Accessibility links

Məhkəmə müxalifət fəallarına həbs hökmü çıxarıb


Məhkəmə müxalifət fəallarına həbs hökmü çıxarıb
Məhkəmə müxalifət fəallarına həbs hökmü çıxarıb

Müsavat Partiyasının aparat rəhbəri Arif Hacılı, gənclər təşkilatının rəhbəri Tural Abbaslı, AXCP-nin şöbə müdiri Məhəmməd Məcidli iki il yarım həbs, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə iki il şərti azadlıqdan məhrum edilib.

Səbayel Rayon Məhkəməsində İctimai Palatanın 2 aprel mitinqində iştiraka görə həbs olunan 4 müxalifət fəalının işi üzrə prosesdə hökm oxunub.
Proses AXCP-nin şöbə müdiri Məhəmməd Məcidlinin son sözü ilə başlayıb. Cənab Məcidli deyib ki, digər müttəhimlər kimi o da özünü müqəssir saymır. “Biz qanunazidd heç nə etməmişik, sadəcə, öz fikrimizi bildirmişik. Biz ölkədə demokratik islahatların aparılmasını tələb edirik və bunu dinc şəkildə, qanun çərçivəsində etmişik. Lakin hakimiyyət bizə qarşı polis gücündən istifadə edərək asayişi pozmaqda ittiham edib”, - deyə o vurğulayıb.

Cənab Məcidli hakimi iqtidarın siyasi sifarişini yerinə yetirməməyə çağırıb.

Bundan sonra hakim məhkəmənin hökmünü oxuyub. Bütün müttəhimlər Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (ictimai asayişin pozulmasına yönələn hərəkətlərin təşkili) ilə təqsirli bilinib.

Müsavat Partiyasının aparat rəhbəri Arif Hacılı, bu partiyanın gənclər təşkilatının rəhbəri Tural Abbaslı, AXCP-nin şöbə müdiri Məhəmməd Məcidlini iki il yarım həbs, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə iki il şərti azadlıqdan məhrum edilib. Məhkəmə binası çoxsaylı polis əməkdaşları ilə əhatə olunub. Tərəfdarları müttəhimləri “Azadlıq!”, “İstefa!” şüarları ilə yola salıb.

Xatırladaq ki, müxalifətin 2 aprel mitinqində iştiraka görə 14 nəfər həbs olunub. Onların bir çoxu artıq müxtəlif müddətə azadlıqdan məhrum edilib.

“Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlı haqda çıxarılan hökmü hakimiyyət üçün qara ləkə hesab edirəm. Bu, Əliyev rejimini, hakimiyyəti ifşa edən bir hökmdür”. Bu barədə Müsavat Partiyasının başqanı İsa Qəmbər “Media forum” saytına müsahibəsində bildirib .

Müsavat başqanının fikrincə, çox keçməyəcək ki, hakimiyyət bu addımına görə peşman olacaq və həbs etdiyi şəxsləri azadlığa buraxmaq məcburiyyətində qalacaq. “İnanıram ki, tezliklə bütün dostlarımızı, silahdaşlarımızı azadlıqda görə biləcəyik. Arif Hacılı başda olmaqla dostlarımızın, silahdaşlarımızın məhkəmədə yüksək səviyyədə davranışlarını, nitqlərini, çıxışlarını qeyd etmək istəyirəm. Hesab edirəm ki, cəmiyyət bütün bunları görür, dəyərləndirir, haqqın harada, yalanın harada olduğunu hər kəs aydın bilir”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı isə həbsxanaya salınmamasının ədalətin nümayişi olmadığını bildirib “İnsanların fikrini bildirdiyinə görə, həbsi siyasi repressiyadır. Məhkəmədə insanların günahsız olduğu və ittihamın əsassızlığı bir daha sübut edildi. Ancaq, məhkəmə siyasi sifariş əsasında qərar çıxardı”, - deyə o Amerikanın Səsi radiosuna bildirib.

XS
SM
MD
LG