Accessibility links

Milli Şura “Pandora sənədləri”nin araşdırılması ilə bağlı baş prokurora müraciət edib


Demokratik Qüvvələrin Milli Şurasının və Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərləri Cəmil Həsənli və Əli Kərimli "Pandora dosyesi" beynəlxalq jurnalist araşdırması ilə əlaqədar Azərbaycanın baş prokuroru Kamran Əliyevə müraciət edib.

Bu dosyedə açıqlanan materiallara əsasən, Azərbaycan prezidentinin ailəsi Böyük Britaniyada 429 milyon funt-sterlinq (694 milyon dollar) dəyərində daşınmaz əmlak alıb.

Həsənli və Kərimli xatırladır ki, əvvəllər də Azərbaycanın yüksək vəzifəli məmurlarının adları "pulların yuyulması", vəsaitlərin offşorlara köçürülməsi ilə bağlı beynəlxalq qalmaqallarda keçib.

2017-ci ildə Demokratik Qüvvələrin Milli Şurası digər qalmaqallı araşdırma - "Azərbaycan landromatı" ilə bağlı ölkənin Baş Prokurorluğuna müraciət edib. Həmin materiala görə, ölkədən 3 milyard dollar çıxarılıb və yuyulub.

Demokratik Qüvvələrin Milli Şurası və Azərbaycan Xalq Cəbhəsi Partiyası hesab edir ki, Baş Prokurorluq göstərilən faktlarla bağlı cinayət işi açmalı, hərtərəfli və obyektiv araşdırma aparmalıdır.

Müraciətdə qanunvericiliyin konkret maddələri göstərilir və deyilir ki, prokurorluq yuxarıda qeyd olunan hallarda araşdırma aparmağa borcludur.

Xatırladaq ki, bundan öncə Müsavat Partiyası da analoji müraciətlə çıxış edib.

Bununla yanaşı, Baş Prokurorluq bu müraciətlərlə bağlı hələ şərh verməyib.

Prezident İlham Əliyev oktyabrın 7-də İtaliyanın “La Republica” qəzetinə müsahibəsində “Pandora sənədləri” barədə suala cavab verib.

Belə ki, jurnalistin “Pandora sənədləri” haqqında nə deyərdiniz" sualına cavabında prezident "bu cür məsələlər məni çox illərdir müşayiət edir” deyib. O bunun jurnalist araşdırması olmadığını hesab edir.

“Siyasi konyunkturadan asılı olaraq Qərbdə bəzi qüvvələr vaxtaşırı Azərbaycanı gözdən salmaq, onun mövqeyini zəiflətmək üçün bu cür iftiralardan və böhtanlardan istifadə etməyə çalışır. Aydındır ki, bu, jurnalist araşdırması deyil. Məlumdur ki, bunun arxasında kim dayanır. Aydındır ki, nəyə görə Azərbaycanın da adı çıxır. Mən başqaları haqqında bilmirəm. Ola bilsin, bəlkə onlar da elə bir şey ediblər ki, Qərbdə bəzi qüvvələrin xoşuna gəlməyib. Lakin Azərbaycana gəldikdə, əlbəttə ki, İkinci Qarabağ müharibəsində qələbə bir çoxları üçün sürpriz oldu. Bu, onların xoşuna gəlmədi. Onlar Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyirlər. İndi isə bir halda ki, Azərbaycan bunu özü etdi və Ermənistanı məğlub etdi, Ermənistana sıx bağlılığı olan Qərbdəki həmin dairələr yenə böyük fəallığa keçiblər. Biz bunu gözləyirdik. Əslində, biz bilirdik ki, Azərbaycana qarşı yeni qarayaxma kampaniyası planlaşdırılır.”

İlham Əliyev prezident olmamışdan əvvəl sahibkar olduğunu xatırladıb.

“Mən bundan əvvəl sahibkar olmuşam, bizneslə məşğul olmuşam. Tərcümeyi-halım da məlumdur. Özü də uğurlu sahibkar olmuşam. Prezident seçiləndə mən kasıb insan deyildim. Prezident olduqdan sonra mən biznesdə birbaşa iştirakımı dayandırdım və biznesi öz ailəmə ötürdüm. Siz bəlkə məni başa düşərsiniz ki, bütün mirasını pişiklərə və itlərə qoyub gedən Qərbdəki digər insanlardan fərqli olaraq, İtaliya və Azərbaycanda biz ailə dəyərlərinə daha çox üstünlük veririk. Buna görə, mən bütün biznesimi uşaqlarıma ötürdüm. Onlar isə səylər göstərib biznesi davam etdirirlər. Onların əsasən Azərbaycanda sərmayələri var. Onların Azərbaycandan kənarda sərmayələri var. Onların bütün biznes fəaliyyəti şəffafdır və beynəlxalq səviyyədə auditdən keçir və heç kəs burada bir şeyin səhv olması iddiası ilə çıxış edə bilməz.”

İham Əliyev sənədlərdə yazılanların 5 faiz həqiqət olmasını ehtimal edib.

“Sənədlərdə nə yazılıbsa, səmimi desəm, mən onları oxumamışam. Mənə məlumat verildi və orada ola bilsin 5 faiz həqiqətdir. Qalanı isə yalandır. Amma bir daha bu haqda açıq söyləməyə qanuni haqqım var. Azərbaycanda sirr deyil ki, mənim qohumlarım və ailə üzvlərim biznesdə, xeyriyyəçilikdə və hazırda Qarabağda aparılan bir çox işlərdə iştirak edirlər. Məsələn, mənim yaratdığım Fond hazırda Qarabağda - Ağdamda, Şuşada və Zəngilanda bütün məscidlərin bərpasına sərmayə yatırır. Bu işlər Fondun pulu hesabına maliyyələşdirilir. Biz qaçqınlar üçün evlərin tikintisini maliyyələşdirmişik. Beş mindən çox ailə üçün bu işi görmüşük. Biz Azərbaycanda çox işlər görürük. Əlbəttə ki, bunlar Qərbdə bəzi insanların xoşuna gəlmir. Onlar bizi ittiham etmək istəyirlər. İstəyirlər ki, biz onlara tabe olaq. Bizi iradələrinə tabe etdirmək istəyirlər. Mən isə deyirəm: Yox! Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm. Bütün həmin çirkin hekayələrin isə mənim və Azərbaycan xalqı üçün heç bir mənası yoxdur,” Əliyev qeyd edib.

XS
SM
MD
LG