“Milli Şura olaraq dövlət adından həyata keçirilən mənəviyyatsiz və əxlaqsız əmələ, öz vətəndaşına qarşı sərgilənən bu qeyri-insani, alçaldıcı və barbar davranışa sərt şəkildə etiraz edir, bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasını, Daxili İşlər Nazirliynin rüsvayçılığa görə Azərbaycan xalqından və şərəf və ləyaqətini alçaltdığı Azərbaycan vətəndaşlarından üzr istəməsini tələb edirik.”
Bu barədə vətəndaşlara qarşı törədilən polis zorakılığı və alçaldıcı rəftara dair Demokratik Qüvvələrin Milli Şurasının etiraz bəyanatında deyilir.
Milli Şura iyunun 8-də Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən yaşayış massivinin dinc sakinlərinə qarşı Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı tərəfindən törədilən kütləvi zorakılıq, qeyri-adekvat güc tətbiqi və insan ləyaqətinin alçaldılması əməllərindən hiddətləndiyini bildirir.
“Əliyev rejimindən Azərbaycan xalqı ilə əsir götürülmüş əhali, Azərbaycan ilə işğal edilmiş ərazi kimi davranmaq praktikasına son qoymasını tələb edir.”
Sənəddə polisin məhkəmə qərarı olmadan vətnədaşların mənzilinə daxil olması, qanuna zidd şəkildə insanlara qarşı hədsiz zor tətbiq edilməsi, aşağılayıcı rəftarı Azərbaycan konstitusiyasına, Avopa İnsan Hüquqları Konvensiyasına zidd olduğu xatırladılır.
“Azərbaycan Daxili İşlər Nazirliyi adlanan və artıq çoxdan konstitusion nəzarətdən çıxmış qurum nəinki bu mənəvi, siyasi, hüquqi rəzaləti və cinayəti özü icra edir, hətta ölkə əhalisinin gözünü qorxutmaq və haqları uğrunda mübarizədən çəkindirmək məqsədilə insan ləyaqətini alçaldan bu işgəncə kadrlarının videolentə çəkilərək sosial şəbəkələr üzərindən kütləvi şəkildə yayılmasının qayğısına qalır”, bəyanatda qeyd edilir.
Sosial şəbəkələrdə polisin iyunun 6-da bir neçə gənci karantin qaydalarını pozarkən saxladıqları zamanı sakinlərin etiraz əlaməti olaraq zibilləri polislərin üzrəinə atması əks olunan videolar yayılıb.
İyunun 7-də səhər saatlarında Çevik Polis Alayının əməkdaşları Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsindəki binada yaşayan bir neçə nəfəri saxlayıb.
Polis adı çəkilən binanın bloklarına daxil olaraq sakinləri evlərindən zorla aparıb. Sosial şəbəkələrdə polislərin hərəkətləri əks olunmuş videolar da yayılıb.
Rəsmi məlumatda deyilir ki, polisin üstünə müxtəlif əşyalar atan 11 nəfərin şəxsiyyəti müəyyən edilib və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətiriliblər.
“İyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndirib,“ məlumatda deyillir.
Daxili İşlər Nazirliyinin iyunun 8-də yaydığı məlumata görə, vətəndaşı təhqir edən polis əməkdaşı vəzifəsindən azad edilib və vətəndaşdan üzr istənilib.