Accessibility links

ABŞ-ın Milli Kəşfiyyat Agentliyinin direktoru istefa verib


Milli Kəşfiyyat Agentliyinin direktoru Den Kouts

ABŞ prezidenti Donald Tramp Milli Kəşfiyyat Agentliyinin direktoru Den Koutsun vəzifədə iki il qaldıqdan sonra istefa verdiyini elan edib. Bu vəzifədə olduğu müddətdə Kouts və Ağ Ev arasında kəşfiyyat siyasəti ilə bağlı kəskin fikir ayrılıqları müşahidə edilirdi. Den Kouts istefa məktubunu prezident Trampa bazar günü təqdim edib.

Tramp Twitter səhifəsində yazdığı mesajında Koutsun avqustun 15-də vəzifəsini tərk edəcəyini elan edib və ona göstərdiyi xidmətə görə təşəkkürünü bildirib. O, Milli Kəşfiyyat Agentliyinin direktoru vəzifəsinə Texas ştatından respublikaçı konqresmen və Trampa loyal olan Con Ratkliffin nominasiyasını irəli sürəcəyini deyib.

Tramp Ratkliffi ABŞ-ın “çox hörmətli” keçmiş vəkili kimi təsvir edib.

Texas ştatından respublikaçı konqresmen Con Ratkliff
Texas ştatından respublikaçı konqresmen Con Ratkliff

Con Ratkliff keçən həftə ABŞ-ın keçmiş xüsusi prokuroru Robert Müllerin Konqresin Nümayəndələr Palatasının Ədliyyə komitəsi qarşısında ifadə verməsini qınayıb.

O, Müllerin Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxilə səylərinin “geniş və sistematik” olduğu ilə bağlı dedikləri ilə razılaşdığını deyib. Lakin o, Müllerin Trampın ədalət mühakiməsinə mane olub-olmadığı məsələsində bəraət almadığı ilə bağlı fikirlərini tənqidə məruz qoyub.

ABŞ-ın keçmiş xüsusi prokuroru Robert Müller Konqresin Nümayəndələr Palatasının Ədliyyə komitəsi qarşısında ifadə verir, 24 iyul, 2019.
ABŞ-ın keçmiş xüsusi prokuroru Robert Müller Konqresin Nümayəndələr Palatasının Ədliyyə komitəsi qarşısında ifadə verir, 24 iyul, 2019.

Prezident Tramp ABŞ hərbi qüvvələri və mülki kəşfiyyat agentliklərinə, xüsusilə də ABŞ-ın kəşfiyyat agentliklərinin Rusiyanın 2016-cı ildə prezident seçkilərinə müdaxiləsinə dair heç bir şübhənin olmadığı haqda nəticə çıxarmasından sonra çox vaxt tənqidi yanaşma nümayiş etdirib.

Den Kouts ABŞ-ın Milli Kəşfiyyat Agentliyinin direktoru vəzifəsinə 2017-ci ilin mart ayında başlamışdı. Onunla Tramp arasında bir sıra məsələlər, o cümlədən, Birləşmiş Ştatların Rusiya, Şimali Koreyanın nüvə proqramı və İranın 2015-ci il nüvə razılaşmasının şərtlərinə əməl edib-etmədiyi kimi kəşfiyyat siyasətinə dair önəmli məsələlərdə fikir ayrılıqları mövcud idi.

Tramp 2018-ci ildə İranla dünya qüdrətləri arasında Tehranın nüvə proqramının məhdudlaşdırılması müqabilində iqtisadi sanksiyaların aradan qaldırılmasını nəzərdə tutan razılaşmadan çıxıb.

XS
SM
MD
LG