Accessibility links

Milli Platforma: Hakimiyyəti müxaliflərə qarşı sui-istifadə praktikasını dayandırmağa və onları həbsdən azad etməyə çağırırıq


Biz, Avropa İttifaqı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının üzvləri hakimiyyətin müxalifət lideri (Musavat Partiyası və Milli Şuranın idarə Heytinin üzvü) Tofiq Yaqublunun xuliqanlıq və vətəndaş cəmiyyəti fəalı və jurnalist (Sumqayıt Gənclərinin Maarifləndirilməsi İctimai Birliyinin sədri), hüquq müdafiəçisi Elçin Məmmədin oğurluq cinayəti ittihamı ilə həbsini, hazırkı pandemiya bəhanəsilə karantin rejimini pozmaq ittihamı ilə siyasi və ictimai fəalların, jurnalistlərin İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (karantin rejimini pozmaq) ilə həbsini pisləyir və hakimiyyəti yaranmış yeni situasiyadan müxaliflərə qarşı sui-istifadə praktikasını dayandırmağa və onları azad etməyə çağırırıq.

Bu barədə Avropa İttifaqı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının üzvlərinin bəyanatında deyilir.

Sənəddə karantin dövründə həbsə məhkum edilən çoxsaylı ictimai-siyasi fəalın adları sadalanır və onların sayının hər gün artmaqda olduğu qeyd edilir.

Milli Platforma vurğulayır ki, Azərbaycan Avropa Şurasının üzvüdür və onun üzərinə hüquqi öhdəliklər qoyan bir sıra konvensiyalarını ratifikasiya edib.

Azərbaycanla Avropa İttifaqı arasında Strateji Tərəfdaşlıq Sazişi üzrə danışıqların mühüm bir komponenti kimi 2017-ci ilin payızından başlayaraq hər il Avropa İttifaqı-Azərbaycan arasında insan hüquqları üzrə dialoq keçirilir.

Milli Platforma dərin narahatlıqla bildirir ki, Azərbaycan hakimiyyətinin hazırkı situasiyadan tənqidçi kəsimi cəzalandırmaq üçün sui-istifadə etməsi onun Avropa Şurası üzvü kimi öhdəliklərinə ziddir, Avropa İttifaqı ilə imzalanacaq perspektiv Strateji Tərəfdaşlıq Sazişinə maneədir, Azərbaycan xalqı və vətəndaşının maraqlarına ziddir və Azərbaycanın siyasi mühiti, vətəndaş cəmiyyəti üçün arzuolunmaz mühit yaradır.

Milli Platformanın bəyanatı imzalamış üzvləri Azərbaycan hökumətini:

- Barəsində əsassız ittihamlarla cinayət işi açılmış müxalifət lideri, keçmiş siyasi məhbus Tofiq Yaqublu və hüquq müdafiəçisi, hepatit C xəstəsi Elçin Məmməd barəsində həbs qət-imkan tədbirinin dəyişdirərək azad etməyə və cinayət işinə xitam verməyə;

- Koronavirus pandemiyası ilə əlaqədar karantin müddətində inzibati qaydada həbs edilmiş jurnalist, siyasi və ictimai fəalların azad edilməsini və hazırkı çətin dönəmdə ölkədə həmrəylik mühitini təmin etməyə;

- Avropa Parlamentinin 17 janvar 2019-cu ildə 533 deputatın səsi ilə qəbul etdiyi “Azərbaycanda Mehman Hüseynovun işi” adlı qətnaməsində irəli sürdüyü çağırışlara əməl etməyə;

- Avropa Şurası Parlament Assambleyasının bu ilin Qış Sessiyasında qəbul etdiyi 2322 saylı qətnaməsində Azərbaycan hökumətinə çağırışının tələblərini yerinə yetirməyə və AŞPA-nın Azərbaycan üzrə həmməruzəçilərinin COVİD-19 ilə bağlı çağırışlarını nəzərə almağa;

- Siyasi zəmində jurnalistlərə, blogerlərə, insan hüquq müdafiəçilərinə, vətəndaş cəmiyyəti fəallarına və müxalif səslərə qarşı təqib və həbs praktikasına son qoymağa və ölkədə geniş etimad mühitini təmin etməyə;

- Vətəndaş cəmiyyətinin səmərəli fəaliyyətinin təmin edilməsi üçün 2014-cü ildən davam edən hüquqi və praktiki maneələri aradan qaldırmağa və vətəndaş cəmiyyəti ilə səmərəli əməkdaşlıq mühiti yaratmağa;

- BMT-nin İnsan Hüquqları Komitəsi, insan hüquq müdafiəçilərinin vəziyyəti üzrə Xüsusi Məruzəçi, Avropa Şurasıvə digər beynəlxalq qurumların ifadə azadlığı barəsində verdiyi tövsiyələri icra etmək üçün konkret və effektiv tədbirlər görməyə çağırır.

Milli Platforma bəyanatı imzalamış üzvləri Avropa İttifaqını:

- Avropa İttifaqı ilə Azərbaycan arasında keçirilən insan hüquqları dialoqunu vətəndaş cəmiyyətinin səmərəli iştirakı ilə intensivləşdirməyə;

- Avropa İttifaqı ilə Azərbaycan arasında davam edən Strateji Tərəfdaşlıq Sazişi üzrə danışıqlarda vətəndaş cəmiyyəti də daxil olmaqla, bütün maraqlı tərəflərin səmərəli iştirakını və prosesin şəffaflığını təmin etməyə;

- Avropa İttifaqı ilə Azərbaycanın həyata keçirdiyi Strateji Tərəfdaşlıq Sazişi üzrə danışıqların tez və səmərəli yekunlaşması yolunda maneələrdən biri olan mövcud siyasi məhbus probleminin Avropa İttifaqı ilə Azərbaycan arasında insan hüquqları dialoqunun növbəti mərhələsinədək sistemli və bridəfəlik həllinə nail olunması üçün Azərbaycan hökumətilə daha intensiv və səmərəli işçi təmasının qurulmasına çağırır.

Bəyanatı Milli Platformanın 28 üzvü imzalayıb.

Öz növbəsində, Azərbaycan hökuməti ölkədə bütün fundamental hüquqların tam bərpa edildiyini, insanların qanun qarşısında bərabər olduğunu bildirir. Rəsmi Bakı ölkədə siyasi məhbus olmadığını desə də, yerli hüquq müdaqfiəçiləri 130-dan çox insanı siyasi məhbus kimi tanıyıb.

XS
SM
MD
LG