Accessibility links

Milli Şura: Tofiq Yaqublunun məhkəməsi Əliyev dövrünün `ən rüsvayçı məhkəmə prosesidir`


Tofiq Yaqublu məhkəməyə gətirilib
Tofiq Yaqublu məhkəməyə gətirilib

Azərbaycan Demokratik Qüvvələrin Milli Şurası məhkəmənin Tofiq Yaqublu ilə bağlı hökmünü pisləyib, onun siyasi sifarişlə verildiyini və əsassız olduğunu bildirib.

Milli Şuranın Koordinasiya Mərkəzinin 5 ay əvvəl həbs edilən üzvü Tofiq Yaqublunun məhkəməsi sentyabrın 3-də başa çatıb. Məhkəmə Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

“Tofiq Yaqublu üzərində qurulan "məhkəmə" hətta Əliyevlər dövrünün də ən rüsvayçı məhkəmə prosesi kimi tarixə düşəcək. Bu prosesdə hakim Nəriman Mehdiyev başda olmaqla məhkəmə heyəti əvvəldən axıra qədər ibtidai istintaqın sifarişlə uydurdiğu saxta ittihamı eyni saxtakarlıqla müdafiə etməklə məşğul oldu. Çünki istintaqa göstəriş verilən mərkəzdən məhkəməyə də oxşar göstəriş verilmişdi. Proses boyu müdafiə tərəfin vəsatətləri təmin olunmadı, Tofiq bəyin xeyrinə olan sübutlara baxılmadı, həttə Tofiq bəyin sərbəst ifadə verməsinə də şərait yaradılmadı.

Məhkəmə tamamilə saxta ittiham aktına və yalançı şahid ifadələrinə əsaslanıb, Tofiq bəy barəsində məlum hökmü verdi,” Milli Şuranın bəyanatında deyilir.

Milli Şura bəyan edir ki, Tofiq Yaqubluya çıxarılan hökmün arxasında “şəxsən İlham Əliyev” durur.

“Məhkəmə adına rüsvayçılıq olan bu məzhəkənin hakimi də, prokuroru da, yalançı şahidləri də İlham Əliyevin özü idi. Tofiq Yaqublu İlham Əliyevin müxalifətə qarşı 19 martdakı ilk nifrət çıxışından cəmi 3 gün sonra açıq-aşkar şərlənərək həbs edilib,” sənəddə deyilir.

Bəyanatda bildirlir ki, Tofiq Yaqublunun həbsi rəhbərliyində olduğu Milli Şuraya qarşı hakimiyyətin davamlı repressiyasının tərkib hissəsidir.

“İlham Əliyev hökuməti çalısır ki, ölkədə real müxalifəti sıradan çıxarsın. Milli Şuranın ozəyini təşkil edən AXCP-yə qarşı son iki aydakı divantutma əməliyyatı da (20 nəfərdən artıq funksionerinin cinayət işləri ilə, 40 nəfərdən çox funksionerinin inzibati qaydada həbsi) məhz bununla bağlıdır.”

Milli Şura bütün təqib-təzyiqlərə, repressiyaya baxmayaraq, bundan sonra da gerçək müxalifət mövqeyindən çıxış edəcəyini, xalqın sözünü deməkdən geri çəkilməyəcəyini bəyan edir.

“İlham Əliyevin ölkədə real müxalifəti sıradan çıxarıb, əbədi hakimiyyət planını həyata keçirmək istəyi boş xülyadan başqa bir şey deyil. Əvvəla, Milli Şuranın və AXCP-nin timsalında real müxalifəti sıradan çıxarmaq mümkün deyil, ikincisi də müasir təcrübələr təsdiq edir ki, hətta müxalif təşkilatlar və liderlər olmadan da narazı xalq təşkilatlanıb meydana çıxa bilər,” sənəddə deyilir.

Milli Şura başda Tofiq Yaqublu olmaqla, bütün siyasi məhbusların dərhal azad olunmasını tələb edir. Sənəddə həmçinin beynəlxalq ictimaiyyəti Azərbaycandakı repressiv siyasətə daha ucadan etiraz etməyə, bunun qarşısını almaq üçün təsirli təzyiq vasitələrindən istifadəyə çağırır.

“Milli Şura Azərbaycan xalqına da çağırış edir ki, Tofiq Yaqublunun həbsinə, eləcə də 200-dək siyasi məhbusun həbsdə saxlanmasına hər gün daha ucadan və mütəşəkkil qaydada etirazını bildirsin,” bəyanatda qeyd edilir.

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Sükan arxasında olan Elxan Cəbrayılov Yaqublu ilə münaqişə edərək onu ittiham edib.

Nizami rayon polisi cinayət işi qaldırıb, lakin istintaq zamanı Tofiq Yaqublunun telefonundan onun təqsirsizliyinə dair bütün video-sübutlar silinib. Polis bunun nə üçün edildiyini açıqlamayıb.

Məhkəmə həmçinin videomaterialların bərpası və məhkəmədə istifadə edilməsi barədə vəsatətləri təmin etməyib.

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. O, etiraz olaraq aclığa başlayıb.

Yaqublu ilk dəfə 2013-cü ildə İsmayıllıda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib. 2019-cü ilin oktyabrında icazəsiz aksiyada iştirakına görə inzibati qaydada həbsə məhkum edilib..

Azərbaycan rəsmiləri beynəlxalq tənqidləri qəbul etmir, qərəzli sayır. Ölkə rəhbərləri insanların siyasi iradəsinə görə təqib edilmədiyini bildirir.

XS
SM
MD
LG