Dekabrın 25-də Azərbaycan katolikləri Milad bayramını qeyd edir. Ölkədə yalnız paytaxt Bakıda katolik icması fəaliyyət göstərir, regionlarda isə icmalar olmasa da katoliklər yaşayır.
Katolik icmasının üzvü Müşfiq Bayramov Amerikanın Səsinə bildirib ki, Azərbaycanın katolik icmasının Milad bayramı münasibəti ilə messası (dini ayin-red) keçirilib.
“Bizim Azərbaycan dilində messalarımız olur. Dünən axşam bayram messasından sonra ziyafət təşkil etdik. Ziyafətdə musiqi də var idi, Azərbaycan rəqslərini ifa etdik. Çox yaxşı bayram şənliyi keçirdik. Necə ki, Azərbaycanın digər bayramlarını qeyd edirik, o şəkildə qeyd etdik ”, o deyib.
Onun sözlərinə görə, Azərbaycanda yalnız Bakı şəhərində katolik kilsəsi (Bakirə Müqəddəs Məryəm kilsəsi) fəaliyyət göstərir.
“Regionlarda da bir neçə yüz katolik imanlılar var”.
M.Bayramov ölkədə katoliklərin digər dinin təmsilçiləri tərəfindən normal qarşılandığını bildirir.
“Azərbaycan xalqı həmişə digər dinlərə, millətlərə qarşı dözümlü olub və xoş qarşılayıb”.
Müşfiq Bayramov bayram münasibəti katoliklərə təbriklərini çatdırıb.