Accessibility links

Milli Şura: Rusiya Ordusunun Azərbaycana gətirilməsinə qəti şəkildə etiraz edirik


“Milli Şura olaraq Azərbaycan ərazisində, ölkəmizin suverenliyinin məhdudlaşdırılması hesabına, Azərbaycan xalqının mövqeyini və maraqlarını nəzərə almadan faktiki olaraq Rusiya Hərbi Bazasının yaradılmasına və bu yolla Yuxarı Qarabağdakı Azərbaycan torpaqlarının qeyri-müəyyən müddətə işğalda qalmasına qəti şəkildə etiraz edirik.“

Bu barədə Demokratik Qüvvələrin Milli Şurasının Azərbaycan ərazisində Rusiya Silahlı Qüvvələrinin yerləşdirilməsinə etiraz bəyanatında deyilir.

Milli Şura Azərbaycan hökumətindən təcili qaydada beynəlxalq birlik- Türkiyə, Rusiya, ABŞ və Avropa İttifaqı ilə razılaşdırılmış qaydada Qarabağ ərazisində sülhü təmin edəcək çoxmillətli neytral kontingentin formalaşdırılması istiqamətində addımlar atmağı tələb edir.

“Yuxarı Qarabağ-Xankəndi, Xocalı, Xocavənd, Ağdərə üzərində Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, məcburi köçkünlər öz yurdlarına qayıtmalıdır. Azərbaycan xalqı heç bir təzyiq və təhdid qarşısında öz topaqlarının bir qarışından imtina etməyəcək və gec-tez bütün Qarabağ üzərində öz suveren hüquqlarını bərpa edəcəkdir,” sənəddə qeyd edilir.

Milli Şurası bəyan edir ki, Azərbaycanın beynəlxalq hüquqla tanınan suveren ərazilərinə Azərbaycan xalqının və Azərbaycan Milli Məclisinin məlumatı və razılığı olmadan, heç bir ictimai müzakirə keçirilmədən, ölkə müxalifətinin və vətəndaş cəmiyyətinin rəyi nəzərə alınmadan, heç bir hüquqi əsas olmadan gecə ilə, gizlin şəkildə Rusiya Silahlı Qüvvələrinin Sülhməramlı kontingentinin daxil olması Azərbaycan dövlətinin suverenliyinə, ərazi bütövlüyünə, Azərbaycan xalqının milli maraqlarına qarşı ciddi təhdiddir və Azərbaycan Konstitusiyasının müddəaları ilə kəskin ziddiyyət təşkil edir.

“1920-ci ildə Azərbaycan Xalq Cumhuriyyətini işğal edib onun mövcudluğuna son qoyan, mərhum prezident Əbülfəz Elçibəyin siyasi iradəsi və dirənişi hesabına ölkəmizdən 1992-ci ildə böyük çətinliklə çıxarılan Rusiya Ordusunun yenidən və gözlənilmədən vətənimizə qayıtması Azərbaycanın Qarabağ üzərində suverenliyinin və ərazi bütövlüyünün məhdudlaşdırılması deməkdir. Rusiya Silahlı Qüvvələrinin 1990-cı ilin 20 Yanvar facəsi, 1992-ci ilin 26 fevralında törədilən Xocalı soyqırımı, 1992-93-cü illərdə Qarabağ torpaqlarının işğalındakı məşum rolu, eləcə də Moldovanın Dnestryanı, Gürcüstanın Abxaziya və Cənubi Osetiya, Ukraynanın Krım və Donbas bölgələrinin işğalındakı birbaşa iştirakı Azərbaycan xalqının yaddaşından silinməyib.”

Sənəddə hərbi əməliyyatların başladığı sentyabrın 27-dən sonra Rusiyadan Ermənistana daşınan yüz tonlarla silah və sursat xatırladılır.

“Rəşadətli Azərbaycan Ordusunun, qəhrəman əsgər və zabitlərimizin öz canı və qanı bahasına əldə etdikləri Böyük Qələbəyə bu qədər yaxın olduğumuz, döyüş meydanında böyük strateji üstünlüklər əldə etdiyimiz, az qala Xankəndini işğalçılardan azad etdiyimiz və Ermənistanın dövlət rəsmilərinin bunu açıq şəkildə etiraf etdiyi bir vaxtda Azərbaycan siyasi rəhbərliyinin ordumuzun müzəffər yürüşünü dayandıraraq Rusiya Ordusunu Azərbaycana dəvət etməsi Azərbaycan cəmiyyətində haqlı narazılıq və etiraz doğurub,” Milli Şuranın bəynatında qeyd edilir.

Milli Şura bəyan edir ki, savaşın ilk günlərindən bütün imkanları ilə Azərbaycana mənəvi və siyasi dəstək verən Türkiyənin masadan kənarda saxlanılması ölkəmizin çıxarları baxımından böyük itkidir.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılıb və nəticə əldə edilməyib.

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

2020-ci ilin iyulun 12-dən 16-dək Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində tərəflər arasında yenidən qarşıdurma olub. Hər iki tərəfdən hərbi və mülki şəxslər həlak olub.

​2020-ci il sentyabrın 27-də isə qoşunların təmas xəttində Dağlıq Qarabağ istiqamətində döyüş əməliyyatları bərpa edilib. Ağır döyüşlər davam olub. Hər iki tərəfdən çoxsalı hərbi və mülki şəxslər həlak olub. Minlərlə evlər və mülki obyektlər dağıdılıb. Döyüşlər nəticəsində Azərbaycan beynəlxalq tanınmış sərhədləri daxilində olan üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayon mərkəzini və Şuşa şəhərini azad edib.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş Naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin imzaladığı birgə bəyanatla hərbi əməliyytaların dayandırlması barədə razılıq əldə edilib.

Razılışmaya əsasən dekabrın 1-dək erməni tərəfinin nəzarətinsdə olan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədələri daxilindəki ərazilərindən Ermənistan Silahl Qüvvələri çəxarılaraq Azərbaycana təhvil veriləcək.

Sənəddə deyilir ki, “Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilir. Rusiya sülhməramlı kontingentinin qalma müddəti tərəflərdən heç birinin bu müddəanın tətbiqinə xitam verilməsi niyyətini sözügedən vaxtın bitməsindən 6 ay əvvəl çıxış etmədiyi təqdirdə, növbəti 5 illik müddətə avtomatik uzadılması ilə 5 ildir.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG