Accessibility links

Milli Şura Azərbaycan hakimiyyətini Rusiya prezidentinin NATO ilə bağlı bəyanatlarına münasibət bildirməyə çağırıb


Demokratik Qüvvələrin Milli Şurası Azərbaycanın dövlət hakimiyyəti orqanlarını Rusiyanın ölkənin müstəqilliyini təhdid edən təşəbbüslərinin Azərbaycan üçün qəbuledilməz olduğunu rəsmən bəyan etməyə çağırıb.

Milli Şura hesab edir ki, Rusiyanın NATO və ABŞ-a təqdim etdiyi "Regional təhlükəsizliyə dair yeni razılaşma" sənədində Azərbaycanın dövlət müstəqilliyini təhdid edən müddəalar var.

Rusiyanın təqdim etdiyi təkliflərə görə, NATO və ABŞ Ukraynada, Qafqazda və Mərkəzi Asiyada özünün bütün hərbi fəaliyyətlərini dayandırmalı, keçmişdə Sovet respublikaları olmuş hazırkı müstəqil dövlətlərin NATO-ya üzv qəbul edilməyəcəyinə hüquqi təminat verməlidir.

Milli Şuranın bəyanatında deyilir ki, Rusiyanın bu təklifləri keçmiş Sovet respublikalarını faktiki öz nüfuz dairəsi elan etməsidir, bütün bu dövlətlərin, o cümlədən Azərbaycanın dövlət müstəqilliyini və suverenliyini məhdudlaşdırmaq cəhdidir.

“Heç bir xarici dövlət, o cümlədən Rusiya Azərbaycanın digər ölkələrlə hərbi əməkdaşlığını məhdudlaşdıra, ölkəmizin NATO və ya başqa bir müdafiə ittifaqına birləşməsinə veto qoya bilməz. Hərbi tərəfdaş və müttəfiq seçmək Azərbaycan dövlətinin müstəsna hüququdur,” sənəddə qeyd edilir.

Ukrayna ilə bağlı gərginliyin artdığı bir vaxt Rusiya Prezidenti Vladimir Putin təhlükəsizliklə bağlı ABŞ və NATO-nu “təcili” danışıqlara çağırıb.

Dekabrın 14-də Finlandiya prezidenti Sauli Niinisto ilə telefon söhbətində Putin ölkəsinin təhlükəsizliyi məqsədi ilə beynəlxalq hüquqi təminatların işlənib hazırlanması üçün ABŞ və NATO ilə danışıqlara dərhal başlamaq zərurətini təkrarlayıb.

Kreml bildirib ki, elə həmin gün telefon danışığında Putin fransalı həmkarı Emmanuel Makrona Moskvanın NATO-nun şərqə doğru genişlənməsinin qarşısını almaq üçün Qərb ölkələri ilə dərhal danışıqlar aparmaq istədiyini deyib.

Kremlin bəyanatında “Rusiya prezidenti NATO-nun şərqdə daha da genişlənməsinin və Rusiyanı təhdid edən qonşu dövlətlərə, ilk növbədə Ukraynaya silah yerləşdirməsinin qarşısını alacaq qanuni təminatların işlənib hazırlanması üçün dərhal beynəlxalq danışıqlara başlamağın vacibliyini vurğulayıb” - deyə, bildirilib.

Putin oxşar tələbləri ABŞ Prezidenti Co Baydenlə virtual danışıqlarda və dekabrın 13-də Böyük Britaniyanın baş naziri Boris Consonla telefon danışığında da səsləndirib.

Avropa İttifaqının xarici işlər nazirləri dekabrın 13-də Brüsseldə bir araya gələrək, Moskva Ukraynaya yeni hərbi müdaxiləyə başlayarsa, ona qarşı sanksiyalarla cavab tədbirlərini müzakirə edib.

Bu arada Rusiyanın Xarici işlər nazirinin müavini Sergey Ryabkov xəbərdarlıq edib ki, NATO şərqə doğru genişlənməsinə son qoymağa zəmanət verməsə, Moskva “hərbi” cavab verəcək və taktiki nüvə silahlarını yerləşdirəcək.

Rusiya Prezidenti Vladimir Putin və müdafiə naziri Sergey Şoyqu bu ölkənin Müdafiə Nazirliyinin dekabrın 21-də keçirilən kollegiya iclasındakı çıxışlarında NATO və ABŞ-la gərgin münasibətlərdən bəhs edib.

"Dünyada hərbi-siyasi vəziyyət ağır olaraq qalır, bir sıra regionlarda münaqişə potensialı artıb, yeni gərginlik ocaqları yaranıb. Məsələn, ABŞ və NATO-nun hərbi qüvvələrinin bilavasitə Rusiya sərhədləri yaxınlığında toplanması, plansız təlimlər də daxil olmaqla, irimiqyaslı təlimlərin keçirilməsi ciddi narahatlıq doğurur" , Vladimir Putin qeyd edib.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ dövlət katibi Antony Blinken Ukraynaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG