Accessibility links

Maykl Kohen: Porno aktrisaya susması üçün ödəniş edilməsinə Tramp göstəriş verib


Mayk Kohen
Mayk Kohen

Donald Trampın bir zamanlar vəkili olan Maykl Kohen bazar ertəsi ifadə verərək, 2016-cı il seçkisindən öncə gələcəkdə ABŞ prezidenti olacaq Trampın ona porno ulduz Stormi Danielsə susması üçün gizlicə 130 min dollar ödəməsinə göstəriş verdiyini bildirib.

Kohen deyib ki, ödənişin məqsədi Danielsin Trampla olan cinsi əlaqədən bəhs etməsinin qarşısını almaq idi və Tramp daha sonra həmin pulu Kohenə hüquqi xidmətlər üçün ödəniş adı altında geri ödəyib.

Kohen Nyu Yorkda saatlar boyu sürən məhkəmə iclasında ifadə verib.

Tramp 34 maddəlik ittiham aktında 2017-ci ildə Kohenə etdiyi ödənişin onun Danielsə susması üçün göndərdiyi pulun geri ödəməsi əvəzinə hüquqi xidmət üçün ödəniş kimi göstərmək məqsədilə Tramp təşkilatı daşınmaz əmlak konqlomeratındakı biznes qeydlərini saxtalaşdırmaqda ittiham olunur.

Kohen ifadəsində 12 üzvlük münsiflər məhkəməsinə deyib ki, Tramp Danielsi susdurmaq üçün ödənişin edilməsini seçkidən qısa müddət öncə təsdiqləyib. Həmin zaman Tramp kampaniyası Danielsin Trampla 2006-cı ildə qolf turniri zamanı intim münasibətləri ilə bağlı hekayəsini satmaq istədiyi və ya susmaq üçün ödəniş gözlədiyindən xəbərdar olub.

Kohen Trampdan sitat gətirərək, onun “bunun belə qalması üçün bir səbəb yoxdur, sən sadəcə olaraq bunu et [ödəniş et]” dediyini bildirib.

İddia olunana görə, Tramp Kohenə detalları Tramp Təşkilatının o zamankı baş maliyyə direktoru Allen Veisselberqlə müzakirə etməsini və “bunu həll etmə”sini söyləyib. Kohen bildirib ki, o və Veisselberq Danielsə ödəniş etmək və Kohenin kompensasiyanı alması ilə bağlı plan tərtib edəndən sonra bunu Trampa deyiblər, o da “yaxşı, yaxşı” deyə cavab verib.

Kohen deyib ki, o, Danielsə susması üçün pulu bankdan çəkdiyi kreditlə ödəyib və Trampın razılığı olmasa, ödənişi özbaşına etməzdi. Kohen ifadəsində deyib ki, seçkidən sonra Tramp onu pulunun geri qaytarılacağına əmin edib.

Kohen bildirib ki, Tramp 2017-ci ilin yanvar ayında and içərək ölkənin 45-ci prezidenti kimi vəzifəsinin icrasına başlamazdan bir neçə gün öncə, o və Veisselberq Trampla Nyu Yorkda Tramp Tower binasındakı ofisində görüşərək Kohenin pulunun geri qaytarılması ilə bağlı razılığı yekunlaşdırıb.

Prokuror Suzan Hoffinger Kohenə həmin pulun gələcək hüquqi xidmətlər üçün olub-olmadığını soruşub.

“Bunun üçün nəzərdə tutulmuşdu,” Kohen cavab verib.

“Bəs əslinə nə üçün idi?” Hoffinger soruşub.

“Pulumun geri qaytarılması,” Kohen bildirib.

Tramp bir zamanlar yardımçısı olan Kohenin Danielsə ödəniş etməsi ilə bağlı söylədiklərini çox vaxt gözləri bağlı bir şəkildə dinləyib. Bu, Kohenin Trampın səkkiz il öncə Demokrat Hillari Klinton üzərində qələbə çaldığı seçkidən həftələr öncə insanların Trampla bağlı söylədiyi təhqiramiz iddiaları təkzib etmək üçün təşkil olunan sus payı ödənişlərindən biridir.

Bazar ertəsi keçirilən məhkəmə iclasından sonra 2024-cü il seçkisində Respubikaçıların gözlənilən namizədi olan Tramp qəzəbli bir şəkildə müxbirlərə deyib ki, “burada heç bir saxtakarlıq yoxdur.”

Kohen deyib ki, o, başqa iki insanın iddialarının haqlarını almaq üçün The National Enquirer-lə işləyib ki, qəzət həmin məlumatları dərc etmədən gizlətsin.

Onlardan birində Trampın Nyu Yorkdakı mülkündəki qapıçıya - daha sonra yanlış olduğu ortaya çıxan - Trampın nikahdan kənar uşağının olduğuna dair iddiası üçün 30 min dollar pul ödənib. Playboy jurnalının modeli Karen MakDuqala isə 2006-2007-ci illərdə Trampla 10 aylıq münasibətinə dair iddiası ilə bağlı səssiz qalması üçün 150 min dollar pul ödənib.

Tramp Daniels və MakDuqalın iddialarını, habelə Nyu Yorkda üzləşdiyi 34 ittihamın hər birini inkar edir.

Forum

XS
SM
MD
LG