Accessibility links

Milli Məclis: Qeyri-adi bir şey axtarmağın heç bir əsası yoxdur


Milli Məclis

“Milli Məclis həmişə olduğu kimi normal iş qaydasında fəaliyyət göstərir. Milli Məclisin iyulun 15-dək keçiriləcək iclaslarında qeyri-adi bir şey axtarmağın heç bir əsası yoxdur.”

Milli Məclisin mətbuat xidməti bu sözlərlə bəzi KİV-lərdə Milli Məclisin təcili növbədənkənar sessiyasının çağırılması, parlamentin buraxılacağı və növbədənkənar parlament seçkiləri keçiriləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Mətbuat xidməti bildirir ki, bəzi KİV-lərdə Milli Məclisin iyul ayında təcili növbədənkənar sessiyasının çağırılması ilə bağlı yanlış xəbərlər yayılıb.

"Bildiririk ki, hər il yaz sessiyası bitdikdən sonra Milli Məclisin qanunverici işlər planında olan və qanunverici təşəbbüsü subyektləri tərəfindən təqdim edilən qanun layihələrinin müzakirəsi üçün yay aylarında növbədənkənar sessiya çağırılır. Həmin növbədənkənar sessiya maksimum iyul ayının 15-dək - Milli Məclisin tətilə çıxdığı müddətədək davam oluna bilər. Bu il də hər il olduğu kimi Milli Məclisin növbədənkənar sessiyası çağırılıb. Həmin sessiyanın iclaslarının gündəliyinə daxil olan qanun layihələri üç oxunuşdan keçməlidir.”

Mətbuat xidməti bildirir ki, növbədənkənar sessiyanın növbəti iclaslarının iyulun 9-da və 12-də keçirilməsi nəzərdə tutulur.

Bu günlərdə Azərbaycanın yerli mediasında, sosial şəbəkələrdə Azərbaycanda parlament seçkilərinin keçirilə biləcəyi barədə məlumatlar yer alıb.

Azərbaycan Milli Məclisinə son seçkilər 2015-ci il noyabrın 1-də keçirilib. Növbəti parlament seçkiləri 2020-ci ildə olacaq.



XS
SM
MD
LG