Accessibility links

MHŞT: “Fuad Qəhrəmanlının, Asif Yusiflinin və Mehman Hüseynovun azadlığa buraxılmasını tələb edirik”


Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü QHT Koalisiyasının ümumi yığıncağı

“Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyəti institutlarının fəaliyyət mühiti ilə bağlı yaratdığı çətinlikləri aradan qaldırmalı və Beynəlxalq Mədən Hasiları üzrə Şəffaflıq Təşəbbüsünə (MHŞT) qayıtmalıdır”. Bu barədə Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) QHT Koalisiyasının dekabrın 15-də keçirilən 20-ci ümumi yığıncağının qəbul etdiri bəyannamədə deyilir.

MSŞT hesab edir ki, müstəqil vətəndaş cəmiyyəti institutlarının təmsilçisi olaraq koalisiyanın tərəf olaraq iştirakı ilə Çoxtərəfli Qrupun fəaliyyəti bərpa edilməli, üçtərəfli yeni Anlaşma Memorandumu imzalanmalıdır.

Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyəti institutlarının fəaliyyət mühiti ilə bağlı yaratdığı çətinlikləri aradan qaldırmalıdır.
MSŞT-nin bəyanatı

Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.

Bu təşəbbüs çərçivəsində mədən sənayesi sahəsində çalışan şirkətlər vaxtaşırı ictimaiyyətə hesabatlarını təqdim edib. Bir çox hallarda bu sahədə çalışan şirkətklərin məlumatları QHT-lər tərəfindən təhlil olunub, hökumətə təkliflər verilib.

2014-cü ildən başlayaraq Azərbaycanda ictimai birliklərlə bağlı qanunvericiliyə məhdudlaşdırıcı dəyişikliklər edilib, bir çox qeyri hökumət təşkilatları istintaqa cəlb olunub.

"Mədən Sənayesində Şaffaflığın Artırılması" Koalisiyası bildirib ki, hökumət qurumları inzibati metodlardan istifadə edərək koalisiyanın maddi-texniki imkanlarını zəiflətməyə çalışmaqla yanaşı, koalisiyada təmsil olunan QHT üzvlərinə müxtəlif metodlarla təzyiqlər göstərib.

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü QHT Koalisiyasının ümumi yığıncağı
Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü QHT Koalisiyasının ümumi yığıncağı

“Həmin təzyiqlərin nəticəsi olaraq bəzi üzvlər koalisiya sıralarını tərk edib, bəziləri ölkəni tərk edərək digər dövlətlərdə mühacir həyatı yaşayır. Bir neçə koalisiya üzvü isə əsassız olaraq məhkumluq həyatı yaşamağa məcbur edilib”, qurumun 2017-ci ildə qəbul etdiyi bəyanatda deyilir.

Azərbaycanın təşəbbüs qaydalarına riayət etmədiyi əsas gətirilərək nəhayət 2017-ci il martın 8-9-da Kolumbiyanın paytaxtı Boqotada Mədən Hasilatında üzrə Şəffaflıq Təşəbbüsünün (MSŞT) Beynəlxalq İdarə Heyətinin 36-cı iclasında Azərbaycanın bu təşkilatda fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edib.

Koalisiyanın üç üzvü - Fuad Qəhrəmanlı, Asif Yusifli, Mehman Hüseynov hələ də həbsdədir.

2014-cü ilin ortalarından Azərbaycan hökumətinin müstəqil QHT-lərə, azad mətbuata və ictimai fəallara təzyiqlərinin nəticəsində bütövlükdə vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti zəifləyib.

Dekabrın 15-də keçirilən ümumi yığıncaq Koalisiya üzvləri Fuad Qəhrəmanlının, Asif Yusiflinin və Mehman Hüseynovun qanunsuz həbsdə saxlanılması pisləyib və onların azadlığa buraxılmasını tələb edib.

“Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Kоаlisiyаsı Azərbaycanda şəffaf idarəçiliyin, habelə ölkənin mineral ehtiyatlarının istismarı və satışından daxil olan gəlirləri, eləcə də bu vəsaitlərin ədalətli bölgüsü və səmərəli xərcləmləri üzərində ciddi dövlət və ictimai nəzarətin həyata keçirilməsində maraqlı və israrlı olduğumuzu bir daha bəyan edib.

“Təəssüf edirik ki, 2014-cü ilin ortalarından Azərbaycan hökumətinin müstəqil QHT-lərə, azad mətbuata və ictimai fəallara təzyiqlərinin nəticəsində bütövlükdə vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti zəifləmiş və bu Koalisiyanın fəliyyətinə də mənfi təsir göstərib. Odur ki, koalisiyanın XX Ümumi Yığıncağının iştirakçısıları Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyəti üçün mühitlə əlaqədar hüquqi və praktiki maneələri aradan qaldırmağa, qeydiyyatdan çıxarışlar, qrantların və donorların qeydiyyatı tələblərini ləğv etməyə çağırır”, bəyannamədə qeyd edilir.

Azərbaycan hökuməti ölkədə bütün fundamental azadlıqların tam təmin edildiyini bəyan edir. Rəsmi Bakı beynəlxalq və yerli hüquq müdafiə təşkilatlarının hüquq və azadlıqların pozulması ilə bağlı tənqidi bəyanatlarını qəbul etmir və qərəzli sayır. Bununla yanaşı, yerli hüquq müdafiə təşkilatları ölkədə 150-dən çox siyasi məhbus olduğunu bildirir. Amnesty İnternational Azərbaycanda ondan çox insanı "vicdan məhbusu" elan edib. Avropa İnsan Hüquqları Məhkəməsi çoxsaylı insanın hüquqlarının pozulması barədə şikayətlərini təmin edib.

XS
SM
MD
LG