Accessibility links

Milli Şura: “Siyasi hakimiyyət işgəncələrə görə izahat verməlidir"


Mitinqdə nümayiş etdirilən işgəncə halları ilə bağlı plakat -19.01.2018

“Milli Şura Qobustan həbsxanasında "Nardaran məhbuslarının" taleyinə təhlükənin qaldığını nəzərə alaraq, müvafiq dövlət orqanlarından orada baş verənləri təcili nəzarətə götürməyi, xüsusən də həbsxananın rəisi Aftandil Ağayev barəsində vəzifəsindən çıxarılmaqla tədbir görülməsini tələb edir.

Milli Şura həmçinin "bandotdel"də (Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi-red) Saleh Rüstəmli və onunla birgə saxlanılanlara qarşı işgəncələrə göstəriş verən Sənan Paşayev və göstərişi yerinə yetirən şəxslər barəsində cəza tədbirinin görülməsini tələb edir.”

Cəmiyyət dövlət rəhbərliyini bu işgəncə faktlarına görə məsuliyyət daşıyanları cəzalandırmaq və ümumiyyətlə belə işgəncələrə son qoymaq üçün hərəkətə keçməyə məcbur edə bilməlidir.
Milli Şuranın bəyanatından

Bu barədə Demokratik Qüvvələrin Milli Şurasının siyasi motivlərlə həbsdə olan və məhkum edilmiş şəxslərə qarşı zorakılıq və işgəncələrin tətbiq olunmasına dair bəyanatında deyilir.

Milli Şura ölkə ictimaiyyətini işgəncə faktlarına daha gur səslə etiraz etməyə, işgəncə aparatının başında duranları və "vintlərini" daha sərt qınamağa, işgəncəyə məruz qalmış günahsız insanları daha güclü müdafiə etməyə çağırır.

“Cəmiyyət dövlət rəhbərliyini bu işgəncə faktlarına görə məsuliyyət daşıyanları cəzalandırmaq və ümumiyyətlə belə işgəncələrə son qoymaq üçün hərəkətə keçməyə məcbur edə bilməlidir,” sənəddə deyilir.

Milli Şura eyni zamanda beynəlxalq birliyi Azərbaycanın hüquq-mühafizə orqanlarında və həbs yerlərində törədilən bu anti-insani əməllərə biganə qalmamağa səsləyir.

“Dünyanın hüquq müdafiə təşkilatları, demokratik hökumət və təsisatları törədilən bu işgəncə hallarına görə Azərbaycan hakimiyətindən izahat tələb etməli, günahkarları cəzalandırmaq və belə halların təkrar olunmasına yol verməmək üçün ona bütün gücləri ilə təsir göstərməlidirlər", bəyanatda qeyd edilir.

Vətənə xəyanətdə günahlandırlan hərbçiyə həbsdə verilən işgəncə -Foto 01.02.2019-ildə Prezident Adminsitrasiyasının qarşısında qaldırlıb
Vətənə xəyanətdə günahlandırlan hərbçiyə həbsdə verilən işgəncə -Foto 01.02.2019-ildə Prezident Adminsitrasiyasının qarşısında qaldırlıb

Milli Şura bildirir ki, Qobustan həbsxanasında Tale Bağırzadənin (Müsəlman Birliyi Hərəkatının lideri-red.) qolları heç bir əsas olmadan qandallanır, onu təmiz hava almaq və yuyunmaq imkanından məhrum ediblər, ailəsi və vəkililə əlaqə saxlamasına maneə yaradılır, onun yanına psixi tarazlığı yerində olmayan və adam öldürməyə meylli (əvvəllər başqa bir məhkumu yandırmağa cəhd eləmiş) dustaq salıblar.

“Bağırzadənin qolunu bilərəkdən qandalla qanlı yara açacaq həddədək sıxıblar və bu da onu hansısa xəstəliyə yoluxdurmaq istədiklərinə dair şübhələr yaradıb. Ona qarşı basqılar elə həddə çatıb ki, o özünə xəsarət yetirməyə məcbur olub. Abbas Hüseyn (Müsəlman Birliyi Hərəkatının sədr müavini-red) qoluna 3 yerdən qandal, ayaqlarına zəncir vurularaq, ağzı və gözləri yapışqan lentlə bağlanaraq elə ağır işgəncələrə məruz qalıb ki, paltarları belə əynindən çıxıb. Onu boğazından o qədər sıxıblar ki, günlərlə su içməyə belə çətinlik çəkib. Cabbar Cabbarlı da (Müsəlman Birliyi Hərəkatının fəalı-red) xəstə halına baxmadan möhkəm döyülüb, çənəsi və sinəsi zədələnib. "Nardaran məhbusları" bildiriblər ki, onlara qarşı işgəncələrə Qobustan həbsxanasının rəisi Aftandil Ağayev şəxsən rəhbərlik edir.”

Milli Şura bütün işgəncə hallarına görə hüquq-mühafizə orqanları ilə yanaşı, siyasi hakimiyyəti də ittiham edir və ondan baş verənlərlə bağlı təcili şəkildə, yüksək səviyyədə izahat verməsini tələb edir.

Milli Şura həmçinin bildirir ki, "bandotdel"də Gədəbəy rayonun keçmiş icra hakimiyyəti başçısı Saleh Rüstəmli, onun qardaşı oğlu Vidadi Rüstəmov, AXCP funskionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirli ağır işgəncələrə məruz qalıb. İşgəncələr barədə onlar özlərilə bağlı gedən məhkəmə proseslərində sərbəst ifadələri zamanı məlumat veriblər. Bu insanları "bandotdel"də bədənlərinə elektrik cərəyanı buraxılmaq da daxil, ağılagəlməz işgəncələrlə özlərinin və AXCP sədri Əli Kərimlinin əleyhinə yalan ifadələrə məcbur ediblər. Onların ifadələrindən aydın olur ki, "bandotdel"də xüsusi quraşdırılan işgəncə otaqları fəaliyyət göstərir. Bu insanlara günlərlə verilən dəhşətli işgəncələrin məqsədi AXCP-yə qarşı uydurulmuş "qanunsuz maliyyələşmə" ittihamına uyğun ifadələr almaq olub. Onlara işgəncə verilməsini isə müstəntiq Sənan Paşayev göstəriş verirmiş.”

Milli Şura bütün işgəncə hallarına görə hüquq-mühafizə orqanları ilə yanaşı, siyasi hakimiyyəti də ittiham edir və ondan baş verənlərlə bağlı təcili şəkildə, yüksək səviyyədə izahat verməsini tələb edir.

"Milli Şura həbs yerlərində saxlanılanlara, xüsusən də müxalif mövqeli insanlara işgəncələr verildiyinə dair əvvəllər də məlumatların yayıldığını nəzərə alaraq, hesab edir ki, bu qanunsuz əməl bilavasitə ölkə başçısı səviyyəsində sanksiyalaşdırılıb. Əks halda indiyədək yayılan məlumatlar onun məsələyə müdaxilə etməsinə, işgəncə hallarına görə məsuliyyət daşıyanların cəzalandırılması üçün tədbir görməsinə yetərli olmalıydı”, sənəddə deyilir.

Öz növbəsində Penitensiar Xidmət və Daxili İşlər Nazirliyi saxlanılan, istintaq altında olan və həbsdə olan şəxslərə qarşı işgəncələr və qeyri insani rəftarla bağlı deyilənləri təkzib edir.

Rəsmi Bakı ölkədə fundamental hüquqların tam təmin edilyini bəyan edir. Dövlət rəsmiləri insanların qanun qarşısında bərabər olduğunu, siyasi baxışlarına, dini inanclarına, fikrilərinə görə təqib olunmadığını bildirir.

XS
SM
MD
LG