Accessibility links

Millət vəkili: “Gömrükdə son 20 ildə azı 20 milyard manat mənimsənilib”


Gömrük keçid məntəqəsi

Gömrük Komitəsinin noyabrın 7-də verilmiş açıqlamasında deyilir ki, bir gömrük məmuru 100 manata görə işdən çıxarılıb. Keçən ay isə Komitə başqa bir gömrük işçisinin 26 manat rüşvətə görə işdən çıxarıldığını bildirmişdi.

Bu xəbərlərdə ictimaiyyətin diqqətini çəkən iddia edilən rüşvət pullarının bu qədər az olması olub.

27 ildir Azərbaycan müstəqil dövlətdir. Yeddi ilini atıram kənara. İldə bir milyarddan götürsən, 20 milyard manat yalnız gömrük komitəsindən mənimsənilib.
Vahid Əhmədov, millət vəkili

Gömrükdə mümkün mənimsəmənin həcmi haqqında, noyabrın 5-də, deputat Vahid Əhmədov Milli Məclisdə çıxışında danışıb. O bildirib ki, son bir ildə gömrük daxilolmaları 1 milyard manat artıb, amma bu ona görə deyil ki, vergilər artıb, ona görədir ki, gömrükdən indiyə qədər yayındırılan məbləğ indi rəsmiləşdirilib:

“Fikir verin, bir Gömrük Komitəsində kölgə iqtisadiyyatının, korrupsiyanın qarşısı alınmaqla dövlət büdcəsinə əlavə 1 milyard manat daxil olub. 27 ildir Azərbaycan müstəqil dövlətdir. Yeddi ilini atıram kənara. İldə bir milyarddan götürsən, 20 milyard manat yalnız gömrük komitəsindən mənimsənilib. Kimlər mənimsəyib, bu artıq hüquq-mühafizə orqanlarının işidir, onlar aydınlaşdırmalıdır”.

Vahid Əhmədov
Vahid Əhmədov

Hüquq -mühafizə orqanlarından bu çıxışa münasibət bildirən olmayıb.

50-100 alanı işdən qovmaq gözdən pərdə asmaqdır

Hüquqşünas Aslan İsmayılov deyir ki, indiyə qədər hakimiyyətdən bu barədə ciddi addımlar atıldığını görməyib, böyük vəzifəli şəxslər, nazirlər, onların müavinləri və başqaları korrupsiya və rüşvətə görə cəzalanmayıb.

“Bunlar özlərini də biabır edir. Rüşvətə görə kimisə işdən çıxarırlar. Rüşvət almaq cinayətdir, Cinayət Məcəlləsinə görə, rüşvət almaq ağır cinayət sayılır. Azərbaycanda kimlər bu günə qədər rüşvətə görə cinayət məsuliyyətinə cəlb olunub? Hansısa müəllim, həkim, texnikum direktoru, hansısa bir ucqar rayonda sosial müdafiə fondunun əməkdaşı...”

Aslan İsmayılov
Aslan İsmayılov

ReAL partiyasının icra katibi Natiq Cəfərli isə deyir ki, gömrükdə daha dərin problemlər üstüörtülü qalıb, hökumət son rüşvət hallarına görə həbslərlə görüntü yaratmaq istəyir:

Gömrükdə əsas problem inhisarçılıq, gömrük fəlsəfəsinin doğru tətbiq olunmamasıdır. Son addımlar isə sadəcə bir kampaniya xarakteri daşıyır.
Natiq Cəfərli

“Əslində, gömrük sistemində əsas problem 100 manat - 50 manat problemi deyil. Gömrükdə əsas problem inhisarçılıq, gömrük fəlsəfəsinin doğru tətbiq olunmamasıdır. Son addımlar isə sadəcə bir kampaniya xarakteri daşıyır və mesajın əsas məğzi gömrüyün imicinin yaxşılaşdırılması, hətta ən xırda rüşvətə belə sərt reaksiyaların olduğunu cəmiyyətə mesaj kimi ötürülməsidir”.

Gömrük Komitəsi bu ilin sentyabrında açıqlama yayıb ki, komitə islahatlara başlayıb, məqsəd də, beynəlxalq standartlara cavab verən Avropa modelinin tətbiqi, çevik idarəetmə sisteminə, nəzarət sistemindən xidmət sisteminə keçiddir.

Məmur sahibkaralara gömrük güzəşti

Amma sahibkar Nazim Bəydəmirli AzadlıqRadiosuna son müsahibələrinin birində deyir ki, hələlik, faktiki olaraq gömrük sisteminin mahiyyəti dəyişməyib:

“Arxasında məmur dayanmayan şəxslərin gətirdiyi mallara invoys qiymətinə uyğun vergi və gömrük rüsumları tam hesablanılır, orta hesabla idxal olunan mal gömrük rüsumlarının dərəcələrindən asılı olaraq 18-38 faiz arası qiymət artımı ilə bazara daxil olur. Ancaq məmur sahibkarlığına malik olan şəxslər eyni malları idxal edərkən invoysları dəyişdirərək bu və ya digər formada qiyməti aşağı göstərirlər, ödədikləri vergi və rüsumlar da az olur. Onlar normal vergisini ödəmiş sahibkarlara nisbətən bazara çıxan zaman daha əlverişli şəraitdə olurlar...”

Nazim Bəydəmirli bildirir ki, əslində sahibkarlıq və iqtisadi inkişaf üçün faydalı ola biləcək islahat Gömrük Komitəsinin rüsum toplama funksiyasının Vergilər Nazirliyinə verilməsi olardı.

Dövlət Gömrük Komitəsi bir qayda olaraq, AzadlıqRadiosunun telefon zənglərini və informasiya sorğularını cavabsız qoyduğu üçün Komitənin mövqeyini öyrənə bilmədik.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Azərbaycanın beynəlxalq korrupsiya reytinqi aşağıdır. Ölkə Beynəlxalq Şəffaflıq təşkilatının son hesabatına görə, 180 ölkə arasında 122-ci yerdədir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG