Accessibility links

Milli Şura Tofiq Yaqublunun həbsini İlham Əliyevin Novruz hədəsinin nəticəsi hesab edir


Tofiq Yaqublu
Tofiq Yaqublu

"İlham Əliyevin Novruz bayramı ilə əlaqədar çıxışında ölkə müxalifətini düşmən elan etməsinin nəticəsi özünü çox gözlətmədi. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu həmin çıxışdan cəmi 3 gün sonra - martın 22-də şərlənərək həbs olundu." Bu barədə Milli Şuranın yaydığı bəyanatda bildirilir.

Müxalif qurumların çətir təşkilatı olan şura ötən günlərdə bu və digər siyasi motivli həbslərin Prezident İlham Əliyevin çıxışında müxalifətçiləri "satqın" və "düşmən" adlandırmasından və onların təcrid edilməsinin "zərurətə" çevrilməsini deməsindən sonra baş verdiyini vurğulayır.

"Görünür, hər fürsətdə siyasi rəqibinə divan tutmaq ehtirası İlham Əliyevə hətta ölkədə fövqəladə vəziyyət elan etməyi gözləməyə də imkan verməyib və o, artıq növbəti repressiya dalğasını başlamağa göstəriş verib."

Avtomobil qəzası kimi təsvir edilən insidentin ardınca Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, Müsavat Partiyasının fəalı Tofiq Yaqublu şübhəli şəxs qismində saxlanılıb.

Daxili İşlər Nazirliynin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb. Tofiq Yaqublu şübhəli şəxs qismində saxlanılıb.

Mətbuat Xidmətinin rəisinin sözlərinə görə, martın 22-də paytaxtın Nizami rayonu ərazisində Tofiq Yaqublunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub.

“Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib,” o, qeyd edib.

Milli Şura isə Yaqublunun şərlənərək həbs olunduğunu israr edir.

"Tofiq Yaqublunun avtomobilini dayandığı yerdə başqa bir avtomobil vurmuşdu və vuran avtomobildəki iki nəfər (sonradan polis onların ər-arvad olduğunu açıqladı) öz avtomobilində gözləyən Tofiq Yaqubluya hücum etmişdi. Tofiq Yaqublu özünə qarşı təxribatı dərhal duymuş, avtomobilində oturaraq onun şüşələrini və qapılarını bağlamışdı. O, baş verən təxribat barədə sosial şəbəkədə məlumat paylaşmış, telefonla Milli Şura rəhbərliyini məlumatlandırmışdı. Hadisə yerinə polisi də Tofiq Yaqublunun özü çağırmışdı. Bununla belə polis, dolayısı ilə siyasi hakimiyyət əvvəlcədən hazırlanan plan üzrə Tofiq Yaqublunun özünü təqsirkar çıxarıb, ona qarşı CM-in 221.3 (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlandı. Daxili İşlər Nazirliyinin saxta iddiasına görə, Tofiq Yaqublu ona qarşı təxribatın "vintləri" olan həmin "ər-arvadı" yumruq və vintaçanla vurub," bəyanatda deyilir.

Bazar ertəsi hakim Yeni Azərbaycan Partiyasının aparıcı fiqurlarından olan və baş nazirin müavini Əli Əhmədov Facebook-da yaydığı "İki virusa qarşı mübarizə" başlıqlı yazıda müxalifətçiləri koronavirusla müqayisə edərək hər ikisini Azərbaycan cəmiyyəti üçün "təhlükəli" adlandırıb.

"Ölkələrin əksəriyyətində olduğu kimi, Azərbaycan hökuməti koronavirusa qarşı mübarizə apardığı halda Əli Kərimli virusu Azərbaycana qarşı mübarizə aparır və bu əməllərində ən çirkin vasitələrdən belə çəkinmir. İllər boyu təkrarladığı yalanlarına indi sanki koronavirus çalarları əlavə edib. Hər cür yalanlarla, uydurma və şaiyələrlə əhalidə hökumətin koronavirus xəstəliyinin qarşısının alınması sahəsində həyata keçirdiyi, hesab edirəm ki, kifayət qədər düşünülmüş və səmərəli qabaqlayıcı tədbirlərə inamsızlıq yaratmağa çalışırlar," Əhmədov yazıb.

Milli Şura hakimiyyəti "yeni repressiyaya başlamaq planından" imtina etməyə, Tofiq Yaqublu barəsində "ədalətsiz və sifarişli qərarı" ləğv etməyə və ümumlilikdə müxalifətçilərin "hədələnməsi" və "təqib olunmasına" son qoymağa çağırıb.

"Hakimiyyət xüsusən indiki həssas dönəmdə Azərbaycan xalqı və dövləti qarşısında məsuliyyətini dərk etməli, ölkədə gərginliyi artıran addımlar atmamalıdır. Hakimiyyət nəhayət anlamalıdır ki, cəmiyyətə qarşı bu cür açıq çağırış tipli addımları onun özünə qarşı xalqın nifrətini artırmaqdan başqa bir uzunmüddətli nəticə doğurmur," bəyanatda deyilir.

XS
SM
MD
LG