Accessibility links

Milli Məclis polisi döyən deputatın toxunulmazlığına xitam verilməsi məsələsinə baxacaq


Eldəniz Səlimov
Eldəniz Səlimov

Milli Məclis avqustun 3-də növbədənkənar sessiyasında polisi döyən deputatın məsələsinə baxacaq. Artıq Baş prokuror Kamran Əliyev deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə təqdimat göndərib.

Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatına görə, iyulun 29-da Xaçmaz şəhərində (Bakıdan 168 kilometr şimal) yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Amerikanın Səsinə bildiriblər ki, insident deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində gecə saat 12-dən sonra qeydə alınıb.

“Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə toplanmış materiallar araşdırılması üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib,” Mətbuat Xidmətinin əməkdaşı qeyd edib.

Yerli mənbələrin məlumatına görə, deputat sərxoş olub və Xaçmaz Rayon Polis Şöbəsinin polis əməkdaşı Zaur Mirzəyevə xəsarət yetirib.

Milli Məclisin İntizam Komissiyasının sədr müavini Fəzail Ağamalı Amerikanın Səsinə deyib ki, deputatın hərəkəti ilk olaraq Milli Məclisin İntizam Komissiyasında müzakirə ediləcək.

Deputat Eldəniz Səlimov və onun köməkçisi Kamal Laçınovun telefonları söndürülüb. Deputatın ailə üzvləri də baş verən insidentlə bağlı hələ şərh verməyib.

Eldəniz Səlimov Milli Məclisə Seçkilər üzrə 55 saylı Xaçmaz şəhər Seçki Dairəsindən deputat seçilib. O iqtidarda olan Yeni Azərbaycan Partiyasının üzvüdür.

XS
SM
MD
LG