Accessibility links

Milli Şura: Həbs olunanların vəkilləri ilə görüşü təmin olunmalıdır


Demokratik Qüvvələrin Milli Şurası Ombudsman Aparatını və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyini üzərlərinə düşən işi yerinə yetirməyə, həbs olunanlarla bağlı etibarlı məlumat alınmasını təmin etməyə çağırır. Həbs olunanların vəkilləri ilə görüşü və ailə üzvlərilə normal əlaqə saxlaması təmin olunmalıdır.

Bu barədə 14-15 iyul Qarabağ nümayişinə görə həbs edilənlərin taleyi ilə bağlı Milli Şuranın bəyanatında deyilir.

Həbs olunanların mudafiə hüququ ilk vaxtlardan pozulub, onların harada, hansı şəraitdə saxlanıldığı heç ailələrinə də bəlli edilməyib.
Milli Şuranın bəynatından sitat

Milli Şura bu həbslər və işgəncə məlumatları ilə bağlı beynəlxalq birliyin ilkin reaksiyalarından məmnunluğunu bildirməklə yanaşı, bunların yetərli olmadığını, "The Washington Post"un yazdığı kimi, `nəzarətsiz tirana`ya çevrilmiş Əliyev rejiminə daha sərt və güclü təsirlər göstərilməli olduğunu vurğulayır.

Milli Şura həmçinin Azərbaycanın demokratik ictimaiyyətini nahaqdan həbs edilmiş bu günahsız insanların müdafiəsində daha qətiyyətli, ardıcıl və tələbkar olmağa çağırır.

Sənəddə deyilir ki, Tovuz döyüşlərindən sonra, 14-15 iyulda Bakıda orduya dəstək və Qarabağ şuarları ilə keçirilən aksiyadakı məlum təxribat bəhanəsilə həbs edilənlərin mütləq əksəriyyətinin taleyindən xəbər yoxdur.

“Həbs olunanların mudafiə hüququ ilk vaxtlardan pozulub, onların harada, hansı şəraitdə saxlanıldığı heç ailələrinə də bəlli edilməyib. Milli Şurada təmsil olunan AXCP-nin həmin olaya görə 40 nəfərdən artıq üzvü saxlanılıb. Onlardan bir qismi ifadələri alınaraq sərbəst buraxılsa da, hazırda 32 nəfəri həbs şəraitindədir. 17 nəfərinə cinayət işi açılıb və onların 16 nəfəri barəsində 3-4 aylıq həbs qətimkan tədbiri seçilib (bir nəfər ev dustaqlığındadır). 15 nəfər cəbhəçi isə 1 aylıq inzibati həbsə məhkum edilib.”

Bakıda aksiya polis tərəfindən dağıdılır
Bakıda aksiya polis tərəfindən dağıdılır

Milli Şura bildirir ki, AXCP üzvlərinin həbsindən 20 günədək vaxt keçməsinə baxmayaraq, onların əksəriyyəti nə vəkilləri ilə görüşə, nə də ailələrilə əlaqə saxlaya bilib.

“Həbs olunanlara özlərinin və partiyadaşlarının, o cümlədən sədrləri Əli Kərimlinin əleyhinə ifadə vermələri üçün işgəncəyə məruz qaldığı haqda xəbərlər var. Xüsusilə, AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı barəsində bu məzmunda inandırıcı məlumatlar yayılıb. Həbs edilən AXCP fəallarından Seymur Əhmədzadə isə həbs zamanı ona verilən işgəncə barədə "Müdafiə Xətti" hüquq müdafiə təşkilatına məlumat ötürə bilib və məktubunda o, saxlanma şəraitini nasistlərin "Osvensim" əsir düşərgəsinə bənzədib.”

Milli Şura hesab edir ki, həbs edilənlərin vəkilləri ilə görüşü, ailələrilə əlaqə saxlaması təmin edilməyincə, onların taleyindən narahatlıqlar qalacaq.

Həbs edilən AXCP fəalları
Həbs edilən AXCP fəalları

“Milli Şura həbs edilənlərin bu hüquqlarının dərhal təmin olunmasını tələb edir. Qanunsuzluq o qədər dərinə işləyib ki, Fuad Qəhrəmanlının vəkili əlində order ola-ola onunla görüşə buraxılmır. Hətta Ombudsman Aparatı da vəkili Fuad Qəhrəmanlı ilə görüşdürəcəyi sözünü tuta bilmir. Üstəlik, belə məlumatlar yayılır ki, vəkillə müqavilə bağlamadıqlarını demələri üçün Fuad Qəhrəmanlının ailə üzvlərinə təzyiq edilir.

Həbsdəkilərin öz ailələrilə telefon əlaqəsi saxlamaq hüququ da təmin olunmur. Əvəzində onlardan bir neçəsinin ailəsinə mənəvi işgəncə kimi naməlum şəxs tərəfindən zəng olunub və həbs edilən ailə üzvünün sağ-salamat olduğu deyilib, onun bir kəlməlik səsi eşitdirilib (bəlkə də audioyazı şəklində). Bütün bunlar isə həbs olunanların taleyindən narahatlığı daha da artırır,” sənəddə qeyd edilir.

Vəkil: Fuad Qəhrəmanlı ilə görüşə bilmirəm

Həbsdə olan və hüquq müdafiəçisi tərəfindən ağır işgəncələrə məruz qaldığı bildirilən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı ilə onun vəkili Bəhruz Bayramovun görüşü avqustun 5-də də baş tutmayıb.

Bu barədə Amerikanın Səsinə vəkil Bayramov bildirib.

Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı

Onun sözlərinə görə, istintaq orqanı vəkilin müqaviləni onun ailə üzvləri ilə bağlamadığını bəhanə gətirərək görüşə icazə vermir.

Vəkil dünən bütün günü görüş üçün gözlədiyini və dəfələrlə Ombudsman Aparatına zəng etdiyini bildirib.

AXCP bildirir ki, vəkilin Fuad Qəhrəmanlı ilə görüşünə hələ də şərait yaradılmayıb.

“Prosedur qaydalarına görə vəkili işi aparan müstəntiq təqsirləndirilən şəxsə təqdim etməlidir. Lakin müstəntioq hələ də vəkili Fuad Qəhrəmanlıya təqdim etməyib. Fuad Qəhrəmanlı ilə bağlı narahatçılıq daha da artır. Qardaşına təzyiq edirlər ki, desin vəkillə müqavilə bağlamayıb. Nə fərqi var, müqavilə bağlanıbsa, order varsa o zaman vəkildən imtina Fuad Qəhrəmanlının üzərinə düşür. Order varsa vəkili müvəkkilə təqdim etmək istintaqın vəzifəsi və borcudur. Artıq Ombudsman Aparatı da geri çəkilir,” AXCP-nin məlumatında deyilir.

Bununla yanaşı, Fuad Qəhrəmanlının ailə üzvlərinin telefonuna bu gün zəng çatmır.

“Özümü “Osvensim” həbs düşərgəsinin müdafiəsiz, ümidsiz əsiri kimi hiss edirəm,” Seymur Əhmədovun belə yazdığı iddia olunur

Hüquq müdafiəşisi Rüfət Səfərov Seymur Əhmədovun aşağıdakı məktubunu sosial şəbəkələrdə yayıb.

“Mən həbs olunduğum gündən etibarən davamlı işgəncə altında olmuşam. Özümü dustaq kimi yox, əsir kimi hiss edirəm. Qarabağa görə yürüşə çıxıb, dövlət və ordu ilə bərabər olduğumu hayqırmışam. Amma buna görə dostlarımla birlikdə əsir düşmüşəm, qardaşlar, bacılar.

Seymur Əhmədov
Seymur Əhmədov
Mülki geyimli “dubinka” ilə məni fasiləsiz surətdə 1 saat döydü. O həddə idim ki, artıq ağrıları da hiss edə bilmirdim. Məndən tələb edirdi ki, “üzr istə!!!”. Heç bir cinayət törətmədiyimi dedikdə yenidən dəyənək zərbələri endirildi.
Seymur Əhmədovun yazdığı iddia olunan məktubdan sitat

Saxlanıldığım zamandan bəri hər gün işgəncə altındayam. Ən dəhşətlisi Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində oldu. Ağbəniz və hündürboy, 38-45 yaşlarında, ağ köynək və cins şalvarda olan bir nəfər kameraya daxil oldu. Dəhlizə çıxardılar. Birinci mərtəbədə girişdən solda yerləşən birinci otağa saldılar. Mülki geyimli həmin şəxs polis nəfərinə “dubinka gətir” əmrini verdi. Polis də “dubinka”nı gətirdi. Mülki geyimli “dubinka” ilə məni fasiləsiz surətdə 1 saat döydü. O həddə idim ki, artıq ağrıları da hiss edə bilmirdim. Məndən tələb edirdi ki, “üzr istə!!!”. Heç bir cinayət törətmədiyimi dedikdə yenidən dəyənək zərbələri endirildi. Rütbəsi və vəzifəsi barədə məlumatsız olduğum həmin mülki geyimli şəxs qışqıra-qışqıra hədə-qorxu gəldi ki, əgər kamera qarşısında üzr istəməsəm, daha pis zorakılğa məruz qalacam, ölənədək döyüləcəm. Məcbur qalıb, razılaşdım ki, heç olmasa, təxribatçılara görə üzr istəyim... Razılaşdılar. Kameranın qarşısında təxribatçıların hərəkətlərinə görə üzr istədim.

Hazırda özümü “Osvensim” həbs düşərgəsinin müdafiəsiz, ümidsiz əsiri kimi hiss edirəm. Heç bilmirəm sabah mənim və dostlarımın başına nələr gələcək.
Əziz həmvətənlər, bacılar və qardaşlar, belə ağır günlərdə bizi tək qoymayın,” Seymur Əhmədovun yazdığı iddia olunan məktubda deyilir.

Hüquq müdafiəçisi: Fuad Qəhrəmanlı dəhşətli işgəncələr altındadır

Fuad Qəhrəmanlı dəhşətli işgəncələr altındadır. Özündə deyil, danışa və yeriyə bilmir. Əli Kərimlinin əleyhinə hazır ifadəyə imza atmaqdan imtina etdiyinə görə fasiləsiz işgəncəyə məruz qalır.
Hüquq müdafiəçisnin statusundan sitat

Hüquq müdafiəçisi Rüfət Səfərovun sosial şəbəkələrdə Fuad Qəhrəmanlı ilə bağlı yaydığı məlumatda isə deyilir: “Bir qədər əvvəl Baş Prokurorluqdakı vəzifəli şəxslərdən biri 3-cü şəxs vasitəsilə xəbər yollayıb ki, Fuad Qəhrəmanlı dəhşətli işgəncələr altındadır. Özündə deyil, danışa və yeriyə bilmir. Əli Kərimlinin əleyhinə hazır ifadəyə imza atmaqdan imtina etdiyinə görə fasiləsiz işgəncəyə məruz qalır. Ombudsman, əgər mövcudsunuzsa, təcili surətdə Fuad bəyə baş çəkin. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyi, ümid sizədir, Fuad bəy işgəncələr altında ölə bilər, lütfən, ona baş çəkin,” hüquq müdafiəçisi bildirir.

Baş Prokurorluq: Fuad Qəhrəmanlı, Asif Yusifli və Seymur Əhmədovun işgəncələrə məruz qalması ilə bağlı iddialar əsassızdır

Baş Prokurorluq Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) son günlər həbs edilən üzvləri Fuad Qəhrəmanlı, Asif Yusifli və Seymur Əhmədovun işgəncələrə məruz qalması ilə bağlı iddiaları əsassız sayır.

Qurumun mətbuat xidməti bildirib ki, iyulun 14-dən 15-ə keçən gecə baş verən hadisələrlə bağlı açılan cinayət işi üzrə təqsirləndirilən Seymur Əhmədov, Asif Yusifli, Fuad Qəhrəmanlı və digərlərinin hüquqlarının pozularaq işgəncəyə məruz qalmaları ilə bağlı həqiqətə uyğun olmayan informasiyalar yayılıb.

Cinayət işini süni surətdə siyasiləşdirərək cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq, istintaqın obyektiv gedişatına təsir göstərməklə ictimai rəyi çaşdırmağa xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunur.
Baş Prokurorluğun məlumatından sitat

Qeyd edilib ki, cinayət işini süni surətdə siyasiləşdirərək cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq, istintaqın obyektiv gedişatına təsir göstərməklə ictimai rəyi çaşdırmağa xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunur.

“Təqsirləndirilən şəxslərin iştirakı ilə keçirilmiş bütün istintaq hərəkətləri cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müdafiəçinin iştirakı ilə həyata keçirilməklə hüquqi yardım almaq və qanunvericilikdə nəzərdə tutulan digər hüquqlar tam təmin olunub. Azərbaycan Respublikası Baş Prokurorluğu bir daha bəyan edir ki, cinayət işinin istintaqı zamanı əsassız, dəqiqləşdirilməmiş, siyasi məqsəd güdən yalan informasiyaların yayılması yolverilməzdir,” açıqlamada yazılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG