Amerikalılar koronavirus pandemiyasının davam etdiyi vaxt ənənəvi olaraq ilin ən məşğul dövrü sayılan Milad bayramı mövsümü səyahətlərlə bağlı edilən xəbərdarlıqlara məhəl qoymayıb.
ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi İdarəsi bazar günü ölkə üzrə aeroportlarda 1,3 milyon səyahətçinin yoxlamadan keçdiyini haqda məlumat verib. Bu, pandemiya başlayandan bəri son doqquz ayda qeydə alınmış ən yüksək rəqəmdir. Nəqliyyat idarəsi həmçinin bildirib ki, dekabrın 18-dən indiyə qədər 10 milyondan çox insan uçuş həyata keçirib.
Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) səyahətlərin koronavirusun yayılmasına gətirib çıxara biləcəyindən narahatlığını bildirirərək, amerikalılara tətil mövsümündə səyahət etməmək barədə xəbərdarılq etmişdi.
"Amerikalıların qarşıdakı tətil mövsümündə edəcəyi ən yaxşı şey, evdə qalmaq və səyahət etməməkdir" - deyə, Mərkəzin əməkdaşı, doktor Henry Valke dekabrın əvvəlində keçirdiyi mətbuat konfransında bildirmişdi. "Yoluxmalar artır. Xəstəxanalara yerləşdirilən xəstə sayı artır. Ölüm sayı da artır. Biz rəqəmləri azalmağa çalışmalıyıq. Bu göstəricilərin artmasını dayandırmalıyıq", o əlavə edib.
Milli İctimai Radionun (NPR) verdiyi məlumata əsasən, Şükranlıq günü ilə əlaqədar olan səyahətlərin yoluxma hallarının artmasına səbəb olub-olmadığı tam aydın deyil. Belə ki, bəzi bölgələrdə yoluxmalarda artımlar olsa da, bəzi bölgələrdə bu baş verməyib.
AAA adı ilə tanınan Amerika Avtomobil Assosiasiyası Milad mövsümü boyunca təxminən 85 milyon amerikalının əksəriyyətinin avtomobillə səyahət edəcəyini proqnozlaşdırdı. Lakin Associated Press agentliyinin məlumatına görə, dəqiq rəqəmlər hələ ki, mövcud deyil.
Cons Hopkins Universitetinin bazar ertəsinə olan məlumatına əsasən, ABŞ-da virusa yoluxanların ümumi sayı 19 milyondan çoxdur, ölənlərin sayı isə 333 mini keçib.