Accessibility links

Milli Şura yürüş-mitinqdəki insidentlə bağlı saxlanılanların azadlığa buraxılmasını tələb edir


İyulun 15-də Bakıda mitinq
İyulun 15-də Bakıda mitinq

“Qarabağı işğaldan qurtarmaq çağırışı ilə meydana çıxan heç kim cəzalandırıla bilməz. O yürüş-mitinqdə baş verən təxribatın oradakı minlərlə iştirakçıya, o cümlədən AXCP üzvlərinə heç bir aidiyyatı yoxdur. Milli Şura 14-15 iyul aksiyasına görə saxlanılan AXCP üzvlərinin və başqa günahsız insanların dərhal sərbəst buraxılmasını tələb edir.”

Bu barədə Demokratik Qüvvələrin Milli Şurasının Azərbaycan-Gürcüstan sərhədində baş verən silahlı qarşıdurmada Azərbaycan Ordusunu dəstəkləyən aksiya zaman baş verən insident faktı üzrə həbs edilənlərin azadlığa buraxılmasını tələb edən müraciətində deyilir.

Milli Şura demokratik dünyaya və Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlara çağırış edir ki, son baş verənlərin fonunda ölkədəki repressiv mühitin birbaşa prezident İlham Əliyevdən qaynaqlandığını nəhayət, aydın görsünlər və vəziyyəti müsbətə doğru dəyişmək üçün bilavasitə onun özünə ciddi, təsirli təzyiqlər göstərilməli olduğunu bilsinlər.

Milli Şura bəyan edir ki, Azərbaycanda demokratiyanın bərqərar olması, insan hüquq və azadlıqlarının qorunması naminə mübarizəsini heç nəyə baxmadan, bundan sonra da bütün qətiyyəti ilə davam etdirəcək.

Sənəddə deyilir ki, Azərbaycan hakimiyyəti 14-15 iyul tarixdə Bakıda keçirilən Qarabağ yürüş-mitinqini müxalifətə və ictimai fəallara qarşı yeni repressiya fürsətinə çevirib.

“Çox acınacaqlıdır ki, buna birbaşa ölkə prezidenti İlham Əliyev göstəriş verib. İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin videokonfrans formatında keçirdiyi iclasında həmin yürüş-mitinq barədə geniş danışaraq, aksiyanın sonlarında hakimiyyət orqanlarının hazırladığı şübhə doğurmayan təxribatın məsuliyyətini müxalifətin, konkret olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzərinə atıb. O, hüquq-mühafizə orqanlarına AXCP üzvlərinin hətta sosial şəbəkədəki fəaliyyətlərinə qədər araşdırma altına alınmasını göstəriş verib, Milli Şura və AXCP-nin ünvanına ağır ittihamlar səsləndirib, “satqınlar”, “yaramaz ünsürlər”, “Xalq Cəbhəsinin tör-töküntüləri” kimi aşağılayıcı və “Bunların dərsini vermişik, verəcəyik...”, “Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır…” kimi hədələyici ifadələr işlədib.

İlham Əliyevin bu direktiv-çıxışından dərhal sonra AXCP-nin 6 nəfər üzvü saxlanılaraq polis idarələrinə və bölmələrinə aparılıb. AXCP üzvlərindən başqa aksiyada iştirak etmiş çoxlu sayda sadə vətəndaş və bir neçə ictimai fəal da saxlanılıb. Saxlanılanlardan bəziləri sonradan sərbəst buraxılsa da, həbslər davam edir. Azərbaycan Baş Prokurorluğu yanında Ağır Cinayətlər üzrə İstintaq İdarəsində fktla bağlı cinayət işi başlanıb və saxlanılanlardan 2 nəfər AXCP fəalı haqqında artıq həbs-qətimkan tədbiri seçilib. Saxlanılanlardan daha neçə nəfərin, o cümlədən AXCP üzvlərinin barəsində həbs qərarının verilib-verilməyəcəyi hələ bəlli deyil,” Milli Şura bildirir.

Milli Şura təəssüflə xatırladır ki, bu, İlham Əliyevin Milli Şura və AXCP-yə qarşı ilk nifrət çıxışı deyil.

“Bu ilin 19 mart tarixindən bəri o, az qala hər çıxışında Milli Şuranın və Xalq Cəbhəsinin ünvanına eyni səpkidə aqressiya ifadə edir. Onun mart ayındakı nifrət çıxışından bəri 30 nəfərdən artıq jurnalist, ictimai və siyasi fəal inzibati qaydada həbs olunub, onlardan 22 nəfər AXCP üzvüdür,” bəyanatda deyilir.

Qısa tarixcə və rəsmi məlumat

İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan cəbhəsində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb. Çoxsaylı insan saxlanılıb.

Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətləri bildirib ki, iyulun 14-də Milli Məclisin qarşısında keçirlən aksiya zamanı baş vermis insident faktı üzrə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

“Təəssüflər olsun ki, dinc və vətənpərvər ruhda keçən aksiya zamanı bir qrup təxribatçı ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verib, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərib və zor tətbiq edib, nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərə ciddi ziyan vurulub. Polis əməkdaşları tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülmüş operativ tədbirlərlə ictimai asayiş bərpa edilib,” məlumatda qeyd edilir.

Milli Məclis Aparatının məlumatında deyilir ki, Milli Məclisin qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq parlamentin inzibati binasına daxil olub.

“Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, parlamentin mülkiyyətinə və inventarına ziyan vurub. Asayişi qoruyan polis əməkdaşları yürüş iştirakçılarını binanı tərk etməyə çağırıb və onlar Milli Məclisin binasından çıxarılıb,” məlumatda qeyd edilir.

Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin iclasında insidentin təşkilində Azərbaycan Xalq Cəbhəsi Partiyasını günahlandırıb.

“Bunlardır, bunlar idi Azərbaycan dövlətçiliyini yıxmaq istəyənlər. Biz bunların nazı iləmi oynayacağıq? Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır. Ona görə, bir daha demək istəyirəm, hüquq-mühafizə orqanları bu işlərlə məşğul olacaq. Onların bütün antidövlət çıxışları, çağırışları təhlil ediləcək. Əgər orada cinayət tərkibi varsa, onlar dərhal cinayət məsuliyyətinə cəlb edilməlidir. Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər,” prezident qeyd edib

AXCP isə yürüşün təşkilatçısı olmadığını bildirib.

"Ötən gün keçirilən yürüşün təşkilatçısı Milli Şura, AXCP olmasa da, bütün aqressiyanın bu düşərgəyə yönəlməsi, hökumətin əsas məqsədindən xəbər verir. Bir daha aydın olur ki, İlham Əliyev əsgər və zabitlərimizi şəhid edən düşmənlə deyil, müxalifətlə müharibəni prioritet hesab edir. Faktiki olaraq İlham Əliyev növbəti repressiyalara göstəriş verdi və bütün qurumları AXCP-yə qarşı amansız mübarizəyə səslədi. Deməli, məqsəd erməniləri yox, real müxalifəti sıradan çıxarmaqdı. Ölkəyə rəhbərlik edən şəxs belə bir vaxtda ölkə və dünya ictimaiyyətinə həmrəylik mesajı vermək əvəzinə, qisasçılıq mesajı verdi. Ölkə başçısına yaraşmayan leksikon sərgilədi, rəqiblərini təhqir etdi, heç bir dəlil-sübut olmadığı halda təxribatda suçladı, cinayətkar adlandırdı," AXCP-nin bəyanatında deyilir.

AXCP-nin 17 fəalı saxlanılıb

Milli Məclisin qarşısında keçirlən aksiya zamanı baş vermis insidentlə bağlı bu günədək 7 nəfərə, o cümlədən AXCP fəalları Asif Yusifli, Seymur Əhmədova qarşı Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilib.

Yerli medianın məlumatına görə, həbs edilənlər arasında Naxçıvanın keçmiş daxili işlər naziri Səyavuş Mustayavev də var.

AXCP sədrinin müavini Seymur Həzi bildirib ki, AXCP fəallarının saxlanılması davam edir. İnidiyədək 17 AXCP fəalı polis tərəfindən saxlanılıb.

“Bu gün, iyulun 20-də 6 AXCP fəalı, - Rəyasət Heyətinin üzvü Ayaz Məhərrəmli, AXCP Ali Məclis üzvü Nicat Abdullazadə, Xətai rayon şöbəsinin fəalları Süleyman Məhərrəmli, Mahir Namazov, Arif Nağıbəyli, Nəsimi rayon şöbəsinin fəalları Ceyhun Novruzov və Baba Süleyman saxlanılıb. Onlar Baş Prokurorluğun İstintaq İdarəsinə aparılıb,” o Amerikanın Səsinə deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG