Accessibility links

Human Rights Watch: Azərbaycan hökumətinin məqsədi müstəqil KİV-i susmağa məcbur etməkdir


human rights watch
human rights watch

Human Rights Watch (HRW) beynəlxalq hüquq-müdafiə təşkilatı “MeydanTV” İnternet telekanalının və onunla əməkdaşlıq edən jurnalistlərin təqib olunmasını pisləyib. Təşkilatın bəyanatında jurnalist Şirin Abbasovun taleyindən narahatlıq ifadə olunur və onun dərhal azadlığa buraxılması tələb edilir.

“Şirin Abbasovun həbsi və onun yanına vəkilin buraxılmaması çox pisdir və belə düşünməyə əsas verir ki, o, amansız rəftara məruz qalır”, HRW-nin Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Ceyn Byukenen bildirib.

“Azərbaycan hökumətinin bu eskalasiyasında məqsəd müstəqil KİV-i susmağa məcbur etməkdir”, - bəyanatda vurğulanır.

Ş.Abbasovun həbsi “Meydan” TV-nin təqib olunması ilə bağlı yeganə hal deyil. Belə ki, sentyabrın əvvəlində prokurorluq Mingəçevir sakininin ölümünə dair video ilə bağlı Ş.Abbasovu və digər jurnalistləri dindirib.

İyunda hakimiyyət Ş.Abbasovun və digər üç jurnalistin Azərbaycanı tərk etməsinə icazə verməyib. Belə ki, onlar xaricə beynəlxalq tədbirə getmək istəyirdilər. Onlara bildirilib ki, adları “qara siyahı”dadır.

Son həftə telereportyorlar Aytən Fərhadova, İzolda Ağayeva və Sevinc Vaqifqızı iki dəfə saxlanaraq dindiriliblər. Sentyabrın 18-də Cavid Abdullayevin mənzilində axtarış aparılıb və onun kompüteri, kamerası müsadirə edilib. Sentyabrın 16-da polis Aytac Əhmədovanı və digər bir jurnalisti küçədə saxlayıb. Onlar “Meydan TV”-nin maliyyə mənbələri ilə bağlı beş saat dindiriliblər.

“Hökumət qanunsuz həbs olunan bütün jurnalistləri və hüquq müdafiəçilərini həbsdən azad etməli, söz azadlığının boğulmasına son qoymalıdır. Azərbaycan haqqında son müstəqil informasiya mənbəyi olan “Meydan” TV ilə əməkdaşlıq edən jurnalistlərə hücumlar göstərir ki, hökumət qalan tənqidi səsləri də məhv etmək niyyətindədir.

Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşlar Bakını Ş.Abbasovu təcili azad etməyə çağırmalı və onu başa salmalıdır ki, əsas azadlıqların boğulması hakimiyyətə baha başa gələcək” - bəyanatda deyilir.

Öz növbəsində, Azərbaycan hakimiyyəti ölkədə söz və mətbuat azadlığının tam təmin edildiyini bildirir. Rəsmi Bakı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır.

XS
SM
MD
LG