Accessibility links

Milli fəala qarşı əlavə ittihamlar irəli sürülüb


Əli Əzizi

İran məhkəməsi tərəfindən urmiyəli milli fəal Əli Əziziyə qarşı irəli sürülən ittihamlara bir ittiham daha əlavə olunub və onun müvəqqəti zamanə buraxılması üçün təyin edilən pulun məbləği də artırılıb.

İranda insan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı xəbərə əsasən, milli fəal Əli Əzizi iyulun 9-da Təbrizin inqilab məhkəməsinin 16-ci istintaq şöbəsinə getdiyi zaman ona qarşı sürülən ittihamların və zaman qarşılığında təyin olunan məbləğin artdığından xəbərdar olub.

Milli fəal daha öncə vəkilinə bildirilən çağırış əsasında Təbriz inqilab məhkəməsinə gedib, lakin orada ikən “internetdə yalan məlumat yayma” ittihamı səbəbilə dindirilib və müvəqqəti zaminə buraxılması üçün təyin olunan 500 milyon tümənin 650 milyon tümənə artırlıdığını öyrənib.

Milli fəal Əli Əzizi üçün daha öncə məhkəmə tərəfindən “sistemə qarşı təbliğat aparmaq” və “GAMAC adlı təşkilata üzv olmaq” ittihamları irəli sürülmüşdü. Əli Əzizi isə məhkəmədə ona qarşı irəli sürülən bütün ittihamları rəd edib.

Əli Əzizi fevralın 4-də Urmiyədə təhlükəsiz qüvvələri tərəfindən saxlanılıb və 3 gün sonra ailə ilə keçirdiyi qısa telefon danışığın zamanı Təbriz Ettelaat İdarəsinin nəzarət mərkəzinə köçürüldüyünü bildirib.

Daha sonra Əzizi martın 2-də Təbriz həbsxanasına köçürülüb. Təhlükəsizlik qüvvələrinin mart 26-da milli fəalın sərbəst buraxılmasına maneələr törətməsindən sonra o, 500 milyon tümən müqabilində zaminə buraxılıb.

Əli Əzizi keçən ilin noyabrında İranda baş verən kütləvi etirazlar zamanı həbs edilərək mühakimə edilmişdi. 20 şallaq və pul cəzasına məhkum olunan milli fəalın hökmü Elyar Hüseynzadəyə ilə bərabər iyunun 8-də Urmiyədə icra edilib.

Milli fəal 2020-ci ilin mart ayında həbsdə olduğu üçün ona qarşı hökm qiyabi olaraq keçirilən məhkəmə tərəfindən çıxarılmışdı. Bundan əlavə Əli Əzizi daha öncə də iki milli fəalla birlikdə 2019-cu ilin avqustunda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib, 27 gün təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanıldıqdan sonra müvəqqəti zaminə buraxılmışdı.

İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri iyunun 1-də noyabr etirazları zamanı 230 etirazçının aksiyalarda həyatını itirdiyini və 2000 nəfərdən çox vətəndaşın yaralandığını təsdiqləyib. Ancaq Amnesty International təşkilatı azı 304 nəfərin öldüyünü, Reuters agentliyi isə 1500 nəfərin iki həftəlik etirazlar zamanı öldürüldüyünü bildirib. İranda keçən ilin noyabrında benzinin qiymətinin 3 dəfə artmasından sonra kütləvi etirazlar baş tutmuştu.

Şərhlərə bax

XS
SM
MD
LG