Accessibility links

Milli Şura: Hökumət Əli Kərimlinin təqibi üçün “zəmin” hazırlamaq istəyir


Milli Şura
Milli Şura

"Azərbaycan hakimiyyəti 14-15 iyul mitinqində iğtişaşlar bəhanəsi ilə Xalq Cəbhəsi Partiyası fəallarının həbsini davam etdirir.

Mitinq başa çatdıqdan sonra hakimiyyətin mümkün təxribatı nəticəsində parlamentin binasına bir qrup şəxs buraxılıb. İndi bu faktdan dövlət başçısının icazəsilə AXCP-yə qarşı repressiya üçün istifadə olunur."

Bu barədə Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) bəyanatında deyilir.

Sənəddə deyilir ki, saxlanılan şəxslərdən işgəncələr altında partiyanın digər üzvlərinə qarşı yalan ifadələr alınır.

“Aydındır ki, hökumət partiya sədri Əli Kərimlinin təqib edilməsi üçün “zəmin” hazırlamaq istəyir,” Milli Şuranın bəyanatında deyilir.

Hazırda AXCP-nin 30-dan çox üzvü saxlanılıb, 14 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 13 nəfər həbsdə saxlanılır, biri isə polisin nəzarəti altına verilib. Daha 9 fəal inzibati həbs cəzasına məhkum edilib.

“İşin absurd tərəfi budur ki, saxlanılan və cinayət məsuliyyətinə cəlb edilənlərin çoxu, ümumiyyətlə, həmin aksiyada iştirak etməyib. Həbs edilənlərdən 4 nəfəri - Asif Yusifli, Bəxtiyar İmanov, Ayaz Məhərrəmli və Fuad Qəhrəmanlı partiya Rəyasət Heyətinin üzvləridir. Onlardan yalnız Asif Yusifli həmin mitinqdə olub və o da heç bir qanunsuz əmələ yol verməyib, parlament binasına daxil olmayıb.

Mitinqdə onun bəyanatı dərc olunub və o, orduya dəstək verib. Lakin AXCP rəhbərliyinə, Asif Yusifliyə və Rəyasət Heyətinin digər üç üzvünə qarşı cinayət işi açmaq üçün ciddi cinayətlər törədilməsi ittihamı irəli sürülüb,” sənəddə bildirilir.

"Fuad Qəhrəmanlıya daha absurd ittiham irəli sürüb - dövlət çevrilişinə cəhd. Bu isə o deməkdir ki, AXCP-yə qarşı quraşdırılan cinayət işini dövlət çevrilişinə cəhdə qədər ağırlaşdırmaq istəyirlər.

İyulun 17-də İlham Əliyev “AXCP üzvlərinin guya parlament binasını tutaraq dövlət çevrilişi etmək istədikləri” barədə həqiqətdən tamamilə uzaq olan fikirlər səsləndirib. Məhz bu bəyanatdan sonra Fuad Qəhrəmanlı həbs edilib.

Hazırda AXCP-yə qarşı aparılan sərt repressiya birbaşa İlham Əliyevin bu partiyanı "düşmən" elan edib, tam sıradan çıxarmaq arzusundan qaynaqlanır.

Siyasi azadlıqları tamamilə boğmağa xidmət edən bu kampaniyanı durdurmaq üçün beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinə təzyiq göstərməlidir", Milli Şura hesab edir.

“Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması həm də üzv olduğumuz beynəlxalq təşkilatların öhdəliyidir,” sənəddə deyilir.

Milli Şura Azərbaycan "xalqını, ölkənin mütərəqqi kəsimini, içində ədalət hissi olan hər kəsi bu sərt repressiya qarşısında AXCP-ya güclü dəstək verməyə, AXCP üzvlərinin saxta ittihamlarla həbsinə ucadan etiraz etməyə" çağırıb.

“Dövlətimizin və xalqımızın gələcəyi barədə düşünən hər kəs bilməlidir ki, AXCP-yə qarşı hazırkı məhvetmə əməliyyatı təkcə bir siyasi təşkilatın taleyi ilə bağlı deyil, məhz ümumi gələcəyimizlə bağlıdır,” Milli Şuranın bəyanatında deyilir.

Öz növbəsində, rəsmi Bakı ölkədə bütün fundamental azadlıqların tam təmin edildiyini, insanların siyasi baxışlarına görə təqib edilmədiyini bildirir. Hüquq mühafizə orqanları koronavirus pandemiyası ilə bağlı elan edilmiş sərtləşdirilmiş karantin rejimi qaydalarının tətbiqində ayrıseçkiliyə yol verilmədiyini bəyan edir.

Qısa tarixcə və rəsmi məlumat

İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb. Çoxsaylı insan saxlanılıb.

Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətləri bildirib ki, iyulun 14-də Milli Məclisin qarşısında keçirlən aksiya zamanı baş vermiş insident faktı üzrə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

“Təəssüflər olsun ki, dinc və vətənpərvər ruhda keçən aksiya zamanı bir qrup təxribatçı ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verib, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərib və zor tətbiq edib, nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərə ciddi ziyan vurulub. Polis əməkdaşları tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülmüş operativ tədbirlərlə ictimai asayiş bərpa edilib,” məlumatda qeyd edilir.

Milli Məclis Aparatının məlumatında deyilir ki, Milli Məclisin qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq parlamentin inzibati binasına daxil olub.

“Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, parlamentin mülkiyyətinə və inventarına ziyan vurub. Asayişi qoruyan polis əməkdaşları yürüş iştirakçılarını binanı tərk etməyə çağırıb və onlar Milli Məclisin binasından çıxarılıb,” məlumatda qeyd edilir.

Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin iclasında insidentin təşkilində Azərbaycan Xalq Cəbhəsi Partiyasını günahlandırıb.

“Bunlardır, bunlar idi Azərbaycan dövlətçiliyini yıxmaq istəyənlər. Biz bunların nazı iləmi oynayacağıq? Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır. Ona görə, bir daha demək istəyirəm, hüquq-mühafizə orqanları bu işlərlə məşğul olacaq. Onların bütün antidövlət çıxışları, çağırışları təhlil ediləcək. Əgər orada cinayət tərkibi varsa, onlar dərhal cinayət məsuliyyətinə cəlb edilməlidir. Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər,” prezident qeyd edib

AXCP isə yürüşün təşkilatçısı olmadığını bildirib.

"Ötən gün keçirilən yürüşün təşkilatçısı Milli Şura, AXCP olmasa da, bütün aqressiyanın bu düşərgəyə yönəlməsi, hökumətin əsas məqsədindən xəbər verir. Bir daha aydın olur ki, İlham Əliyev əsgər və zabitlərimizi şəhid edən düşmənlə deyil, müxalifətlə müharibəni prioritet hesab edir. Faktiki olaraq İlham Əliyev növbəti repressiyalara göstəriş verdi və bütün qurumları AXCP-yə qarşı amansız mübarizəyə səslədi. Deməli, məqsəd erməniləri yox, real müxalifəti sıradan çıxarmaqdı. Ölkəyə rəhbərlik edən şəxs belə bir vaxtda ölkə və dünya ictimaiyyətinə həmrəylik mesajı vermək əvəzinə, qisasçılıq mesajı verdi. Ölkə başçısına yaraşmayan leksikon sərgilədi, rəqiblərini təhqir etdi, heç bir dəlil-sübut olmadığı halda təxribatda suçladı, cinayətkar adlandırdı," AXCP-nin bəyanatında deyilir.

Hüquq müdafiə təşkilatının həbslərlə bağlı araşdırması

“Müdafiə xətti” hüquq-müdafiə təşkilatınının araşdırmalarından məlum olur ki, iyulun 14-15-də orduya dəstək nümayişi ilə bağlı cinayət işi üzrə 29 nəfər həbs edilib.

Həbs olunanlardan 13 nəfəri Xalq Cəbhəsi Partiyasının, 1 nəfər Demokratiya və Rifah Hərəkatının, 2 nəfər Müsəlman Birliyi Hərəkatının, 1 nəfər Naxçıvan Muxtar Respublikasının keçmiş daxili işlıər naziridir. Qalanları bitərəfdir.

Onlar Cinayət Məcəlləsinin 186.2.1-ci (özgə əmlakına ziyan vurulması), 233-cü (ictimai qaydanın pozulması) və 315-ci (polisə tabe olmamaq) maddələri ilə ittiham olunurlar. Təqsirləndirilən şəxsləri 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onların hamısı barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.

Aksiyanın daha üç iştirakçısı Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi (karantin rejiminin pozulması, yoluxucu xəstəliklərin yayılmasına səbəb olduqda) üzrə cəlb edilib.

Onların ikisi AXCP üzvü, biri isə AXCP üzvü Məmməd İbrahimin oğludur. Bu maddə üzrə maksimum cəza 3 il azadlıqdan məhrumetmədir.

AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlıya qarşı əlavə olaraq Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə də (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) ittiham irəli sürülüb.

Bundan əlavə, AXCP-nin 9 üzvü inzibati qaydada həbs edilib. Daha 10 nəfər saxlanıldıqdan sonra sərbəst buraxılıb.

“Müdafiə xətti” təşkilatı həbs olunanların sayının daha çox ola biləcəyini istisna etmir.

Rəsmi qurumlar saxlanılanlar və həbs edilənlərin sayı ilə bağlı hələ məlumat yaymayıb.

“Müdafiə xətti" bu ilin iyulunda yaradılıb. İcraçı direktoru prokurorluğun keçmiş müstəntiqi və siyasi məhbus Rüfət Səfərovdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG