Accessibility links

Milli Platforma: Jalə Bayramovaya qarşı zorakılıq göstərənlər cəzalandırılmalıdır


Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” proqramı üzrə Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə Milli Platforması fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində seçki komissiyasının üzvü Jalə Bayramovaya qarşı fiziki təzyiqi pisləyib.

Milli Platformanın bəyanatında xatırladılır ki, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin 4-cü kurs tələbəsi Jalə Bayramova Lənkəran rayonunun Şürük kəndində 76 saylı Lənkəran-Astara seçki dairəsinin 16 saylı məntəqə seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvü olub.

Bayramova məntəqədə baş verən qanun pozuntularının qeydə alınmasında prinsipiallıq göstərərkən fiziki təzyiqə məruz qalıb.

Sosial şəbəkələrdə yayılan videoçarxlarda deyilir ki, Bayramovaya qarşı hücumu Dairə Seçki Komissiyasının katibi Mübariz Əmirov təşkil edib. Zorakılığı isə nə seçici, nə komissiya üzvü və ya müşahidəçi statusu olmayan Azadə Kərimova səsvermə aparılan otaqda, məntəqə seçki komissiyasının üzvlərinin gözü qarşısında törədib. Bu hərəkətlər nəticəsində Bayramova fiziki xəsarət alıb.

“Jalə Bayramova zərərçəkən qismində yerli polis şöbəsinə müraciət etsə də, hələ də zəruri tədbirlər görülməyib. Milli Platforma Bayramovanın məruz qaldığı fiziki, mənəvi zorakılıq və digər qanunsuz hərəkətləri hərtərəfli, tam, dolğun və qərəzsiz araşdırmağa, bu hərəkətlərə hüquqi qiymət verməyə və təqsirkarları müəyyən edərək cəzalandırmağa çağırır, ədalətli mühakimə tələb edir,” qurumun bəyanatında deyilir.

Jalə Bayramova Demokratiya və Rifah Hərəkarının rəhbəri Qubad İbadoğlunun qızıdır.

Qubad İbadoğlu bildirir ki, hüquq-mühafizə orqanlarından gözləntilərimiz özünü doğrultmaqdadır, şikayəti "cinayət tərkibi" olmadığına görə bağlamaq istəyirlər.

“Lənkəranda olan tibbi ekspertizadan narazı qalan Jalə Bakıya qayıdandan sonra özəl hospitalda tibbi müayinədən keçmişdi, adı xəsarət kitabçasında qeyd olunmuş, ona xəstəlik vərəqi açılmışdı. Ertəsi gün baş həkim yuxarıların təzyiqi ilə Jalə haqqında bütün tibbi qeydlərin ləğvi göstərişini verdi və elə etdilər. Jaləyə sənə görə az qalmışdı ki, klinika bağlansın, bir də bura gəlmə dedilər, məcbur olduq onun müalıcəsini evdə davam etdirək.
İki gün əvvəl Daxili İşlər Nazirliyinin İctimai Asayişin Mühafizəsi İdarəsinə dəvət olunmuşdu. Vəkil Fariz Namazlı ilə bərabər getdi. DİN-dən dedilər ki, Lənkərana gedib tibb-ekspertizanın nəticəsi ilə tanış ola bilərsiniz. Jalə deyəndə ki, tibbi ekspertdən narazıdır, Bakıda da imkan vermədilər təkrar müayinədən keçək, sonradan məlum oldu ki, özəl hospitala yenidən göstəriş gedib ki, heç bir xəsarət olmayan arayış yazıb Lənkərana göndərilsin. Onlar da elə ediblər.

Nə isə Jalə bu gün əmisi ilə bərabər Lənkəranda olub, təhqiqatçı Ayxan Ağalı ilə görüşüb, məlum olub ki, ona hadisə baş verən günü bura niyə gəlmisən, burda sənin nə işin var ki, başına da belə oyun gəlsin deyərək dərs keçmiş tibbi ekspert heç bir xəsarətin olmadığına rəy verib. Təhqiqatçı təklif edib ki, əgər narazılığınız varsa gedin Semaşko xəstəxanasından təkrar ekspertizadan keçin. Əks təqdirdə biz bu günlərdə sənədləri prokurorluğa göndərəcəyik, onlar qərar verəcək ki, cinayət işi açılsın, yoxsa yox. Böyük ehtimalla da prokurorluq işi bağlayacaq. Bu da hüquqi dövlət!.
Hadisədən 11 gün keçib, Bakıda 1 həftə əvvəl özəl hospitalda ekpertizanın nəticələrini ləğv etdirən hüquq-mühafizə orqanları 11 gündən sonra Jalənin ekspertizası üçün problem görmür. Hər şey planlı və məqsədli şəkildə bu işin bağlanmasına, daha bir cinayətin ört-basdır edilməsinə yönəldilib. Bundan böyük rəzalət ola bilməz. Jalənin döyülməsi videosuna baxanların hamısını riqqətə gətirib hiddətləndirdi, hətta bəzilərinin oradakı şiddəti görəndən sonra təzyiqi, şəkəri qalxıb, anası və nənəsi hələ də şökdadır. Hələ təqdim olunan videolar döyülmə prosesinin bir hissəsini əks etdirir. Jalənin və ailəsinin, cəmiyyətin aldığı psixoloji zədələr uzun müddət sağalmayacaq,” Qubad İbadoğlu Facebook səhifəsində yazıb.

Öz növbəsində, Lənkəran rayon Polis Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, 16 saylı məntəqə seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvü olan Jalə Bayramovanın şikayəti ilə bağlı hələ cinayət işi başlanmayıb. Sənədlər toplanıb, Bayramova yenidən tibbi ekspertizadan keçməlidir.

Bununla yaanaşı şikayəti təhqiq edən təhqiqatçı Ayxan Ağalı məlumat verməkdən imtina edib.

XS
SM
MD
LG