ki, yüksək səviyyədə diqqət var. Ümid edirəm ki, Bayden administrasiyası Azərbaycanla tərəfdaşlığımızı dərinləşdirmək üçün strateji çərçivə hazırlayacaq.

Amerikanın Səsi: Dövlət katibi telefon söhbəti zamanı insan hüquqları və fundamental azadlıqlara hörmət edilməsinin vacibliyini qeyd edib. Bayden administrasiyası insan hüquqları və demokratiya məsələlərini xarici siyasətin diqqət mərkəzində saxlamağa söz verib. Bayden administrasiyası dönəmində ABŞ-ın Cənubi Qafqazda xarici siyasət prioritetləri nədən ibarətdir?

Metyu Brayza: Bayden administrasiyası Cənubi Qafqazda prioritetlərinin nə olduğunu hələ bildirməyib, hələ bir strategiyası yoxdur, amma bu son onilliklərdə və əlbəttə ki, mən ABŞ-ın regionda səylərinə rəhbərlik edərkən biz bir-biri ilə əlaqəli üç əsas maraq dairəsinin olduğunu düşünürdük.

Bunlardan biri şübhəsiz ki, enerji və enerji ixracatı idi. Lakin eyni zamanda, Azərbaycana öz mənbələrini inkişaf etdirməyə kömək etmək və onların Azərbaycan və Türkiyənin milli təhlükəsizliyini artıracaq və bizim Avropa müttəfiqlərimizin asılılığını, enerji təchizatı baxımından Rusiyadan asılılığını azaltmağa kömək edəcək şəkildə ixrac olunğuna əmin olmaq idi.

Maraqların ikinci dairəsi enerji təhlükəsizliyindən fərqli olaraq daha ümumi təhlükəsizliklə bağlı idi və bu əməkdaşlığın həm İraqda, həm də Azərbaycanın hərbi qüvvə göndərdiyi Əfqanıstanda nə qədər əhəmiyyətli olduğunu gördük. Amma mən heç vaxt sentyabrın 12-ni unutmuram. 2001-ci ildə terror aktlarından bir gün sonra o zaman prezident Heydər Əliyev ABŞ hökuməti ilə əlaqə saxladı və dedi ki, “Azərbaycan Əfqanıstanda Əl-Qaidə ilə mübarizədə sonadək sizinlədir və bütün hava məkanımız, torpaqlarımız, Xəzər üzərində dəhliz və dəniz dəhlizlərimiz maksimum dərəcədə istədiyiniz şəkildə istifadə etmək üçün açıqdır”. Buna görə təhlükəsizlik də ABŞ üçün həmişə çox vacib olub. Amma təhlükəsizlik yalnız hərbi təhlükəsizlik demək deyil, bu həm də Azərbaycanın əhalisinin əksəriyyəti əsasən şiə müsəlmanlardan ibarət, lakin bir neçə dini icmanın nümayəndələrinin tamamilə açıq şəkildə ibadət etdiyi və tolerantlıq ənənələrinə malik dünyəvi dövlət olaraq bütün regionun sabitləşdirilməsində oynaya biləcəyi rol deməkdir. Belə bir ölkə ABŞ və bizim müttəfiqlərimizin qarşılaşdığı daha böyük və geniş mənada təhlükəsizlik problemlərinin həllində böyük köməkdir.

Nəhayət həm demokratik, həm də bazar iqtisadiyyatı islahatları kimi daxili islahatlar var. Mən səfir olduğum zaman tez-tez demokratik islahatlar da daxil olmaqla, bu məsələlər üzərində işləmək üçün daha çox vaxt ayırdığımı deyirdim. Mən əslində Dövlət Departamentində uzun illər işlədiyim enerji və təhlükəsizlik sahəsindən gəlmişdim. Bizim bunu etdiyimiz yol mühazirə oxumaq deyil, qarşılıqlı hörmət baxımından birlikdə çalışmaqdan ibarət idi. Bu, jurnalistlərin və fəalların, vətəndaş cəmiyyəti fəallarının həbs olunduğu vaxtlarda çətin olurdu, amma həmişə irəli getməyə davam etmək üçün bir yol tapırdıq. Mən hesab edirəm ki, bu maraqlar dairəsi Bayden administrasiyası üçün də əsas olaraq qalacaq.

Amerikanın Səsi: Dövlət katibi Blinken ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin davamlı həllinə nail olmaq səylərinə dəstəyini ifadə edib. Minsk Qrupunun gələcəkdə rolu nədən ibarət olacaq? Həmsədrlər hansı yeni təkliflər təqdim edə bilər?

Metyu Brayza: Bəli, buna həmsədrlər qərar verəcəklər. Mən prezident Əliyevin münaqişənin baza strukturu baxımından həllinin indi müəyyən olduğuna dair açıqlamaları ilə razıyam. Bu, müəyyən olub və noyabrın 9-u və 10-u bəyanatında müəyyən edilib. Əslində bu, Madrid prinsipləri və ya mənim prezident Əliyev və o zaman prezident Sarkisyan və Minsk Qrupunun Rusiya və Fransadan iki həmsədri ilə birlikdə danışıqlarda müzakirə etdiyimiz baza prinsipləridir. Beləliklə, baza strukturu yerindədir. İdeya ondan ibarət idi ki, Ermənistan tərəfi təhlükəsizlik qarantiyaları və Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı yeddi ərazisinin Azərbaycanın nəzarəti altına qaytarılması qarşılığında gələcəkdə Dağlıq Qarabağın hüquqi statusu ilə bağlı səsvermə imkanı əldə edəcək. Beləliklə, bu, Baş nazir Paşinyana müharibənin əvvəlində, müharibənin ortalarında təklif edildi və o, təklifi qəbul etməyib müharibəni davam etdirdikdə bu ortadan qalxdı. Beləliklə, indi Dağlıq Qarabağın hüquqi statusunun dəyişdirilməsi ehtimalı xaricində Madrid prinsiplərinin bütün elementləri mövcuddur. Buna görə də Ermənistan Minsk Qrupunun həmsədrlərinin və fikrimcə, Fransa da həmsədrlərin diqqəti Ermənistanın müharibədən əvvəl və müharibə zamanı rədd etdiyi köhnə formula qayıtmağa yönəltməsini və Dağlıq Qarabağın statusunun nə vaxtsa dəyişə bilməsinə imkan verməsini istərdi. Azərbaycan bundan imtina etməyə davam edəcək, buna görə həmsədrlərin diqqətini başqa bir şeyə yönəltməsi lazımdır.

Bu, yekun sülh sazişinin əldə olunmasına kömək ola bilər, çünki 9, 10 noyabr bəyanatı sülh müqaviləsi deyil, bir bəyanatdır. Bu müqavilə deyil, sadəcə bir bəyanatdır. Buna görə də yekun sülh nizamlanması üçün hələ müzakirə ediləcək çox şey var. Fikrimcə, onlar atəşkəs rejiminin möhkəmləndirilməsində, Rusiyanın sülhməramlı əməliyyatları ilə bağlı şəffaflığın təmin olunmasında kömək edə bilərlər. Prezident Əliyevin iki həftə əvvəl ADA universitetdəki konfransda dediyi kimi, onlar Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyasında da kömək edə bilərlər. Lakin həmsədrlər missiyalarının nə olacağını müəyyənləşdirməlidir. Bunu da qeyd etmək istəyirəm ki, fikrimcə, həmsədrlərin diqqəti Rusiyanın rəhbərlik etdiyi sülhməramlı missiyanın üzvlərinin genişləndirilməsinə yönəltməsi yaxşı olardı. Türkiyə bir şəkildə iştirak edir, amma zaman keçdikcə daha çox ölkəni cəlb etmək yaxşı olardı.

Amerikanın Səsi: Səfir Brayza, sizin fikinizcə, Birləşmiş Ştatların xüsusilə də Qarabağda hərbi münaqişənin sona çatmasından sonra Cənubi Qafqazda daha akiv rol oynaya bilməsini gözləyə bilərikmi?

Metyu Brayza: Bilmirəm. Bundan əvvəl dediyim kimi, Bayden administrasiyasının hələ Cənubi Qafqazla bağlı bir siyasəti yoxdur. Yəni əvvəlki siyasətlər davam etdirilir. Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə ABŞ və Fransa keçən yay iyul ayında Azərbaycan və Ermənistan sərhədində silahlı toqquşmalar baş verəndə boşluq yaratdı. Heç müdaxilə etmədilər. Beləliklə, Türkiyə və Rusiya bu boşluğu doldurur. ABŞ-ın daha aktiv olmaq istəyib-istəmədiyinə Bayden administrasiyası qərar verəcək. Gürcüstan hökuməti və Gürcüstan müxalifəti həqiqətən də ABŞ-ın siyasi böhranı həll etmək üçün vasitəçilik rolundan istifadə etməsini çox istəyirdi və ABŞ bunu etdi, amma lap yüksək səviyyədə deyil, çünki əslində Dövlət katibindən başqa yüksək səviyyəli şəxs yox idi. Bayden administrasiyasının yüksək səviyyəli şəxslər və səfirlərin namizədliyini irəli sürüb Senat tərəfindən təsdiq edilməsinə ehtiyacı var. Bu, bir qədər vaxt aparacaq. Buna görə də Birləşmiş Ştatların Cənubi Qafqazda belə deyək nə qədər aktiv olmaq istədiyini bilməyimiz üçün bir qədər vaxt lazımdır. Amma Obama administrasiyası dövründən, yəni, Obamanın səkkiz il və Trampın dörd il hakimiyyəti dövründə Birləşmiş Ştatlar Corc Buş oğul dövründə ABŞ hökumətinin Cənubi Qafqazda nə qədər aktiv olduğu ilə müqayisədə regiondan bir növ geri çəkilib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG